Gəncədə həyat öz axarı ilə davam edir...

Şəhər sakinləri Azərbaycanda sabitliyi pozmağa cəhd edən qüvvələrin tezliklə tapılıb ifşa olunmasını istəyirlər
Yazılarımın birində qeyd etmişdim ki, Gəncədəki son hadisələr aydın səmada çaxan şimşəyə bənzəyir. Gəncə, doğrudan da, sakit günlərini yaşayırdı. Şəhərdə başlanan quruculuq işləri davam etdirilirdi. Ali və orta ixtisas məktəblərində yay imtahan sessiyaları başa çatmışdı. Axşamlar park və xiyabanlara on minlərlə gəncəli və şəhərimizin qonaqları axışırdı. İnsanlar deyir-gülür, istirahət edir, şənlənirdilər. Birdən- birə güllə səsləri eşidildi, bu şəhər üçün son 7-8 ildə çox böyük işlər görən icra başçısı terrora məruz qaldı. Bir həftə sonra isə şəhərin baş meydanına soxulan cinayətkar ünsürlər yüksək rütbəli iki polis zabitimizi qətlə yetirdilər.
 
İndi yenidən şəhərə çıxmışam. Baxıram ki, sanki heç nə olmayıb. Hərə öz işi-gücü ilə məşğuldur. Yenə də parklarda adam əlindən tərpənmək olmur. Gəncə elə bir yerdir ki, kimi, hansı tanışını görmək istəyirsənsə, Xan bağına get, Heydər Əliyev Park kompleksinə baş çək, bir stəkan pürrəngi çay iç. Mütləq dost - tanışı, tanıdığın adamları görəcəksən. Bu dəfə də belə oldu. Şəhərdə tanıdığım ziyalılarla, yaradıcı adamlarla, təhsil işçiləri ilə görüşdüm, hal-əhval tutdum.Onların heç biri vəzifə adamları deyil, sadə şəhər sakinləridir. Lakin Gəncəyə, Vətənə, torpağa bağlılıqları, baş verən hadisələrə kəskin etirazları göz qabağındadır.  Bu qısa söhbətlər sizin üçün də maraqlı olar.
Ramiz Təmkin, şair- 
publisist:  
– And və güvənc yerimiz Xətai demişdir: “Torpağı qoruyarlar Vətən olar”. Bu gün hamının ümdə dərdi Qarabağ olmalıdır. Yoxsa, vəzifə borcunu yerinə yetirən iki polis zabitini öldürmək Allah qarşısında ən böyük günahdır. Bu günahı nə yer götürər, nə də göy. Allah şəhidlərimizə rəhmət eləsin. Əvvəldən dediyim kimi,  əsrlər boyu həsrətlə gözlədiyimiz, şəhidlərimizin qanı bahasına qazandığımız azadlıgı, dövlətçiliyi qoruyaq, hissə qapılmayaq, terrora “yox” deyək. Mən uzun illərdir bu şəhərdə yaşayıram. Gəncə əvəzsiz şəhərdir. Onun sakinləri çox mehriban, öz şəhərlərini sevən, başlıcası isə dövlətə və dövlətçiliyə bağlı insanlardır. Siz gördünüz, onların ayın 10-na təyin etdikləri mitinqə yerli sakinlərdən qoşulan olmadı. Sadəcə, beş-on nəfər quldur qəflətən meydana soxuldu, burada istirahət edən yüzlərlə şəhər sakininin gözü qarşısında amansız cinəyəti törətdi. Biz Azərbaycanın müstəqilliyinə xələl gətirmək istəyənlərə heç zaman imkan vermərik və verməyəcəyik də. Bizim Azərbaycan kimi gözəl bir məmləkətimiz var. Bizim İlham Əliyev kimi müdrik Prezidentimiz, güclü ordumuz, nəhayət, qəhrəman xalqımız var. 
Anar Bürcəliyev, 
teatrşünas: 
–Vətənimizin müstəqilliyinə qarşı təhlükə yaranmasına, sabit həyat tərzinin pozulmasına imkan vermək olmaz. İyulun 3-də icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdin, eləcə də bir həftə sonra yüksək rütbəli iki polis zabitimizi qətlə yetirənlərin təşkilatçıları və həyata keçirənləri qanunun aliliyi qarşısında mütləq cavab verməlidirlər. Bu cür qanunsuz, zorakı hadisələrə biganə qalmaq olmaz. Vətəninə, xalqına xəyanət edib terrora əl atanlar bilməlidir ki, qanunun aliliyi qarşısında acizdirlər və son olaraq mütləq cavab verəcəklər. Müstəqil məmləkətimizin işıqlı sabahı üçün terrora “YOX!” deyirik.
Elmar Vəliyev kimi bir qurucu rəhbər işçiyə atəş açmaqmı olardı?! Bu şəhər nə gündəydi, indi necədir. Budurmu onların “sağolları”! Yaxud asayişimizin keşiyində duran yüksək rütbəli polis zabitlərini vəhşicəsinə öldürməkmi olardı?!
Bu cinayətdə əli olanlar ən yüksək cəzaya layiqdirlər. Belələrinin kökü birdəfəlik kəsilməlidir. Azərbaycanın müstəqilliyinə uzanan əllər kəsilməlidir. İnanırıq ki, Gəncədə baş verən son hadisələr Azərbaycanın hər bir sakinini bundan sonra da ayıq-sayıq olmağa səslədi. Bizim hər birimiz Prezidentimizin, dövlətimizin ətrafında sıx birləşməli, Azərbaycanı qana sürükləmək istəyənlərin cavablarını verməliyik.
Qalib Rəhimli, jurnalist: 
  – Əziz İlqar Balakişiyev və Səməd Abbasov. Hər ikiniz Azərbaycanın ictimai sabitliyi naminə şəhid oldunuz. İkiniz də Allahın ən sevimli bəndələrisiniz və bu ali adı qazanmaq bəxtinizə yazıldı. Şəhidlik uca zirvədir və mən sizə qibtə edirəm. Məkanınız, haqq dünyanız nurlu olsun, qardaşlarım. Siz həmişə yaşayanların xatirəsində olacaqsınız. Həmkarım Hamlet Qasımovun dediyi kimi bu hadisə bir daha sübut etdi ki, güllələr Elmar Vəliyevə deyil, dövlətə atıldı. Doğrudur, Allah Elmar Vəliyevi qorudu, o, tezliklə sağalıb işinin başına dönəcək. Təbii ki, qüdrətli Azərbaycan dövləti ixtişaş yaradanların layiq olduğu cəzasını verəcək. Allah sizə şəfa versin, Elmar müəllim. Allah sizə rəhmət eləsin, şəhidlərim.
Mən bu fikirləri özümün “feysbuk” səhifəmdə paylaşmışam.Yeri gəlmişkən qeyd edim ki, Gəncəni, Azərbaycanımızı sevən hər bir ziyalı, adi vətəndaş, sosial şəbəkələrdən istifadə edən hər kəs hadisələrə öz münasibətini bildirməli, terror hadisələrini lənətləməli, dövlətlə, xalqla həmrəy olduğunu yazmalıdır. Təəssüf ki, adlarını ziyalı qoyan bəziləri, onları barmaqla saymaq olar, sanki heç nəyin fərqində deyillər. Sanki gəzdikləri bu torpaq, bu hava, bu su onların deyil. Belələrinə mən “buqəlamun” deyirəm. Yəni mövqeyi yox, məramı, məqsədi yox, rəngini hansı rəngə istəsən uyğunlaşdıran məxluq. Amma sosial şəbəkələrə, qəzetlərə və saytlara baxıram minlərlə, on minlərlə Gəncə sakini və digər bölgələrdən olan ziyalılarımız bu hadisəni pisləyir, terrorçuları lənətləyir, şəhərin rəhbərinin tezliklə sağalmasını arzulayır və sair. İki polis zabitimiz dəfn olunarkən bütün Gəncə Şəhidlər xiyabanında idi,– desəm, bəlkə də inanmazsınız. Terrorlara, qatillərə, cinayətkar ünsürlərə, Azərbaycanı yenidən qarışdırmaq istəyənlərə bu, ən gözəl cavab idi, həmrəylik nümayişi idi.
Cinayətkarlar tezliklə ən layiqli cəzalarını almalıdırlar. Görürsünüz şəhərdə tam sakitlikdir. Həyat öz axarı ilə davam edir. Şəhərdəki son olay nəinki hər bir gəncəli, o cümlədən hər bir Azərbaycan sakini üçün bir xəbərdarlıq olmalıdır. Düşmən hələ tam yatmayıb. O, ölkə daxilində də var, onun xaricində də. Gərək sayıqlığımızı itirməyək. Allah şəhidlərimizə rəhmət, bizə səbir versin.
Rəna Nağıyeva, müəllim: 
– İyulun 10-da günorta saatlarında öz səhifəmdə iki cümlədən ibarət belə bir fikir yazıb paylaşdım: “Gəncəlilər boş şayiələrə uyacaq qədər də ağılsız deyillər ki, mitinq edələr.Ortalıqda uçuşan milçəklər ancaq könül bulandırar”. Doğrudan da, onların hələ bir həftə əvvəl elan etdikləri bu mitinqə axşam heç kim toplaşmadı. Amma dediyim o milçəklər əməlli-başlı könül bulandırdılar. Sadəcə gücləri iki cəsur polis zabitimizə çatdı, onların sinəsinə xaincəsinə xəncər endirdilər. Həmişə mədəni şəkildə insanlarla davranan “gəlin söhbət edək, aydınlaşdıraq” deyən yüksək rütbəli zabitlərimiz bu dəfə gözlənilmədən ağır zərbəyə məruz qaldılar. Ətrafdakı insanların köməyi ilə hər ikisi xəstəxanaya çatdırılsa da həkimlər onların həyatlarını xilas edə bilmədilər. Çünki xain düşmən, əvvəlcədən nəzərdə tutduğu kimi, birbaşa ürəyə zərbə endirmişdi…
Mən müəlliməm, uşaqlarla işləyirəm. Hərdən onları şəhərin görməli yerlərinə aparıram. Düzü göstəriləsi, danışılası o qədər yer var ki, adam bilmir uşaqlara nədən söhbət açsın. Bu şəhərdə doğulmuşam. Atam,babam həmişə dövlətin və dövlətçiliyin tərəfində olub, partiya, sovet işində çalışıblar. Lakin açıq deyim, Gəncə heç vaxt bu qədər gözəl olmayıb. Uşaqlara deyirəm ki, bu gözəlliyi bizə Prezidentimiz İlham Əliyev bəxş edib. Bu əmin-amanlığı, firavan həyatı  bizim üçün Prezidentimiz yaradıb.
Lakin bunları gözügötürməyən qüvvələr yenidən aranı qarışdırmaq istədilər. Şəhərin rəhbərini, polis nəfərini yaraladılar. O şəhər rəhbərinə güllə atdılar ki, 2011-ci ilin fevralından, icra hakimiyyətinin başçısı işlədiyi vaxtdan ağzından “Gəncə”, “Nizami” sözləri düşməyib, şəhərdə nə tikilib, nə ucalıbsa onun əlləri ilə, zövqü ilə yaradılıb. Səhərdən axşamadək fəhlələrin yanından tərpənməyib, onlarla bir yerdə çörək kəsib. İndi Gəncəmlə fəxr edirəm. Gəncəli belə bir adama güllə ata bilməzdi. Gəncəli İlqar, Səməd kimi oğulların canına qıymazdı. Bunu edənlərin milliyyəti də, torpağı yoxdur. Onların bir amalı var: “Azərbaycanda xaos yaratmaq”. Yol verməyəcəyik! Bu gözəl dövləti onlar qurmayıblar ki, onlar da dağıda. Terrorçuların biri də qalmayacaq. Allah xalqımıza yar olsun, millətimə səbir, dəyanət versin.
Söhbətləri qələmə aldı: 
Hamlet Qasımov,  
“Xalq qəzeti”nin 
bölgə müxbiri 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında