Hüseynbala MİRƏLƏMOV: Gəncə sakinləri dəyanət göstərdilər

Azərbaycan ictimaiyyəti hələ də iyulun 10-da ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə baş verən hadisələrin şokunu yaşamaqdadır. İnsanlarımız Bakıda da, rayonlarımızda da, elə respublikamızın sərhədlərindən kənarda da anlamaqda çətinlik çəkirlər ki, Gəncə kimi qədim və tarixi bir şəhərdə dövlər məmuruna, polis zabitlərinə necə əl qaldırıldı. Bu fikirləri Milli Məclisin deputatı Hüseynbala Mirələmov söylədi. O dedi:
 
– Əslində, qəribə və gözlənilməz hadisələrin bir-birini əvəz etməsi, Azərbaycanın enerji sistemində baş vermiş qəza, bununla eyni vaxtda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və cangüdəninə atəş açılması, doğrudan da, ölkə vətəndaşlarında ciddi narahatlıq doğurmuşdu. İyulun 10-da bir qrup radikalın şəhər icra hakimiyyətinin binası qarşısında toplaşaraq etiraz aksiyası keçirmək bəhanəsi altında ağır cinayət törətməsi isə hadisələri kuliminasiya nöqtəsinə çatdırdı. Məlum olmadı ki, bu etirazçı adamlar nə istəyirdilər. Onlar “ara açmağa gəlmişdilər, ya ayran içməyə?” Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydana çatan kimi hələ nə istədiklərini dilə gətirməmiş iki yüksək çinli polis zabitini qətlə yetirdilər. 
Artıq xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis zabitləri – Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Səməd Abbasov da torpağa tapşırılıb, Gəncədə sakitlik də bərpa olunub. Amma “sapı özümüzdən olan baltalar”ın xalqımızın kürəyinə vurduğu yara uzun zaman unudulmayacaq. Soyuq silahla silahlanmış bu qəddar təxribatçıların qarşısına Azərbaycan polisi silahsız çıxmışdı. Üstəlik, təkcə iki polis zabitinin həlak olmasından başqa, hadisə zamanı yaralananlar da olub. Onlardan biri Gəncə Şəhər Baş Polis İdarəsi post-patrul taborunun qərargah rəisi Samir Bayramovdur. O, hadisə haqqında danışarkən bildirib ki, hər şey gözlənilmədən baş verib: “Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular. Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım”.
Baş verənlərin Azərbaycanın uğurlarını gözü götürməyən düşmən qüvvələr tərəfindən törədildiyi göz qabağındadır. O da aydındır ki, bir neçə gün əvvəldən sosial şəbəkələr vasitəsilə edilən çağırışlar Gəncə sakinləri tərəfindən dəstəklənməyib, insanlar bu çağırışlara uyaraq meydana çıxmayıblar. Bu, Gəncə sakinlərinin dövlətimizin, dövlətçiliyimizin yanında olduqlarını, Prezident İlham Əliyevə sadiq qaldıqlarını göstərir. Başqa cür ola bilməzdi. Gəncə Azərbaycanın qədim tarixə malik bir guşəsi, bu yaxınlarda 100 illiyini qeyd etdiyimiz AXC-nin paytaxtı olmuş, ölkəmizin inkişafı üçün həmişə öz töhfələrini vermiş şəhərdir. Böyük mədəniyyət ocaqlarımızdan biri olan bu şəhərin sakinləri heç zaman belə təxribatlara uya bilməzdilər və uymadılar. Gəncəlilər müstəqil dövlətimizə və dövlətçiliyimizə sadiq olduqlarını bir daha təsdiq etdilər və tarixin bu sınağından da üzüağ çıxdılar. Baş vermiş iğtişaşların istər sadə gəncəlilərə, istərsə də onun dindar sakinlərinə heç bir dəxli yoxdur. Hadisənin təşkilatçıları və icraçıları xaricdən maliyyə dəstəyi alan, xarici düşmənlər tərəfindən idarə olunan, Azərbaycanı Suriyaya çevirmək istəyən radikal qüvvələrdir. 
Amma onlar unudurlar ki, Azərbaycan kimi tolerant, multikultural, demokratik bir mühitdə heç nəyə nail ola bilməzlər. Onlar heç zaman Azərbaycanda istədikləri dini dövləti qura bilməzlər. Buna nəinki dövlət, heç Azərbaycan xalqı da imkan verməz. Belə cılız niyyətlərlə bu dövləti heç kim yolundan döndərə bilməz. Əbəs yerə zəhmət çəkib Gəncənin adına ləkə yaxmasınlar! 
Söhbəti qələmə aldı: 
Paşa Əmircanov, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında