Fazil MUSTAFA: Sosial şəbəkələrdə ölkəmiz əleyhinə aparılan kampaniya məkrli xarici qüvvələr tərəfindən həyata keçirilir

Azərbaycanın inkişafını, dünya birliyinə sürətli inteqrasiyasını gözü götürməyən qüvvələr zaman-zaman ölkəmizə qarşı böhtanlar, iftiralar yağdırır, sosial şəbəkələr, saxta profillər vasitəsilə hücuma keçərək, respublikamızın getdikcə artan reytinqini zəiflətməyə cəhd göstərirlər. Məkrli xarici qüvvələrin təlimatlandırdığı belə qüvvələr dövlətçiliyimizə zidd təbliğatlarını davam etdirir, bu yolda radikal dini qruplaşmaların əlində alətə çevrilmiş satqın və xain soydaşlarımızdan da istifadə edirlər.
 
Ölkəmizə qarşı hücüma keçmiş həmin saytlar Gəncə və Mingəçevir hadisələri zamanı daha da fəallaşaraq, qızışdırıcı xarakterli materiallarla iğtişaşa çağırış etdilər və hadisələrin Azərbaycan dövlətinin, dövlətçiliyinin maraqlarına zidd şəkildə təqdim olunmasına çalışdılar. Bütün bunlara baxmayaraq, Azərbaycanı hədəfə alan həmin saytlar öz xəbis niyyətlərinə nail ola bilmədilər.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa xarici ölkələrdən idarə olunan və radikal dini qruplaşmalar tərəfindən maliyyələşdirilən bir sıra saytların Azərbaycan əleyhinə fəaliyyəti haqda danışarkən bunları dedi:
– Azərbaycan əleyhinə fəaliyyət göstərən “nuraz.com”, “abna.com”, “aran.news”, “qafqaz.ir”, “rasthaber.com”, “ru-clip.ru” və digər saytların, demək olar ki, əksəriyyəti xaricdən maliyyələşir. Sözügedən saytlar açıq-aşkar Azərbaycan dövlətini, dövlətçiliyimizi və ölkənin ayrı-ayrı siyasətçilərini hədəfə alıblar. Diqqət etsəniz, şahid olarsınız ki, “nuraz.com”, “abna.com”, “aran.news”, “qafqaz.ir”, “rasthaber.com”, “ru-clip.ru” və digər bu yönümlü saytlar təxribat xarakterli materiallar dərc edirlər. Məsələn, “nuraz.com” saytında şəxsən mənim əleyhimə də təxribat xarakterli yazılar dərc olunub. Təbii ki, bunların hamısı məqsədyönlü şəkildə, qabaqcadan düşünülmüş formada, planlı şəkildə edilir. Məqsədləri də aydındır: son məsələlərlə bağlı prinsipial mövqeyimizi önləmək. Təbii ki, bu da bizim dövlət və milli maraqlarımıza ziddir. 
Partiya sədri dedi ki, sadalanan saytlardan əlavə, "İslamınsəsi”, yaxud da islam adı ilə təqdim olunan saytlar da loqolarına zahirən Azərbaycanın gerbini vursalar da, onlar birbaşa xarici ölkələrdən alınan təlimatlar əsasında fəaliyyət göstərirlər. Bu saytlarda yerləşdirilən yazılar daha çox Azərbaycanda dini qarşıdurmanın gücləndirilməsinə xidmət edir, hansısa bir cinahın, xüsusilə də qonşu ölkələrin maraqlarını təmsil edir: “Həmin saytlara qarşı müəyyən addımların atılması və tədbirlərin görülməsi çox vacibdir. Əslində, bu saytlara qarşı tədbir görməkdə bir qədər gecikmişik. Çünki onlar Azərbaycanda kifayət qədər təxribat xarakterli fəaliyyət göstəriblər və demək olar ki, kök salıblar. Ona görə də hesab edirəm ki, bu istiqamətdə daha prinsipial çalışmalara ehtiyac var. Təəssüf ki, bizdə buna ikinci dərəcəli məsələ kimi baxılır. Mənim qənaətimə görə, gələcəkdə bunun ağır nəticələrini görməmək üçün bu istiqamətdə ciddi düşünmək, müvafiq tədbirlər görmək, antiazərbaycan təbliğatının qarşısını almaq lazımdır”.
F.Mustafanın sözlərinə görə, bu saytların apardığı antiazərbaycan təbliğatı Azərbaycan ictimai rəyinə öz təsirini göstərir: “Hesab edirəm ki, bunu adi bir məsələ kimi qiymətləndirmək düzgün deyil. Çünki həmin təbliğat bilavasitə ictimai rəyə təsir göstərmək üçün düşünülüb və o saytların əsas xidməti də məhz buna yönəlib. Həmin saytlar Azərbaycandakı radikal dindarlarla birbaşa əlaqəlidir. Belə sosial şəbəkələr açıq şəkildə ölkəmiz əleyhinə fəaliyyət göstərirlər”. 
Deputat qeyd etdi ki, həmin qüvvələrin qapalı şəkildə fəaliyyət göstərənləri də var. Məsələn, "İslamınsəsi” və İslam adı ilə fəaliyyət göstərən saytları buna nümunə göstərmək olar: “Onlar guya bu təbliğatı Azərbaycan məkanında aparırlar. Ancaq bütün təxribatçı materiallar birbaşa başqa ölkələrdən Azərbaycana ötürülür və burada dərc olunur. Biz Mingəçevir və Gəncə hadisələri zamanı da bunun şahidi olduq. Həmin saytlar qızışdırıcı xarakterli materiallar dərc edərək, iğtişaşa çağırış etdilər və hadisələrin Azərbaycan dövlətinin maraqlarına zidd şəkildə təqdim olunmasına çalışdılar. Onlar həmişə bu məqsədlə fəaliyyət göstəriblər. Bu baxımdan da vaxt itirmədən onların təxribat xarakterli fəaliyyətinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir”.
 
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında