Müsahibimiz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanovdur
- Azərbaycan kimi demokratik, hüquqi dövlətdə hər şeyin qanunlarla tənzimləndiyi bir şəraitdə İctimai Palata adlı qondarma bir qurumun aprelin 2-də, həm də Bakı şəhər sakinlərinin istirahət məkanı olan Fəvvarələr meydanında qanunsuz aksiya keçirməyə cəhd göstərməsini siz necə qiymətləndirirsiniz?
- Birmənalı şəkildə bildirirəm ki, qanunsuz aksiyaların keçirilməsinin tərəfdarı deyiləm və ümumiyyətlə qanuna söykənməyən istənilən hərəkətlər Azərbaycan xalqının mənafeyinə ziddir. Bu yolla iğtişaşlar törətmək, cəmiyyəti radikallığa cəlb etmək kökündən yanlış bir siyasətdir. İndiyədək dünyanın heç bir xalqına qarşıdurmalar, inqilablar fayda verməyib. Çox zaman inqilablar xalqları ümumi inkişafdan 30-40 il geriyə salıb. Yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələrə nəzər yetirək. Liviyada bu gün yüzlərlə insan qətlə yetirilir, şəhərlər dağılır, infrastruktur məhv edilir, iqtisadiyyata böyük zərbə dəyir. Gələcəkdə Liviyada sabitlik bərpa edilə bilsə də, ölkənin yenidən əvvəlki vəziyyətinə qayıtması üçün xeyli vaxt tələb olunacaq. Buna səbəb nədir? Əlbəttə, ölkədəki iğtişaşlar, toqquşmalar, qarşıdurmalardır.
Ölkəmizdəki radikal müxalifətin bəzi təmsilçiləri ümid edirlər ki, iğtişaşlar yaratmaqla nail ola bilmədikləri imkanları əldə edəcək, hakimiyyətə gələcəklər. Amma bu xülyadır. Çünki Azərbaycan xalqının özü radikal müxalifətin uğursuzluğa düçar olmasında maraqlıdır və xalq heç vaxt dağıdıcı inqilabların tərəfdarı olmayıb. Xalq öz övladlarının qanı hesabına, şəhərlərin, qəsəbələrin dağıntıya məruz qalması hesabına hər hansı bir dəyişikliyi qətiyyən istəmir. Təbii ki, hər kəsin sərbəst toplaşmaq hüququ var və bu hüquqdan hər bir Azərbaycan vətəndaşı sərbəst şəkildə istifadə edə bilər. Ancaq bu başqa insanların hüquqlarının pozulması hesabına baş verməməlidir.
- Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın Bibiheybətdəki stadionda mitinq keçirməsini daha məqsəduyğun saymışdı. Lakin radikal düşərgənin liderləri Bibiheybətin uzaq olduğunu bəhanə gətirərək Fəvvarələr meydanını seçdilər. Sizcə nəyə görə onlar ayrılan yerdə mitinq keçirmədilər?
- Bibiheybət ilə Fəvvarələr meydanı arasındakı məsafə 3-4 kilometr olar. Yəni ayrılmış yerin uzaq olmasının özü absurd yanaşmadır. Bəli, mən tərəfdarıyam ki, Bibiheybətdə yox, daha əlverişli yerdə yer ayrılsın. Ancaq gəlin məsələyə bir başqa tərəfdən də yanaşaq. Necə olur ki, hətta ucqar rayonların sakinlərinin bir problemi və ya işi olanda Bakıyadək gələ bilirlər, radikal müxalifət tərəfdarları isə partiyaları, məqsədləri naminə 3-4 kilometri "uzaq, kənar " adlandırırlar?
İddia edirlər ki, xalq bizi dəstəkləyir. Əgər onlar xalqın dəstəyindən arxayın olsaydılar, gedib Bibiheybətdə mitinq keçirərdilər və ictimaiyyətin onları dəstəklədiyni sübut edərdilər. Ancaq bunlar nə etdilər? Gəlib əhalinin sıx olduğu Fəvvarələr meydanını və ya hər hansı metronun qarşısını seçirlər. Bilirlər ki, buralarda insanların sayı çoxdur və qışqırsalar, hamı onlara tamaşa edəcək. Bununla da qələbəlik yaranacaq və radikallar sonra deyəcəklər ki, oradakıların hamısı bizim tərəfdarlarımızdır. Ancaq səhv edirlər. Bu gün hamı hər şeyi başa düşür və hamı yaxşını pisdən, qaranı ağdan tez seçir.
Biz demokratik ölkədə yaşayırıq. İstənilən insan özünün konstitusion hüququndan istifadə edərək, öz mövqeyini açıqlaya, aksiyalarda iştirak edə bilər. Bu normal haldır. Amma yaradılan demokratik mühitdən qeyri-qanuni bir şəkildə faydalanmağa çalışmaq, ümumilikdə Azərbaycan xalqının əleyhinə atılmış bir addımdır. Bunu bilən və reallığı düzgün qiymətləndirən xalq təbii ki, onlara dəstək vermir, verməyəcək də. Onu da deyim ki, 150-200 nəfər aldadılmış tərəfdaşla qarşıdurma yaratmaq onsuz da mümkün deyil.
Azərbaycan xalqı 20 ildir radikal müxalifətə dəstək vermir. Son parlament seçkilərinin nəticələri də göstərdi ki, Azərbaycan xalqı onlara qətiyyən etimad göstərmir. Bir nəfər belə bu düşərgədən parlamentə seçilə bilmədi. Hansı ölkəni göstərə bilərsiniz ki, burada müxalifət 20 ildir yerində sayır. Prezident seçkiləri keçiriləndə bu seçkilərə radikal müxalifət liderləri qatılmır. Bunlar prezident seçkilərində iştirak etmirlərsə, görəsən, hansı yolla hakimiyyətə gəlməyi düşünürlər? Nəyə görə seçkilərdən yayınırlar? Çünki bilirlər ki, sosial bazadan məhrumdurlar, seçici elektoratları yox səviyyəsindədir.
Son illərdə baş verən hadisələri təhlil edərkən isə bu düşərgədə maraqlı bir mənzərənin şahidi olursan. Ukraynada narıncı inqilab baş verir, gedirlər Ukraynada geyinilmiş narıncı köynəkləri gətirib əyinlərinə geyirlər. Gürcüstanda "qızılgül" inqilabı baş verir, bunlar əllərinə qızılgül dəstəsi götürüb küçələrdə gəzirlər. Onların məntiqinə görə əgər bu günlərdə ərəblər ayağa qalxıbsa, deməli, ərəblər kimi geyinib küçəyə çıxmaq lazımdır.
Əli Kərimli bəzi üzdəniraq dindarlarla ittifaqa gedərək Şimali Afrikadakı proseslərin burada da baş verəcəyinə ümid etdi. Amma onlar da Əli Kərimlini pat vəziyyətində qoydular. Əgər fikir verdinizsə, onlardan bir nəfər də olsun İctimai Palatanın aksiyasına qatılmadı. Halbuki bəziləri gəlib palatanın iclasında çıxış edərək, mitinqdə iştirak edəcəklərini vəd etmişdilər. Nəyə görə aksiyaya gəlmədilər? Ona görə ki, Əli Kərimli, İsa Qəmbər mövqeyi olan siyasətçilər deyillər.
Son dövrlərdə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilməsi, xalqın tələblərinə əlaqədar orqanların çevik reaksiyasının daha da təkmilləşdirilməsi barədə müvafiq tapşırıqlar verilməsi böyük ruh yüksəkliyi yaradıb. İnandırıram ki, bu günlərdə də radikal müxalifətin xalqın dəstəyini ala bilməməsi məhz ölkə Prezidentinin siyasətinə ictimai rəğbətin nəticəsidir.
Azərbaycan xalqı siyasi islahatların tərəfdarıdır. Amma qeyd etdiyim kimi, bu prosesin qansız-qadasız, övladının qanı bahasına deyil, inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi təkamül yolu ilə, mərhələli şəkildə olmasının tərəfdarıdır. Bu mənada dövlət başçısının atdığı əhəmiyyətli addımlar xalqın diqqətini cəlb edir və alqışlanır.
- Radikal müxalifətin qanunsuz aksiya keçirmək istəyini ölkədə qarışıqlıq salmaq cəhdi kimi qiymətləndirənlər bildirirlər ki, bu məsələdə xaricdəki anti-Azərbaycan qüvvələr ilə şübhəli əməkdaşlıq xüsusi rol oynayır. Ancaq radikal müxalifət bunu birmənalı şəkildə rədd edir.
- Bilirsiniz, təəssüf ki, dünyada erməni lobbisi hələ də güclüdür. Onlar ölkəmizin əleyhinə məqsədyönlü şəkildə fəaliyyət göstərirlər. Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulmasına dair hər bir xəbəri ermənilər səbirsizliklə gözləyirlər. Belə bir şəraitdə Azərbaycanda qarşıdurmaların olması kimi fon yaratmağa çalışmaq xarici qüvvələrə birbaşa xidmət etmək deməkdir. İctimai Palatanın qısa adı İP-dir. Necə deyərlər, bu "ip"in bir ucu da elə xaricə gedib çıxır.
Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi ciddi bir problemi olduğu halda ölkəmizdə sabitliyi pozmağa cəhd göstərmək, dövlətçiliyə qarşı çıxmaq, onun əleyhinə fəaliyyət göstərmək, hər hansı bir iğtişaş törətmək Azərbaycanın milli mənafeyinə deyil, düşmənlərimizin maraqlarına xidmət edir. Bu, birbaşa radikal müxalifətin xarici qüvvələrin təsiri altında qalmasının əsas göstəricisidir.
Radikal müxalifətdə çox qəribə bir məntiq də var ki, kim söyüş söyürsə, insanları təhqir edirsə, Azərbaycanın mili mövqeyinə zidd olan əməllərini xaricdəki erməni lobbisi ilə uzlaşdırırsa, demək, onlar müxalifətdir. Digər kəsimlər isə müxalifət hesab edilə bilməz. Amma bu insanlara iftira atmaqdan, çamur atmaqdan, ləkələməyə çalışmaqdan başqa bir şey deyil.
-Bəlkə elə buna görə, dəyərli ziyalılar, prosesləri düzgün qiymətləndirən siyasətçilər radikal müxalifəti tərk edirlər?
- Bəli, tamamilə düzgündür. Axı necə ola bilər ki, mərhum Elçibəyin müşaviri vəzifəsində işləmiş, uzun müddət siyasi proseslərin içində, xalq hərəkatı zamanı tələbəlik dövründən gənc tələbə hərəkatının rəhbəri olmuş Qüdrət Həsənquliyev, yaxud Fazil Mustafa, Sabir Rüstəmxanlı, Asim Mollazadə, İlyas İsmayılov və adını çəkmədiyim digər şəxslər müxalifət hesab edilmir, amma Azərbaycanın mili mövqeyinə xidmət etməkdən imtina edərək, ölkəmizə düşmən kəsilən qüvvələrlə həmrəy olanlar müxalifət hesab edilir? Bu, sırf bolşevik təfəkkürü deyilmi? "Kim bizdən deyil, bizim düşmənimizdir" prinsipinə bərabər yanaşma tərzidir. Onlar özlərini dırnaqarası demokrat hesab edirlər. Onlar demokratik şəraitdən istifadə edərək çox kəskin mövqelərini bildirirlər, amma bir başqa müxalifətçi normal, sivil qaydada fərqli bir fikir söyləyəndə ona düşmən gözüylə baxırlar.
Sonda mən aldadılmış azsaylı gənclərə də müraciət etmək istəyirəm ki, qoy onlar soyuq başla, məntiqlə hər şeyi düzgün qiymətləndirsinlər. Düşünsünlər ki, nəyə görə Müsavat Partiyasında uzun illər partiyanın qurucusu kimi fəaliyyət göstərmiş və ikinci şəxsi olmuş Sülhəddin Əkbər bu gün İsa Qəmbəri tərk edib? Nəyə görə uzun illər Müsavatda siyasi fəaliyyətə qoşulan ziyalılar bu gün İsa Qəmbərin yanında deyil? Bu gün hansı səbəblərdən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərən və partiyanın qurucusu olan, Azərbaycanda ictimai-siyasi proseslərdə kifayət qədər yaxından iştirak edən şəxslərdən bir nəfər də olsun Əli Kərimlini dəstəkləmir? Mən onları sadalaya da bilərəm: Qulamhüseyn Əlibəyli, Qorxmaz İbrahimli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əli Mustafayev, Əli Məsimli və başqaları. Aldanılmış gənclər bunları təhlil edib obyektiv qərar qəbul edə bilərlər.
{nl}
Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"
.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.