Son aylarda xaricdən idarə olunan elektron yayım vasitələrində, sosial şəbəkədə və “qara piar” ruporu kimi ortaya atılmış efir yayımlarında Azərbaycana, onun rəhbərliyinə qarşı yönəldilmiş, ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlərin gözdən salınmasını hədəfə almış yalan, şər kampaniyasından dərin narahatlıq keçirən tanınmış ziyalılarımızdan biri – Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca fikirlərini qəzetimiz vasitəsi ilə xalqımıza çatdırmağı xahiş etdi:
– Bu il həyatımızda unudulmaz bir hadisə baş verdi: qədimdən-qədim dövlətçilik tariximizdə itirilmiş müstəqilliyimizin bərpa edilməsinin 100 illiyini ellikcə, dünyada yaşayan soydaşlarımızla və dostlarımızla birlikdə təntənə ilə qeyd etdik. Belə bir tarixi ildönümünə şahid olmaq hər azərbaycanlı üçün böyük xoşbəxlikdir. Çünki söhbət xalqın tarixi taleyini həll edən bir məsələdən – öz haqlarına və sərvətlərinə sahib olub azad, istədiyin kimi yaşamaqdan gedir. Azərbaycan Xalq Cümhuriyyətini quran o böyük insanlar da öz xalqını azadlıq, müstəqillik yoluna çıxartmışdılar.
Yubileylə bağlı mətbuatda, teleradioda verilən sənədli materiallar bu böyük tarix barədə bildiklərimizin çevrəsini xeyli genişləndirdi. Bir əsr əvvəl baş verənlərin incəliklərindən xəbərdar olduqca AXC-ni bir yoxdan yaradanlara sevgimiz daha da artdı, düşmənlərə bələdçilik edib, qulluq göstərib milli hakimiyyəti yıxanlara isə nifrətimiz o qədər artdı. Axı necə ola bilər ki, sən öz azadlığını, xalqının müstəqil yaşamasını istəməyib, boynuna köləlik zənciri keçirəsən, özgələrə nökərçilik yolu tutasan? Təəssüf ki, tarixin bütün dövrlərində, xalqlarda belə satqınlar olub və bu gün də var.
Sözünə davam edən Xalq şairi daha sonra bildirdi ki, tarixin bir amansız gedişi var: böyük dövlətlər, güclülər kiçik ölkələri, zəifləri əsarətdə saxlamağa, onun haqlarını, sərvətlərini ələ keçirməyə çalışır. Bizə münasibətdə çar Rusiyası da belə olmuşdu, cildini dəyişmiş sovet imperiyası da. Lakin tarix sonda ədələti, tarazlığı da yerbəyer edir. Ona görə də 1918-ci ildə yaranmış tarixi fürsətdə dövlət müstəqilliyini bərpa edən xalqımız 1991-ci ildə məqamı yetişəndə yenidən o böyük yola qayıtdı, endirilmiş dövlət bayrağını bir daha ucaltdı.
Dostlarımız yenidən azadlığımızı qazanmağımıza sevinib dəstəyini göstərdiyi kimi, düşmənlərimiz də işlərimizi pozub müstəqilliyimizi gözdən salmaq, Azərbaycanı sözəbaxan, oyuncaq bir dövlət halına gətirmək istəyir. Bunun üçün onlar hər üsula əl atırlar, lakin xalqla hakimiyyətin birliyi, müstəqilliyimizi möhkəmlədirib daha da qüdrətləndirmək əzmi onların niyyətlərini gözlərində qoyur.
Bu narahatlıq doğuran məsələnin üzərində ayrıca dayanan Fikrət Qoca bildirdi:
– Düşmənlərimiz bütün uğurlarımızın təməlində dayanan milli birliymizi pozmaq, xalqı çaşdırıb qarışıqlıq yaratmaq üçün öz xalqına dönük çıxanları, siyasət dəllallarını və kimliyi bəlli olmayan təsadüfi adamları ortaya atır. Son aylarda xaricdən idarə olunan bəzi elektron media yayımlarında, “sosial şəbəkə” deyilən qeybət, dedi-qodu vasitələrində, məramı bəlli olmayan əldədüzəltmə televiziya kanallarında milli satqınların dili ilə ölkəmizə, onun rəhbrliyinə, qazanılmış uğurlarımıza qarayaxma kampaniyalarına rəvac verilməsində məqsəd Azərbaycanı, nəyin bahasına olur-olsun, xaos, qarşıdurma meydanına çəkməkdir.
İyulun əvvəllərində müstəqillik və milli qeyrət qalamız Gəncədə törədilən siyasi terror və pozuculuq aksiyasına cəhd bunu bir daha sübut etdi. Bu dəfə də niyyəti gözündə qalan düşmən dairələr, təəssüf ki, ölkəmizə qarşı böhtan, yalan, qərəz kampaniyasını davam etdirir. Statusu bəlli olmayan yayım vasitələrində xalq adından danışmağa heç bir səlahiyyəti olmayan zavallı adamları, muzdlu söz pəhləvanlarını öz xalqının, dövlətinin üstünə qısqırdırlar.
Söhbətimin əvvəlində bir əsr əvvəl AXC-nin milli dönüklərin əli ilə süquta uğradılmasına təsadüfi toxunmadım. Lakin köhnə ssenariləri işə salanlar bilməlidirlər ki, onların saxta canıyananlığının, məkrli haqq davası təbliğatının arxasında müstəqilliyimizi heçə endirmək siyasətinin dayandığını xalqımız gözəl və birdəfəlik anlayıb.
Xalqımıza demək istəyirəm ki, düşmən heç vaxt bəd niyyətlərindən əl çəkməyəcək. Artıq dövr-zaman dəyişdiyindən açıq düşmənçilik etmək də çətindir. Ona görə də Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəməyənlər, ölkəmizin güclənməsini təhlükə hesab edənlər nədənsə, kimdənsə incik olanları qızışdırıb milli varlığının düşməninə çevirirlər. Siyasət dəllalarının məqsədi isə rəhmətlik Sabir demiş, məlumdur: “Millət necə tarac olur-olsun, nə işim var... Qoy mən tox olum, özgələr ilə nədi karım”. Belə milli dönüklərin xəyanətkarlığını xalq həmişə lənətlə damğalayır.
Açıqlamasının sonunda milli varlığımıza dərin sevgi ilə aşılanmış məfkurəvi poeziyası ilə həmişə xalqımızın könül sazını dilləndirmiş Xalq şairi Fikrət Qoca bir daha vurğuladı:
– Mən xalqımızın zəkasına, düzü əyridən seçmək bacarığına inandığımdan əminəm ki, düşmən dairələrin növbəti araqarışdırma kampaniyası da qara yel kimi başımız üstündən ötüb keçəcək. Həmişə olduğu kimi, bu dəfə də doğru, haqq, ədalət qılınc kimi sıyrılıb yalanı, məkri, haqsızlığı doğrayacaq. Bunu Azərbaycanın müstəqilliyinin dönməzliyi məntiqi diktə edir.
Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.