Ölkə iqtisadiyyatının möhtəşəm uğuru

“İllərlə arzusunda olduğumuz polipropilen istehsalı nəhayət işə salındı”. – Bu fikri ömrünün 50 ilini Sumqayıt kimya sənayesinin inkişafına həsr etmiş Zülfi Sadıxov deyib. İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənayesi parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilmiş polipropilen zavodunun açılışından sonra əməkdaşımıza müsahibə verən Zülfi Sadıxov bildirib ki, bu, son illərdə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin bariz nəticəsidir. Müsahibimiz daha sonra deyib:
 
– Fəxr edirəm ki, Azərbaycanın şanlı kimyaçılar ordusunun əsgəri olmuşam. Uzun illər Kimya Sənayesi Birliyinin 1-ci Sulfanol istehsalatına rəhbərlik etmişəm. Həmin dövrlərdə 300-ə qədər səmərələşdirici təklifin, 
5 texniki ixtiranın müəllifi olmuşam. Bir qrup həmkarımla bərabər Dövlət mükafatına layiq görülmüşəm. Amma etiraf edim ki, həmin vaxtlar kimya sənayesində texnologiya xeyli bəsit idi, istehsal prosesləri ekoloji təhlükə yaradırdı. İndi isə ən yüksək, modern texnologiyalara malik olan müəssisələr fəaliyyət göstərir. Elə yenicə işə salınan polipropilen zavodu müasir tariximizin ən böyük qeyri-neft sektoru zavodudur.
Dövlətimizin başçısı cənab İlham Əliyevin açılış mərasimindəki nitqi qəlbimi sonsuz iftixar hissi ilə döyündürdü. Möhtərəm Prezidentimiz dedi ki, bu zavod və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaq.
Məlum olduğu kimi, yeni zavodun tikintisini İtaliyanın məşhur “Maire Tecnimont” şirkəti təmin edib. Elə bu faktın özü bizim iqtisadi potensialımızın necə sürətlə artdığını göstərir. Yüksək texnologiya, ekoloji tarazlığın qorunması, yüzlərlə yeni iş yerinin yaradılması, idxaldan asılılığın tam aradan qaldırılması Azərbaycan dövlətinin uğurlu iqtisadi siyasətinin daha bir təntənəsidir.
Söhbəti qələmə aldı:
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında