“SOCAR Polymer” həm də dövlətimizin elm siyasətinin uğurudur

Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı barədə televiziya materialına baxarkən, dövlət başçımızın tarixi əhəmiyyət kəsb edən bir ifadəsi yadıma düşdü. Cənab Prezident AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində demişdi: “Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”. 
 
Həmin tezis, yəni, “dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilmək” çağırışı bugünkü Azərbaycan üçün nəinki aktualdır, həm də vacibdir. Fikrimizcə, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı və həmin tədbirdə ATƏT-ə sədrlik edən İtaliyanın Prezidenti Sercio Mattarellanın iştirakı bilavasitə Azərbaycanın dövlət maraqlarının yüksək səviyyədə təmin olunmasına xidmət edirdi. 
Bu gün dünya mətbuatında XXI əsri kosmos əsri, kibertexnika əsri, informasiya texnologiyaları əsri və başqa adlarla çağıranlar çoxdur. Ancaq dünya kimyaçıları həmin istiqamətlərin heç birini, zərrəcə olsa da, qısqanmırlar. Çünki kosmosun da, kiber texnologiyaların da, müasir silahların da, insan ağlına güvənən istənilən elm sahəsinin inkişafında kimya elminin xidmətləri böyük və danılmazdır. Dünya kimya elmi üzərində inkişaf edir, cəmiyyət kimya elminin nailiyyətləri əsasında irəli gedir və bu gün Sumqayıtın adını dünyanın ən yeni, ən müasir sənaye müəssisələrinə sahib olan şəhərlərin sırasına qatan polipropilen zavodu da məhz Azərbaycan elminin uğuru, ölkənin kimyaçılar ordusunun nailiyyətidir. 
Mənim yadımdadır, Prezident İlham Əliyev ölkəmizin ilk rabitə peykinin kosmosa göndərildiyi dəqiqələrdə məmnunluq nümayiş etdirərək Azərbaycan xalqını necə təbrik etmişdisə, Sumqayıt polipropilen zavodunun açılışında da həmin məmnunluğu göstərdi: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Sumqayıtda yeni böyük sənaye müəssisəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Dünya iqtisadiyyatındakı bir-birini əvəz edən proses və tendensiyaları nəzərə alan dövlət başçımız iqtisadiyyatla bağlı olan istənilən tədbirdə qeyd edir ki, biz idxaldan asılılığı aradan qaldırmalıyıq. Sumqayıtdakı açılış mərasimində isə dövlət başçımız artıq həmin tezisi vəzifə kimi deyil, qazanılmış uğur kimi dilə gətirdi: “Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır”.
Sonda xatırladaq ki, Prezident İlham Əliyevin Azərbaycan alimlərinin I Qurultayına ünvanladığı təbrik məktubunda belə ifadələr var idi: “İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məsələlərdəndir. Bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək, Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür”. 
Fikrimizcə, Sumqayıtda -- “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılması Azərbaycan elminin qarşısında duran yeni vəzifələrdən bir neçəsinin uğurla icra edilməsinin təsdiqidir. Əminik ki, həmin sənaye müəssisəsi ölkəmizə kifayət qədər iqtisadi səmərə gətirməklə yanaşı, Azərbaycan kimya elminin nüfuzunu da yüksəldəcək. 
Günel ƏMƏNULLAYEVA,
 kimya elmləri namizədi

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında