Beynəlxalq təşkilatlar Azərbaycanın inkişafını yüksək qiymətləndirirlər

Dünyanı maliyyə və iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycan inkişaf tempini qoruyub saxlayır, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, əməkhaqlarının artırılması, iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atır. Artıq hər il pensiyaların artırılması  ənənə halını alıb. Son illər reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələr Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirdi, yeni iş yerləri açıldı və iqtisadi qüdrətimizin artırılmasında böyük rol oynadı. 
 
Hazırkı çətin və mürəkkəb dövrdə ölkəmizin iqtisadi qüdrətinin daha da artırılması istiqamətində atdığı inamlı addımlar dünyanın tanınmış təşkilatları tərəfindən də yüksək dəyərləndirilir. Son günlər həmin təşkilatların yaydıqları hesabatlar da bunu təsdiqləyir. Məsələn, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında açıqladığı  əməkhaqqı reytinqinin  nəticələrinə əsasən, Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə yer alıb. 
"Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+/V" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Həmin təşkilatın proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. 
"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi  də  Azərbaycandakı sosial və siyasi sabitliklə bağlı maraqlı proqnoz açıqlayıb. Hesabatda qeyd  olunur ki, Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək. Trend-in məlumatına görə, bu proqnoz "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi tərəfindən təqdim edilib. "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib.
Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq.
Göründüyü kimi, dünya ölkələrində iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycan iqtisadi qüdrətini artırır, yeni iş yerləri yaradılır, əhalinin həyat səviyyəsinin daha da  yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atılır. Bütün bunlar bir daha təsdiqləyir ki, dövlətimizin başçısı tərəfindən düşünülmüş şəkildə həyata keçirilən siyasi və iqtisadi strategiya respublikamızın dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir və Azərbaycan inkişaf etmiş dövlətlər sırasına qoşulur.
Sədaqət VƏLİYEVA, 
Milli Məclisin deputatı,
 YAP Nizami rayon təşkilatının sədri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında