Müstəqil Azərbaycan dövlətini heç bir bəd niyyət sarsıda bilməz

Bügünlər dahi Hüseyn Cavidin İblisə verdiyi bədii yozum davamlı olaraq yada düşür: 
– İblis nədir? 
– Cümlə xəyanətlərə bais.
– Ya hər kəsə xain olan insan nədir?
– İblis.
 
Bəli, cümlə xəyanətlərə bais olan İblis fürsət tapan kimi aranı qarışdırır, qardaşı qardaşın üstünə qaldırır, qan axıtdırır, dinc insanları güdaza verməklə bəd niyyətlərinə çatmaq istəyir. İblis qatilə çevrilmiş insan cildinə də girə bilir, pozucu qrup-mərkəz kimi də peyda olur, hətta hansısa dövlətin qanlı hökm verəninə də çevrilir. İblis nə qədər məkrli olsa da, onun gücü-qüvvəti aldadıb oyuna saldığı insanlardadır. Belələrini tapan kimi İblisin dəyirmanına su axır, canına təpər gəlir, içindəki ocaq yenidən körüklənir. İblisə uyanların ayılması, yaxud zərərsizləşdirilməsi ilə o, həmişəki kimi qeybə çəkilir, yeni fürsət və məqamadək gözəgörünməz olur…
İblis bu dəfə milli varlığımızın şanlı şəhərində peyda oldu. O bu məkanı elə milli varlığımıza qənim kəsildiyi üçün seçmişdi. Min təəssüf ki, İblis bu şəhərdə gülləsini də atdırdı, qan da tökdürdü, günahsız insanlara kin-küdurətini də açıb tökdü. Lakin ona uyanların, düşüncəsini itirənlərin, kor-koranə quluna çevrilənlərin sayı, çevrəsi o qədər dar oldu ki, nə meydan sulamağa, nə də od-alovunu yaxın-uzaqlara yaymağa iqtidarı çatdı. Lakin elə bu özü də ona bəs elədi. Qan tökdürdü, göz yaşları axıtdı, neçə ailəyə fəlakət gətirdi. Onlarla insanı cinayətə qoşdu, günaha batırdı, kimlərisə ölkəsinin, xalqının bədxahına çevirdi.
İblis həmişə belədir: insanları bir-birinin üstünə salır, niyyəti baş tutmayanda onları arada qoyub yoxa çıxır. Bu oyuna düşənlər ayılanda isə bir əlləri olur, bir də başları. Amma nə fayda! İblisə gərək əvvəldən uymayasan, qəlbinə girmək istəyəndə lənətləyib uzaqlaşdırasan. İblisin gücü ona uyanların nə qədər olmasında, gücsüzlüyü isə onu lənətləyənlərin çoxluğundadır. Gəncədə İblisə uyanlar elə meydana çıxan tör-töküntü qədər oldu. Onu lənətləyənlər isə bütün ölkə, xalqımız qədər oldu. İblis bu lənət selinin qabağından gizlicə qaçdı, meydana atdıqlarını bəlaya salıb qəhqəhəsini içinə çəkdi.
Bu gün düşmən qüvvələrin törətdiyi bu iblisanə əməlləri olduğu kimi qiymətləndirməsək, haqqı nahaqdan ayırd etməsək günahsız insanlar nə vaxtsa İblisin yeni oyunlarının iştirakçısına çevrilə bilərlər. Bugün haqqı demək cəsarətində olduğumuzu sübut etməyin zamanıdır. Belə bir cəsarəti sərgiləməsək, İblisi tanıya və tanıda bilməsək o, meydanı yenidən qarışdıra bilər. Baş verənlərin mənzərəsi göz qabağındadır, həqiqətin gözünə dik baxmalıyıq.
Ondan başlayaq ki, hadisələrin ilk hədəfi olan Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevə niyə güllə atılmalı idi? Elmar Vəliyev mənim yaşayıb-çalışdığım Yevlaxda elə bir vaxtda icra başçısı kimi fəaliyyətə başlamışdı ki, şəhər, sözün həqiqi mənasında, batıb gedirdi. İnsanlar işsizlikdən, güzəranın ağırlığından əziyyət çəkirdilər. Bir çox evlərin qapısına qıfıl vurulmuşdu. Bu yurdsevər, hər addımda yenilik yaratmağa qadir insanın yevlaxlıları həvəsləndirib işə qoşması ilə şəhər və rayon qısa müddətdə büsbütün dəyişdi. Yaradılan istehsal müəssisələri hesabına işsizlik aradan qaldırıldı. Yevlax hamının diqqətini özünə çəkən gözəl bir şəhərə çevrildi.
Elmar Vəliyev təkcə qurucu rəhbər işçi kimi deyil, insan kimi də yüksək dəyərlərin daşıyıcısıdır. O, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük dilində danışmağı bacarır, həm də ümumi qaydaları pozanlara qarşı barışmazdır. Yevlaxda yüzlərlə imkansız insan məhz onun köməyi ilə ev-eşik sahibi olub. Neçə-neçə gənc onun diqqəti ilə iş tapıb, məsul vəzifələrə irəli çəkilib. Aztəminatlı və şəhid verən ailələr, müharibə əlilləri və iştirakçıları daim onun qayğısını-himayəsini görüblər.
Prezident İlham Əliyevin vaxtaşırı məmurlara ünvanladığı “biz hamımız xalqın xidmətçiləriyik” kəlamı onun dilindən düşməyib. Biz onu Yevlaxda belə görüb, belə tanımışıq. Gəncəyə gedəndən sonra işi də, qayğıları da birə-beş çoxalıb. Ölkənin ikinci böyük şəhəri də onun rəhbərliyi ilə yenidən qurulub – keçmişi bərpa edilib, indisi tamamilə təzələnib, müasirləşdirilib, sabahına geniş üfüqlər açılıb, təməllər atılıb.
İndi Elmar Vəliyev haqqında, bildi-bilmədi, danışanlar onu tanımayan insanlardır. Vətən, xalq qarşısında xidmətləri olan bir insanı tərbiyəsinin verdiyi imkan səviyyəsində təhqir edənlər unudurlar ki, bununla da ölkədə çox pis tendensiyanın yaranmasına xidmət göstərirlər. Dəyərli bir insana güllə atılmasına haqq qazandıranlar tapılır. Qanlı cinayət törədəni, böyük bir şəhərin nüfuzlu başçısına uf demədən güllə atan qəddar bir terrorçunu “qəhrəman” səviyyəsinə qaldıran, Tanrının iradəsinə qarşı gedən məsləksizi “din təəssübkeşi” elan edən İblis nökərləri, görəsən, nəyə uyduqlarının, nə söylədiklərinin fərqindədirlərmi? 
Yaxşı ki, bütün zamanlarda olduğu kimi, bu dəfə də həqiqətin çəki daşı olan xalq düzü-əyridən seçməyi bacardı. Haqsevər, vicdanlı insanlar İblisin qaladığı tonqalın çör-çöpü olmadılar, belə bir ocaqda yanıb-yandırmadılar. Hadisələrin baş verdiyi Gəncə və törədilən əməllərdən, qalmaqllardan hamıdan çox əziyyət çəkən, günlərdən bəri dincliyi pozulan gəncəlilər daim Azərbaycan dövlətçiliyinin yanında olublar. Belə bir şəhərin asayiş keşikçisi olan iki polis zabitini iyul ayının 10-da, guya, “haqq davası”, “din təəssübkeşliyi” (əslində, dövlətçiliyə qarşı hücum) adı altında yürüşə çıxanların qətlə yetirmələrinə nə ad verək? Polis polkovniki İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov asayişin qorunması, təhlükəsizliyin bərpa edilməsi üçün canlarını fəda etdilər, şəhid oldular. 
Din pərdəsi altında məkrli niyyətlərini gerçəkləşdirmək istəyənlər qardaşı qardaşın qatilinə çevirdilər. Budurmu haqq yolunda, din uğrunda mübarizə? Hansı din insanlara belə bir mübarizə aşılayır? Belələri heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Elə bu hadisədə də xalq və iqtidar birliyi özünü yeni bir möhtəşəmliklə göstərdi. Xalqla hakimiyyət arasında möhkəm bağlılığı görən ünsürlər, terrorçular, azacıq da olsa, anladılar ki, Azərbaycandakı sabitliyi heç bir yolla poza bilməyəcəklər. Əslində, onlar xalqın qəzəbindən və dövlətin gücündən qorxub meydanı tərk etməli oldular.
Təqsirkarların, canilərin çoxu artıq tutulub, zərərsizləşdirilib. Ağrılar, göz yaşları. sarsıntılar isə davam etməsi ilə hamını və hər kəsi düşünməyə və daşınmağa səsləyir. Düşündüyümüz odur ki, bu ölkə, bu dövlət bizimdir. Hər yerdə və həmişə əlbir olmalıyıq ki, müharibə şəraitində belə qarışıq dünyanın sabit və sakit guşəsi olan Azərbaycanımız tutduğu tərəqqi və inkişaf yolu ilə irəliləsin. Daşındığımız isə odur ki, haradasa, hansı işdə isə ümumi maraqlarımızı səhvlərə, incikliklərə, yad diqtələrə qurban verməyək. Təəssüf ki, ölkədə sabitliyi, əmin-amanlığı, dincliyi pozmağa çalışanlar hələ də var.
Müstəqilliyimizə qənim kəsilənlər, inkişafımızı gözü götürməyənlər layiqli cəzalarını alacaqlar. Belələrinin oxuduqları moizənin dinlə heç bir əlaqəsi yoxdur. Günahsız insanlara, dövlətin, müstəqilliyin yanında olanlara qənim kəsilənlər, vətəndaşları qoruyan qanun keşikçilərinin sinəsinə xəncər saplayanlar sağlam din adamı ola bilərlərmi? Qəlbində Allah xofu olan, öz imanına hörmət edən kəs belə addım atmaz. Axı, İslam dini hamımıza səbrli, mərhəmətli olmağı, bir-birimizi sevməyi, insan həyatını qorumağı təlqin edir. Qətl törədən, soydaşının həyatına qıyan adamın müsəlman olması mümkündürmü? 
Həm Elmar Vəliyevə tuşlanan silah, həm də polis işçilərinin ürəyinə sancılan xəncərlər hər birimizi və hamımızı çox sarsıtdı. Nifrətimiz artsa da, sağlam amal ətrafında birləşmək istəyimiz ondan da böyükdür. Vətənimizi qan gölündə boğmaq istəyənlər, qisas hissi ilə alışıb-yananlar, dayanın! Sizi kim xalqa vəkil edib? Xalq adından danışmaq, guya, mübarizə aparmaq səlahiyyətini sizə kim verib?
Xalq dövlətimizə qarşı dəfələrlə təşkil olunmuş belə ağılsız hücumların mənasını çox gözəl anlayır. Bizim güclü dövlətimiz var, yurdsevər, haqsevər azərbaycanlılar öz dövlətinin qədrini bilir, onun uğrunda canından da keçməyə hazırdır. Bunu cəbhədə--düşmənlə döyüşlərdə göstərilən hünər və rəşadət həmişə sübut edib. 
Prezident İlham Əliyev də respublikanın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə baş verənlərin mahiyyətini və nəticələrini ümumiləşdirərək bildirdi: “ Xalq–iqtidar birliyini heç bir qüvvə–nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”. 
Gəlin bundan sonra da hamılıqla bir olaq, ölkəmizdə təhlükəsiz həyat naminə İblis şərinin qarşısına möhkəm sipər çəkək. 
Əminə YUSİFQIZI,
Yevlaxda çıxan “Kür” qəzetinin
baş redaktoru, Əməkdar jurnalist
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında