Yazıçılar Gəncə hadisələrini törədənləri ciddi ittiham edirlər

İyulun birinci ongünlüyündə Gəncə şəhərində baş vermiş terror hadisələri və kütləvi  iğtişaşlar törətmək cəhdi ölkənin bütün peşə sahibləri, yaradıcı ziyalılar kimi, yazıçılarımızı da ciddi narahat etmiş və həyəcanlandırmışdır.  Azərbaycan Yazıçılar Birliyinin bu münasibətlə qəbul etdiyi bəyanatda baş vermiş neqativ hadisələr dövlətçiliyə qəsd kimi dəyərləndirilmiş, təqsirkarların ciddi cəzalandırılması tələb edilmişdir. 
 
Sənəddə bildirilmişdir ki, Gəncə şəhərində baş verən zorakı hadisələr, xüsusən vəzifə borclarını yerinə yetirən polis zabitlərimizin qətlə yetirilməsi Azərbaycan dövlətçiliyinə zərbə vurmağa, ölkəmizdəki əmin-amanlığı pozmağa cəhd edən, bədxah və cinayətkar qüvvələrin çirkin niyyətlərinin nəticəsidir. Bu yolverilməz cəhdlər, cinayətkar əməllər bütün ölkə ictimaiyyətində olduğu kimi, Azərbaycan yazıçı və şairlərində də kəskin hiddət doğurmuşdur. Ölkə ədiblərinin qəti mövqeyi belədir ki, bütün bunlar Azərbaycan dövlətinə, xalqımıza qarşı törədilmiş ağır cinayətlərdir və qanunun tam qüvvəsilə cəzasını almalıdır.
Bəyanat bu sözlərlə bitir: “Baş verən təxribatları pisləyir, təxribatçıları lənətləyir, xidmət zamanı həlak olan polislərimizə Allahdan rəhmət diləyir, xalqımıza başsağlığı verir, vətəndaşlarımızı səbir və təmkin nümayiş etdirməyə, dövlətçiliyimizi daha fəal dəstəkləməyə çağırırıq. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi olaraq, hər cür daxili və xarici təhlükələrə qarşı dövlətimizin yanında olduğumuzu, ölkə rəhbərliyinin məqsədyönlü siyasətini qətiyyətlə dəstəklədiyimizi bəyan edirik”.
 Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Adbullayev törədilən qanlı hadisələrdən qələm yoldaşlarının və özünün narahatlığını ifadə edərək bildirmişdir:
Gəncədə baş verənlər birmənalı şəkildə  faciədir, cinayətdir. İki polis zabiti həlak olub. Onlar öz borclarını yerinə yetirərkən həlak olublar. Bu fədakarlıq hamı tərəfindən təqdir olunub. Kimlərsə faciədən öz maraqları çərçivəsində istifadə etməyə çalışırlar. Müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində bu məsələyə yanaşma qətiyyən obyektiv deyil. Heç bir halda dinin əsl mahiyyətini dərk etməyən avam insanların tərəfində dayanmaq olmaz. Ona görə də dinimizdən istifadə edib soydaşlarımızı öldürənləri dəstəkləyə bilmərik. 
Radikal qatil və mömin müsəlman anlayışı tamamilə fərqlidir. Əhalisinin əksəriyyəti İslam etiqadına tapınan Azərbaycan işıqlı bir ölkədir. Yoxsa, öldürülən polislər müsəlman deyildi? Bizim dini anlayışımıza görə, onlar vəzifə borcunu yerinə yetirərkən həlak olan şəhidlərimizdir. Allah rəhmət eləsin!
İndisə daha vacibi. İstənilən vəziyyətdə, istənilən məmura narazılıq zamanı “öz dinini hamıdan çox sevmək” əsas vermir ki, durub polis işçisini öldürəsən. Dünyanın heç yerində belə şey yoxdur. Asayişin keşiyində dayanan insana əl qaldırmağa heç kəsin haqqı və hüququ çatmır! Heç kəsin və heç yerdə! Əlbəttə, bizi istəməyənlər bu faciədən öz maraqları üçün istifadə etməyə çalışdılar.
Düşünürəm ki, bu məsələni aydınlaşdırmaq üçün ciddi bir komissiya yaratmağa ehtiyac var. Hüquqi qiyməti həmişə  hüquq-mühafizə orqanları verir. Ancaq ictimai rəyi də nəzərə almaq zəruridir ki, ölkəmizdə belə hallar bir də baş verməsin. Hər şeyi çox diqqətlə araşdırmaq lazımdır ki, hadisənin heç bir motivi gizli qalmasın. Bəzi qonşularımız ölkəmizi silkələmək üçün belə aksiyaları maliyyələşdirməyə hazırdır. Bunu həmişə yadda saxlamaq lazımdır!
Hazırladı: 
Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında