Bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinin qeyd olunması, iyunun 26-da möhtəşəm bir hərbi paradın keçirilməsi və ən müasir silahların həmin paradda nümayiş etdirilməsi, başqa sözlə, dövlətimizin hərbi qüdrətinin nümayişi, görünür xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən qısqanclıqla və narahatlıqla qarşılanıb.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının silahlı sui-qəsdə, terrora məruz qalması, ayın 10-da isə bir qrup radikal ünsürün şəhərin mərkəzində qarşıdurma yaratmaq cəhdi, bütövlükdə ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin məqsədinə xidmət edir.
Bu məqamda ilk olaraq iyulun 3-də baş verənlərə münasibət bildirmək istəyirəm. Elmar Vəliyev Gəncə üçün misilsiz xidmətlər göstərmiş bir dövlət məmurudur. Gəncəyə rəhbərlik etdiyi 7 il ərzində şəhərin inkişafında, quruculuğunda apardığı siyasət doğrudan da alqışa layiqdir. Gəncə ictimaiyyəti və şəhərin ziyalıları da onun xidmətlərini görüb və hər zaman qiymətləndiriblər. Ömrünün 40 ilini Gəncədə yaşamış bir şəxs kimi, birmənalı olaraq qeyd edə bilərəm ki, Elmar Vəliyev bir çox uğurlu layihələri gerçəkləşdirməklə, sözün həqiqi mənasında, hamını heyrətləndirməyi bacarıb. Onun Gəncə üçün çox böyük işlər gördüyünü danmaq nankorluq olardı. Təkcə onun qısa müddətdə tikilib istifadəyə verilməsi üçün az qala hər gün bir neçə dəfə baş çəkdiyi Heydər Əliyev bağ-park kompleksi təkcə gəncəliləri deyil, şəhərin yerli və xarici qonaqlarını da heyrətləndirməkdədir. Bu gün on minlərlə gəncəli və şəhərimizin qonaqları böyük ehtiram və minnətdarlıqla həmin möhtəşəm parkda istirahət edirlər.
Mən özüm də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru kimi bir çox ölkələrdən gələn qonaqlarımızı həmin parkla tanış edəndə onlar təəccüb və heyrətlərini gizlədə bilməyiblər ki, dünyanın ən möhtəşəm parklarınddan biri məhz Gəncədədir. Cənab Prezident İlham Əliyevin özü də həmin park kompleksinin açılışında onu bir “möcüzə” adlandırmışdı. Məhz Elmar Vəliyevin yorulmaz fəaliyyəti nəticəsində “Gəncə qapıları” kimi möhtəşəm bir layihə reallaşdırıldı. Həmçinin Gəncənin keçmiş şöhrətini özündə əks etdirən digər möhtəşəm layihələr həyata keçirildi. Onun xidmətləri sayəsində dahi Nizami Gəncəvinin adı bir daha dillər əzbəri oldu, xatirəsinin əbədiləşdirilməsi istiqamətində uğurlu beynəlxalq layihələr həyata keçirildi. AXC-nin 100 illiyi ərəfəsində Cümhuriyyət muzeyinin fəaliyyətə başlaması üçün yorulmadan çalışması, əslində, Elmar Vəliyevin dövlətçilik şüurunun necə yüksəkdə dayandığının sübutudur.
Məhz onun danılmaz xidmətləri sayəsində bu gün Gəncə dünyanın ən gözəl şəhərləri ilə rəqabət aparacaq libasa bürünüb. Sovetlərdən qalma minlərlə evin, binanın fasadı, dam örtüyü yenilənib, gözqamaşdıran yeni binalar tikilərək gəncəlilərin istifadəsinə verilib.Təbii ki, Elmar müəllimin özünün də dəfələrlə etiraf etdiyi kimi, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin Gəncə və gəncəlilərə olan hədsiz diqqət və qayğısı sayəsində baş verib. Ölkə Prezidentinin 15 ildə 16 dəfə Gəncəyə gəlməsi bunun əyani sübutudur. Şəhərdə ən möhtəşəm obyektlər dövlət başçımızın iştirakı ilə açılıb.
Mən özüm dəfələrlə Elmar Vəliyevin qəbullarında iştirak edən bir insan kimi tam əminliklə deyirəm ki, o, Qarabağ qazilərinin, şəhid ailələrinin, aztəminatlı ailədən olan vətəndaşlarımızın problemlərinə, qayğılarına necə həssaslıqla yanaşıb. Ana-bacılarını, ailə üzvlərini taleyin ümidinə buraxıb xarici ölkələrdə Azərbaycana qarşı kampaniya aparanlardan hansı ləyaqət və mənəviyyat gözləmək olar?!
Gəncə ziyalıları Elmar Vəliyevə qarşı bu alçaq terrroru lənətlə qınayırlar və dövlətimizin gücünə, dövlət başçımızın sarsılmaz iradəsinə və dövlətçilik təcrübəsinə arxalanaraq bu cinayətin günahkarlarının ədalət mühakiməsi qarşısında dayanacağına əmindirlər. Gəncə ziyalıları hər zaman dövlətin, dövlətçiliyin yanında olublar və heç şübhə etmirik ki, tezliklə ölkəmizin ikinci paytaxtında, gözəl Gəncəmizdə yaşanan bu gərginliklər arxada qalacaq, şəhər özünün rahat və sakit həyatına davam edəcək. Yaman günün ömrü az olar deyiblər, ata-babalarımız. Allah millətimizə, məmləkətimizə, dövlətimizə yaman gün göstərməsin.
İxtişaş törədən və ya onu idarə edən insanların əvvəlcədən sosial şəbəkələr vasitəsilə şəhərin mərkəzinə toplaşmaq üçün çağırışlar etməsi, daha sonra bir fit səsi ilə hamısının meydanın mərkəzinə toplaşaraq bizim danışığımızdakı ləhcə və şivəmizə uyğun olmayan tərzdə dini şüarlar səsləndirməsi bu cür düşünməyə əsas verir ki, həmin insanlar radikal, dini təmayüllü pozucu qüvvələrdir. Onlar dünyanın hansısa mərkəzləri tərəfindən idarə olunur və istiqamətləndirilir. Onların əsas məqsədi ölkədə vətəndaş qarşıdurması yaratmaq, dincliyimizi və əmin-amanlığımızı pozmağa yönəlib.
Əlbəttə, cəmi 15-20 dəqiqə ərzində Azərbaycan polisinin qətiyyəti ilə dövlətimizin gücü həmin başıpozuq qüvvələrə nümayiş etdirildi. Sevindirici hal odur ki, Gəncə şəhərinin sakinləri onların təxribat xarakterli dini şüarlarına və çağırışlarına dəstək vermədilər.
İndi bütün gəncəlilərin əsas istəyi həmin qüvvələrin tez bir zamanda aşkarlanması, zərərsizləşdirilməsi və qanunla cinayət məsuliyyətinə cəlb edilməsidir. Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar.
İbrahim CƏFƏROV,
ADAU-nun rektoru,
AMEA-nın müxbir üzvü, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.