Mais SƏFƏRLİ: İcazəsiz mitinq keçirənlər Vətənə, xalqa, millətə xəyanət etməklə pul qazanır, gündəmə gəlmək istəyirlər
Müsahibimiz Yurddaş Partiyasının sədri Mais Səfərlidir.
- Mais bəy, rəhbərlik etdiyiniz siyasi partiyanın son dövrlərdəki fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik.
- Yurddaş Partiyası hazırda öz fəaliyyətini geniş miqyasda davam etdirir. Partiyamızı digər siyasi təşkilatlardan fərqləndirən bir cəhət var. Bu da ondan irəli gəlir ki, biz Azərbaycandan kənarda yaşayan həmvətənlərimizlə əlaqə qurmaq, onların hüquqlarını qorumaq, onların yaşadıqları ölkələrdə yadlaşmaması üçün müəyyən tədbirlər həyata keçiririk. Həmçinin ana dilimizin, mədəniyyətimizin, incəsənətimizin inkişafı və daha geniş şəkildə təbliği də qarşıya qoyduğumuz əsas məqsədlərdəndir. Bununla əlaqədar olaraq tez-tez müxtəlif xarici ölkələrdə oluruq, diaspor təşkilatları ilə, Azərbaycan-türk cəmiyyətləri ilə sıx əlaqələr qururuq. Ölkə daxilində də siyasi fəaliyyətimizi davam etdiririk. Radikallıqdan çox kənarıq, məsələlərə obyektiv münasibət bəsləyirik və Azərbaycanın inkişafını, beynəlxalq aləmə inteqrasiyasını yüksək qiymətləndiririk. Həm daxili, həm də xarici siyasətdə qazanılan uğurlar bizim də partiyamızın üzvlərini sevindirir. Hamıya yaxşı məlumdur ki, Azərbaycan son illər sürətli iqtisadi inkişaf yoluna qədəm qoyub. Bunu qiymətləndirməmək nankorluqdur. Bu, bir həqiqətdir ki, ölkəmizin tərəqqisində, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşdırılmasında, işsizlik probleminin aradan qaldırılmasında Prezident İlham Əliyevin böyük əməyi var. Bunu etiraf etməmək qeyri-mümkündür. Partiyamız normal fəaliyyət göstərir, hadisələrə obyektiv yanaşır.
- Mən sizi həmişə müxalifətdə görmüşəm. Hətta 2003-cü ildə keçirilən prezident seçkilərində də müxalifət blokunun namizədini dəstəkləyirdiniz.
- Bəli, tamamilə doğrudur. Mən müxalifətdə olmuşam. Ancaq digərləri kimi dövlətçiliyə, xalqıma, millətimə qarşı yox, hadisələrə obyektiv yanaşan, müxalifət olmuşam. 2003-cü ildə keçirilən prezident seçkilərində müxalifətin yaratdığı blokda bizim də partiyamız təmsil olunurdu və AMİP sədri Etibar Məmmədovun namizədliyini dəstəkləyirdik. Səsvermədən sonra şəxsən mən, partiyamızın müşahidəçiləri, seçki komissiyasının üzvləri şahidi olduq ki, seçicilərin böyük əksəriyyəti prezidentliyə namizəd İlham Əliyevə səs verib. Mən də bir partiya sədri kimi seçkinin obyektiv və demokratik şəraitdə keçirildiyini təsdiqlədim və cənab İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdim. Qeyd etdiyim kimi, biz hadisələrə obyektiv yanaşırıq. Qalibi təbrik etməyimiz də bunun nəticəsi idi. Bu, bir blokda olduğumuz müxalifət partiyalarının üzvlərini qane etmədi. Mən ağa qara deməli idim ki, onların ürəyincə olsun. Bu da partiyamızın mövqeyi ilə, tutduğu siyasi xətlə düz gəlmirdi. Bizim partiya üzvlərində cənab İlham Əliyevin qələbəsini təsdiqləyən kifayət qədər faktlar, yekun protokollarının surətləri var idi. Bu sənədləri indi tarixi fakt kimi saxlayırıq. Həmin protokolların əksəriyyətini hətta müxalifətdən olan seçki komissiyalarının üzvləri də imzalayıblar. Obyektiv gerçəkliyi inkar etmək nə siyasətə, nə mənəviyyata, nə də insanlığa uyğun gəlir. Ona görə də qalibi təbrik etdik. Sonradan gördük ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətinə başlayan kimi, ilk növbədə əhalini ən çox narahat edən problemlərin aradan qaldırılması ilə məşğul oldu. Çox qısa zamanda xalqın mütləq əksəriyyətinin dəstəyini qazandı, Azərbaycanın beynəlxalq aləmdəki əlaqələrinin daha da möhkəmləndirilməsinə nail oldu, əhalinin həyat səviyyəsi getdikcə yüksəldi. Bizim partiyamızın istədiyi də elə bu idi. Biz ölkədə aparılan quruculuq, abadlıq işlərinin geniş vüsət aldığını, işsizlik probleminin aradan qaldırıldığını, respublikanın beynəlxalq aləmə inteqrasiyasını gördükdən sonra Prezident İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiyimizi və dəstəklədiyimizi bəyan etdik. Azərbaycanın bugünü, dünya birliyindəki mövqeyi də təsdiqləyir ki, bizim partiyamızın seçdiyi yol düzgün yoldur. Çünki Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar Azərbaycanı daim irəliyə aparmış, əhalinin sosial-rifah halını yaxşılaşdırmış, bütün sahələr üzrə böyük uğurlar əldə olunmuşdur. Bu illər ərzində dövlət başçımızın Azərbaycan xalqı üçün, dövlətçiliyimizin inkişafı, dünya azərbaycanlılarının əlaqələrinin daha da möhkəmləndirilməsi naminə gördüyü işləri sadalamaqla qurtaran deyil. Bunları görməmək korluqdur.
- Bir halda ki, siz 2003-cü ildə keçirilmiş prezident seçkilərindən söhbət açdınız, mən də bir anlıq o dövrə qayıtmaq istərdim. Hələ seçkilər başa çatmamış, səsvermə bülletenləri sayılmamış, İsa Qəmbər özünü prezident elan etdi. Siz həmin hadisələrin şahidi kimi bu barədə nə deyə bilərsiniz?
- Hər şey yaxşı yadımdadır. Müxalifət bu seçkilərdə məğlub olmuşdu. Ancaq ictimai fikri çaşdırmaq üçün müxtəlif vasitələrə əl atırdılar. Artıq onlar öz məğlubiyyətlərini bilirdilər. Ona görə də müxalifətdən olan seçki komissiyasının üzvlərinə göstəriş verdilər ki, işinizi yarımçıq qoyun, protokolu imzalamayın və təcili olaraq qərargaha gəlin. Hələ seçki qutuları açılmamışdı, bülletenlər sayılmamışdı, kimin qalib olduğunu necə müəyyənləşdirmək olardı? Yalandan xəbər yaydılar ki, guya, İsa Qəmbər prezident seçilib. Bu xəbərin özü də müsavatçılar tərəfindən məqsədli şəkildə yayılmışdı. Bununla da özlərini gülünc vəziyyətə qoydular. Qutular açıldı, səslər aşkarlıq və obyektivlik şəraitində sayıldı və məlum oldu ki, cənab İlham Əliyev mütləq səs çoxluğu ilə qalib gəlib. Bunu seçki komissiyalarının üzvləri olan müxalifət nümayəndələri də təsdiqlədilər. Ona görə qətiyyətlə deyirəm ki, müsavatçıların İsa Qəmbərin qələbə qazanması barədə yaydıqları məlumat təxribat idi. Hadisələrin sonrakı gedişi də təsdiqlədi ki, İsa Qəmbər, Əli Kərimli və digərləri saxtakarlıq edirlər. Arxaları ilə gedən insanları da itirdilər. O vaxtdan başlayaraq bu günə qədər ətraflarındakı 5-10 nəfərlə ara qarışdırmaqla, su bulandırmaqla məşğuldurlar.
O vaxt Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün çoxlu sayda beynəlxalq müşahidəçilər gəlmişdilər. Bu müşahidəçilər dünyanın ən mötəbər beynəlxalq təşkilatlarını, inkişaf etmiş dövlətləri təmsil edirdilər. Onların verdikləri rəylərdə də müxalifətin məğlubiyyəti öz əksini tapmışdı. Müxalifətin ara qarışdırmaq, ictimai fikri çaşdırmaq cəhdləri iflasa uğradı. Çıxış yolunu iğtişaşlar törətməkdə, hakimiyyəti zorla ələ keçirməkdə gördülər və bu vandalizmə də getdilər. Bu da baş tutmadı.
- Sizin sözünüzdən belə çıxır ki, ara qarışdırmaq, iğtişaşlar törətmək, sabitliyi pozmaq radikal müxalifətin unuda bilmədiyi pis vərdişlərdən biridir. Aprelin 2-də icazəsiz mitinq keçirmək cəhdləri də bunu təsdiqləyir.
- Hər bir kəsə bəllidir ki, radikal müxalifət iflasa uğrayıb. Öz ölkəsinin uğurlarına sevinməyən, işi-peşəsi kimlərinsə çirkli pulları ilə Vətəninə, xalqına qara yaxmaq olan, ictimai-siyasi sabitliyi pozmağa vərdiş edənlər çətin ki bu adətlərindən əl çəksinlər. Bunun iki səbəbi var: birincisi bu yolla pul qazanırlar, ikincisi isə gündəmə gəlirlər. Görün, onlar nə qədər rəzildirlər ki, Vətənə, xalqa, millətə xəyanət etməklə pul qazanırlar, gündəmə gəlmək istəyirlər. Özləri də bu yolda ən çirkin vasitələrdən istifadə edirlər. Dünyanın bir sıra ölkələrində baş vermiş iğtişaşlar bu rəzilləri yenidən aldadıb. Onlar hələ də dərk etmirlər ki, ərəb ölkələrindəki ictimai-siyasi şərait Azərbaycandakından fərqlidir. Azərbaycanın müstəqillik tarixi 20 ildir. Görün, Azərbaycan bu illər ərzində nə qədər inkişaf edib? Azərbaycanda azad mətbuat, ədalətli və şəffaf seçkilər, demokratik institutlar, saysız-hesabsız mətbuat orqanları, qeyri-hökumət təşkilatları var. Bunların hamısı demokratiyanın göstəriciləridir.
Bu gün Azərbaycanda etiraz aksiyası keçirməyə ciddi əsas yoxdur. Görəsən, müxalifət nəyə etiraz edir? Müxalifət hakimiyyətdə olanda ölkədə kütləvi işsizlik hökm sürürdü. Ancaq son yeddi ildə - İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə 950 mindən çox yeni iş yeri yaradılıb. Neft strategiyası uğurla həyata keçirildikcə əldə olunan vəsait əsasən sosial problemlərin aradan qaldırılmasına və yeni iş yerlərinin yaradılmasına sərf olunur. Yoxsulluğun səviyyəsinin azaldılmasına görə Azərbaycan Şərqi Avropa dövlətləri səviyyəsindədir, MDB ölkələri arasında ən irəlidə olan dövlətdir. Bunamı etiraz edir radikal müxalifət?
Azərbaycan bu gün iqtisadi inkişaf tempinə görə öncül dövlətdir. Ötən illərdə dünyanı bürüyən qlobal maliyyə və iqtisadi böhran inkişaf etmiş dövlətləri silkələsə də, Azərbaycana onun təsiri hiss olunmadı. Əksinə, hər il ölkəmizin iqtisadi göstəricilərində irəliləyiş müşahidə olunur. ABŞ, Yaponiya, Almaniya, İtaliya, Fransa və digər inkişaf etmiş dövlətlər Azərbaycanla iqtisadi, siyasi və mədəni əlaqələr qurmaqda maraqlarını gizlətmirlər. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasi xəttinin uğurları deyilmi? Radikal müxalifət niyə bu həqiqəti dərk etmək istəmir? Əli Kərimli, İsa Qəmbər və digərləri ömürlərinin axırına qədər hakimiyyətdə olsaydılar, bu uğurların yüzdə birinin qazanılmasına nail olardılarmı? Əsla yox! Bunu onların özləri də çox yaxşı bilirlər.
Bu gün Azərbaycan Avropaya və dünya birliyinə sürətlə inteqrasiya edir. Bu, hamının gözləri qarşısındadır. İctimai Palata adlı qeyri-formal quruma toplaşanlar niyə unudurlar ki, bir vaxt silah tapıb əsgərlərimizə verə bilmirdik. 5-10 əsgərə bir silah düşürdü. Ermənilər bundan istifadə edib üstümüzə gəldilər. Amma bu gün vəziyyət necədir? Prezidentin təşəbbüsü və sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Milli ordumuz əsasən özümüzdə istehsal etdiyimiz silah-sursatla təmin olunub. Artıq dünya bazarına müxtəlif adda silahlar çıxarırıq. Vaxtilə səngərləri atıb qaçan, düşmən qarşısında davam gətirə bilməyən, vahid komandanlığı olmayan ordu bu gün regionda ən güclü ordudur. Milli Ordumuzun sorağı hazırda beynəlxalq koalisiya qüvvələrinin tərkibindən eşidilir. NATO kimi qüdrətli bir qurum Milli Ordumuzun döyüş hazırlığından razılıq edir. Bunamı etiraz edir radikal müxalifət? Yoxsa insanların günbəgün yaxşılaşan həyat tərzi, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması narahat edir bu "demokratları"? Nəyisə müqayisə etmək, təklif kimi irəli sürmək, polemika aparmaq olar. Ancaq Azərbaycanda adlarını müxalifət qoyanların icazəsiz mitinq keçirmələrinə heç bir əsas yoxdur.
- Mitinq keçirmək arzusunda olanlara müvafiq yer ayrılır, hətta onların təhlükəsizliyinin təmin olunacağına da zəmanət verilir. Ancaq AXCP və Müsavat Partiyasının üzvləri izacəsiz aksiyanın tərəfdarı olduqlarını bildirirlər. Sizcə, bunun səbəbi nədir?
- Mən qətiyyətlə deyirəm ki, İctimai Palatanın üzvləri heç vaxt mitinq üçün ayrılmış yerlərə getməyəcəklər. Çünki onlar həmin yerlərə getsələr, iç üzləri, sosial bazaları, sayları hamıya bəlli olacaq. Amma şəhərin gur yerlərində 30-40 nəfərlə qışqırıb-bağıranda orada istirahət edənlər də istər-istəməz tamaşaya duracaq. Maşallah, son vaxtlar şəhərimiz o qədər gözəlləşib, abadlaşıb ki, gəzintiyə, tamaşaya çıxanların sayı da günbəgün artır. Yersiz qışqırıb-bağıranlar özlərinin sayı qədər də xarici havalarlarının fotoqraflarını, videoçəkənlərini gətirirlər. Onlar parklarda, küçələrdə istirahət edənləri də çəkdirib deyirlər ki, bunlar da bizi dəstəkləyirlər. İcazəsiz aksiya iştirakçıları bununla da görüntü yaratmaq istəyirlər. Onlar bu gün sabun köpüyünə bənzəyir. Mənim onlara yazığım gəlir. Tövsiyə edirəm ki, ömürlərini qrantlarla, çirkli pullarla çürütməsinlər. Gec də olsa, xalq, Vətən, millət üçün fayda verə biləcək işlə məşğul olsunlar. Onların sabun köpüyünə bənzəyən hay-həşirləri Azərbaycanın və onun dövlət başçısının beynəlxalq aləmdə getdikcə artan nüfuzuna heç bir xələl gətirməyəcək, daha doğrusu, gətirə bilməyəcək.
{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.