Nəqliyyat sektoru da əldə olunan gəlirlə işləməlidir

Tarif (qiymət) Şurasının iyulun 30-da təsdiqlədiyi yeni qiymətlər ictimaiyyətdə geniş müzakirə mövzusudur. Bildiyimiz kimi, 2015–2017- ci illərdə yanacağın qiymətində artım baş vermişdi. Bu, devalvasiyadan sonra baş verən proseslər idi. Təbii ki, nəqliyyat sahəsində qiymət artımı gözlənilən idi, lakin bu, baş vermədi. Uzun müddətdir bununla bağlı müzakirələr aparılırdı və bu məsələ gündəmdə saxlanılırdı. 
 
Bununla yanaşı Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən marşrut avtobusları rentabelli işləmədiyinə görə sahibkarlar nəqliyyat parkını yeniləyə bilmirdilər. Bu da insanların narazılığına səbəb olurdu. Həmçinin, uzun illərdir “Bakı Metropoliteni” subsidiya ilə işləyir. Düzdür, dünyanın heç bir ölkəsində metro rentabelli işləmir, dövlət tərəfindən buna dəstək göstərilir. Uzun illərdir ki, Azərbaycanda metropolitenin fəaliyyəti dövlət tərəfindən ayrılan subsidiya hesabına həyata keçirilir. Bununla yanaşı, metropoliten infrasturukturu genişlənir, oraya böyük məbləğdə sərmayə yatırılır, yeni qatarlar alınır. Bunun üçün də lazım olan böyük miqdarda vəsait dövlət hesabına təmin edilir. Dövlətin bu yükü daşımağa gücü çatsa da, müəyyən xidmətlər var ki, onlar əldə olunan gəlir hesabına da təmin edilə bilər. 
Burada bir məsələni vurğulayım ki, qiymət artımından əldə olunan vəsaitin müəyyən hissəsi nəqliyyat sahəsində infrastrukturun yenilənməsinə yönələcək və bu da həmin sahədə müsbət dəyişikliklərə səbəb olacaq. Nəticədə bu, xidmətin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Bu zaman vətəndaş ödədiyi artıq pulun qarşılığında yüksək xidmətdən yararlana biləcək. Yüksək keyfiyyət müqabilində müəyyən qədər xərc çəkmək mümkündür. Düşünürəm ki, belə də olacaq. Artan qiymət infrastruktur yenilənməsi, keyfiyyət artımına yönələcək və bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanacaq. 
Bir məsələni də bildirim ki, qiymət artımı alternativ marşrut xətlərinin qurulmasına şərait yaradacaq. Məsələn, mərkəzlə ətraf qəsəbələri əlaqələndirən sürət qatarları şəbəkəsinin qurulması. Hərcənd ki, bu sahənin inkişaf etdirilməsi hazırda gündəmdədir. Qeyd edim ki, Bakı ilə Sumqayıt arasında sürət qatarı fəaliyyət göstərir. Məsafə nöqteyi nəzərindən sürət qatarında qiymətlər aşağıdır. İnsanlar böyük məmnuniyyətlə istifadə edə bilərlər. Belə olduğu halda, bu, onların məsrəflərinin azalmasına gətirib çıxardır. Ümid edirəm ki, bu qiymət artımı keyfiyyətin daha da artmasına gətirib çıxaracaq və insanların ixtiyarına alternativ xidmətlər veriləcək. Bir şeyi də qeyd edim ki, Xarici ölkələrdə insanlara güzəştli paketlər təklif olunur. Məsələn, tələbələr, əlillər və aztəminatlı ailələrin nümayəndələri üçün gediş haqlarında güzəştlər tətbiq olunur. Bu məsələ də gündəmdə saxlanıla bilər. Qiymət artımı baş verir, lakin əhalinin müəyyən təbəqəsi üçün güzəştlər olur. Bu ideyalar amartizator rolunu oynaya bilər.
 Azər Allahverənov,
yol-nəqliyyat eksperti

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında