Azərbaycan dövləti bütün təhdidlərin, təhlükələrin qarşısını almağa qadirdir

Hazırda inkişafının ən güclü dövrünü yaşayan Azərbaycan regionun lider dövləti kimi son 15 ildə iqtisadi, siyasi, hərbi, təhsil, mədəniyyət və digər sahələrdə mühüm uğurlar əldə edib, bölgədə transmilli layihələrin reallaşmasında əsas söz sahibinə çevrilib. 
 
Bu inkişafın, tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin mükəmməl inkişaf strategiyası, eləcə də xalq-iqtidar birliyi dayanır. Təbii ki, belə olan halda Prezident İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici və daxili düşmən, bədxah, mənfur qüvvə müstəqil Azərbaycanda xalq-iqtidar birliyinə zərər vura, dövlətimizi zəiflədə bilməz.
Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq aləmdə nüfuzunun gündən-günə güclənməsi, hərbi qüdrəti bəzi xarici dairələri ciddi narahat edir. Bu ilin aprelində prezident seçkilərinin uğurla nəticələnməsi, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, Azərbaycan Xalq Cümhuriyyətinin, ordumuzun 100 illik yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, xüsusilə də Bakıda möhtəşəm hərbi paradın keçirilməsini, habelə əhalinin güzəranının gündən-günə yaxşılaşması və sosialyönümlü layihələrin gerçəkləşdirilməsini qısqanclıqla qarşılayan, gözü götürməyən bədxah dairələr respublikamızda sabitliyi pozmağa, çaxnaşma, vətəndaş qarşıdurması yaratmağa cəhd göstərirlər. 
Dünyada qanlı münaqişə ocaqlarının sayının sürətlə artdığı bir zamanda terroru, qətli özlərinin maraqlarının təmin olunmasının əsas alətinə çevirən müəyyən dairələr xaosun sərhədlərinin genişləndirilməsi üçün bütün vasitələrə əl atırlar. Bu dəfə də cinayətkalar çoxdan hədəfə aldıqları Azərbaycanda əməllərinə dini don geydirilməsinə çalışdılar. Amma buna nail ola bilmədilər. Çünki bütün dünya yaxşı bilir ki, Azərbaycan multikultural, tolerant ölkədir. Bu ölkədə dövlət tərəfindən bütün dinlərə, dindarlara, eləcə də İslam dininə qayğı göstərilir, həssas münasibət bəslənilir, onların problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılır. Digər tərəfdən İslam dini sülh, mərhəmət dinidir. Bu din terroru, qətliamı rədd edir. 
Bununla bərabər, Azərbaycan həm də, sözün əsl mənasında, bir təhlükəsizlik və sabitlik adasıdır. Bu ölkə ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurla həyata keçirilməsi, xalqımızın əzmi, ayıq-sayıqlığı, dövlətə və dövlətçiliyə dərin bağlılığı sayəsində qorunur, mühafizə edilir. 
Gəncədə törədilən hadisə də bir daha göstərdi ki, təhlükəsizlik və sabitlik adası olan Azərbaycanda terrorla, dağıdıcılıq fəaliyyət ilə məşğul olanların istəkləri qarşısına möhkəm sipər çəkilib, onların çirkin niyyətlərinə qovuşmalarına, necə deyərlər, əl-qol açmalarına heç bir şərait yoxdur. 
Burada bir məqamı da qeyd edim ki, Azərbaycanda sabitliyi pozmağa dəfələrlə cəhdlər olub. Amma radikal qüvvələr həmişə məğlubiyyətə məruz qalıblar. Çünki vurğuladığım kimi, ölkədə güclü xalq-iqtidar birliyi var, vətəndaşlar Prezidentin ətrafında sıx birləşərək, möhtərəm dövlət başçımızın daxili və xarici siyasətini dəstəkləyirlər. Gəncədə baş verən hadisələr bunu bir daha sübut etdi. Azərbaycan dövlətinin və xalqının birliyini, sabitliyi pozmağa, iğtişaş törətməyə çalışan cinayətkar və anti-Azərbaycan qüvvələrin məkrli planları bir daha puç oldu. Xalqımız, eləcə də Gəncə sakinləri dövlətin və dövlətçiliyin yanında olduqlarını bir daha təsdiqlədilər.
Azərbaycanın müstəqilliyini, sabitliyini və gündən-günə inkişaf etməsini gözü götürməyən, xarici qüvvələrin dəyirmanına su tökən ünsürlər milli məfkurənin, milli ideologiyanın önəmli mərkəzi olan bir şəhərdə xəyanət yolunu tutaraq, insanlığa sığmayan cinayət törətdilər. Qanunazidd hərəkətlərin qarşısını almaq üçün öz xidməti vəzifəsini icra edən polis polkovniki İlqar Balakişiyevi və polis polkovnik-leytenantı Səməd Abbasovu deşici-kəsici alətlə qətlə yetirdilər. Bu, birmənalı olaraq dövlətə və dövlətçiliyə qarşı qəsddir. Başqa sözlə, bu, Azərbaycana qarşı aparılan çirkin oyunun tərkib hissəsidir. Amma düşmən törətdiyi bu xain əməli ilə məqsədinə nail ola bilmədi. ­Onlar xidməti vəzifələrini yerinə yetirən polis zabitlərimizi qətlə yetirsələr də, ictimai-siyasi sabitliyi poza bilmədilər. Xalqımızın dərin nifrəti ilə qarşılaşdılar. Unutdular ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Unutdular ki, bu yolla oğullarımızın canı və qanı bahasına əldə edilən, ümummilli lider Heydər Əliyevin müdrik, qətiyyətli addımları ilə dönməz xarakter alan Azərbaycanın müstəqilliyini heç bir qüvvə sarsıda bilməz. Bu yolla möhkəm təmələ əsaslanan hüquqi dövləti zəiflətmək heç cür mümkün deyil. 
Gəncədə törədilən qətl cinayətdir, terror aktıdır və Azərbaycanın hüquq- mühafizə orqanları cinayətkarların layiqli cəzalarını almaları üçün qətiyyətli tədbirləri davam etdirirlər. Azərbaycan ictimaiyyəti bu hadisələri hiddətlə qınayır. 
Azərbaycan dövləti terror və terror çağırışlarına qarşı hər zaman sərt mövqe tutub. Hər dəfə belə namərd addım atılanda, cinayət törədiləndə düşmən öz layiqli cəzasını alıb. Şübhəsiz ki, indi də dövlətimizin keşiyində duran və ölkəmizdə ictimai-siyasi sabitliyi qoruyan polis zabitlərinin qətlə yetirilməsi cəzasız qalmayacaq, ölkəmizin müstəqilliyinə və xalqımızın firavanlığına yönələn qəsdin iştirakçıları ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Gəncə hadisələri bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı xaricdən gələcək istənilən təhdidin, təhlükənin qarşısını qətiyyətlə almaq əzmindədir. Azərbaycan cəmiyyətində parçalanma, qütbləşmə yaratmaq cəhdləri isə beşiyindəcə boğulacaq.
Cavid OSMANOV,
Milli Məclisin deputatı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında