Ermənistan Brüsseldə məyusluğa düçar oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10-12 iyulda Belçika Krallığının paytaxtı Brüssel şəhərinə işgüzar səfərini Azərbaycan diplomatiyası üçün ciddi uğur hesab etmək olar. İlham Əliyevin iyulun 11-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşünü xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirməliyik. Görüşdən sonra tərəflər arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi keçirildi ki, bu da Azərbaycanın son illərdə əldə etdiyi siyasi və diplomatik uğurlar sırasına yazılmalıdır.  
 
Təbii ki, cənab Tuskla görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə əhəmiyyəti ayrıca qeyd olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunması bizim üçün daha artıq dərəcədə önəm daşıyır. 
Böyük məmnuniyyət hissi ilə qeyd etməliyəm ki, tərəflər arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəd yüksək siyasi əhəmiyyətə malikdir və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Sənəd bundan sonra hər iki tərəfin parlamentində, o cümlədən Azərbaycanın Milli Məclisində müzakirə edilərək qəbul olunmalı, daha sonra Aİ rəhbərliyi və Azərbaycan Prezidenti tərəfindən imzalanmalıdır. Bunu dövlət başçısının son illərdə apardığı xarici siyasətin mühüm uğuru kimi qiymətləndirməliyik. Təsadüfi deyil ki, sənəddə Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb, ən əsası isə, hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Sənəd, eyni zamanda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ölkəmizdə iqtisadi islahatların dəstəklənməsinə Avropa İttifaqının töhfələr verməsini nəzərdə tutur.
Çox fərəhləndiricidir ki, Avropa İttifaqı Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və nəticədə Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlərdən biri olduğu bəyan edilir.
Prezident İlham Əliyev səfər zamanı NATO-nun zirvə toplantısı çərçivəsində də bir sıra görüşlər keçirdi, mühüm sənədlər imzaladı. Toplantının yekununda qəbul edilmiş kommünikedə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə dəstək ifadə edildi.
Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Bu səfər Azərbaycan dostlarına və düşmənlərinə bir daha xatırlatdı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynayır və bu, Avropa İttifaqı tərəfindən artıq etiraf edilir. Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. 
Bu xüsusda qeyd etməliyik ki, Azərbaycan Prezidenti Brüsseldə çox yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həll olundu. İstər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycana və onun Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər. Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etdi.
Ancaq bunu həmin tədbirlərdə iştirak edən Ermənistan rəhbərliyi haqqında demək olmaz. Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əliboş qayıtdı. Paşinyan inqilab lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma bu, baş vermədi. Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri də iflasa uğradı. 
İstər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də uğursuzluqla nəticələndi. 
Yasin QARAMƏMMƏDLİ, 
siyasi icmalçı 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında