Gəncə hadisələrinin dərsləri Azərbaycan dövlətini daha sarsılmaz, cəmiyyəti daha güclü edəcəkdir

Artıq 10 gündür ki, Gəncə hadisələri ölkənin informasiya məkanında əsas mövzuya çevrilib. Azərbaycan dövlətçiliyinin inkişafında və qorunub yaşadılmasında önəmli rolu olmuş bir şəhərin niyə kütləvi iğtişaşların start meydanı kimi seçilməsi qəsdin gizlinləri üzə çıxdıqca açıq-aydın görünməkdədir. 
 
Tarixdən tanış olan ssenarilərdən biridir: siyasətdə çəkili fiqurlardan birinə atəş açılır və bu pozucu qüvvələrin hərəkətə gətirilməsi üçün siqnal olur. Təxribatın çevrəsinin böyüyüb ölkəni əhatə etməsi, hakimiyyətlə qarşıdurma həddinə gətirilməsi, siyasi böhrana çevrilməsi üçün süni, uydurma qəhrəmanlar yaradılır və onlar haqq uğrunda döyüşə çıxmış fədailər kimi təqdim olunur. Gəncədə bu ssenari ilk addımdan uğursuzluğa məhkum oldu. Qatil hədəfi dəqiq vura bilmədi. Bunun ardınca informasiya məkanında onun “mübarizə” arqumentlərinə haqq qazandırılması inandırıcı olmadı.
 Qəsd hədəfinin dini məsələdə hansısa sayğısızlıq göstərilməsi, sosial ədalət prinsiplərini pozulması ilə bağlı toqquşdurulanlar da keçərli olmadı. Aydın göründü ki, Gəncə ŞİH-in başçısı Elmar Vəliyevə sui-qəsd xarici pozucu dairələrə və onların əlaltılarına ölkənin ikinci böyük şəhərində, digər bölgələrdə kütləvi çaşqınlıq, vahimə, qorxu yaratmaq, bunun ardınca pozucu qrupları meydana atıb Azərbaycanı idarəolunmaz vəziyyətə gətirmək üçün lazım imiş.
Xoşbəxtlikdən, Azərbaycanın milli qeyrət və məfkurə şəhərində dövlətçiliyimizə qarşı partlayışın fitillərinə od qoyulsa da, partlayış çəlləklərinə yetişdirə bilmədilər. Əslində belə bir partlayış ocaqları da mövcud deyildi. Gözlənildiyinin əksinə olaraq, gəncəlilər fitnə-fəsada uymadılar, təhrikçilərə qoşulmadılar. Nə şəhər rəhbərinə atılan güllə, nə kütləni siyasi qarşıdurmaya yönləndirən təxribatçı çağırışlar, nə də dini ekstremist qrupun hərəkətə gətirilməsi gözlənilən nəticəni vermədi. Çünki indi Azərbaycan sovet imperiyasının çöküşündən sonrakı, müstəqilliyin ilk dövründəki taleyin ümidinə qalmış bir ölkə deyil. 
Azərbaycan dövlətində artıq ölkənin təhlükəsizliyini, torpaqların müdafiəsini, xalqın əmin-amanlığını yüksək dərəcədə təmin edə bilən bir hakimiyyət qərarlaşıb. Hansısa pozucu mərkəz, hansısa düşmən qüvvə xalqı öz dövlətinin taleyinə seyrçi münasibətə, sabitliyin pozulmasının iştirakçısına çevirə bilməz. Amma təəssüf ki, bu yöndə hansısa cəhdlər baş qaldıra bilir, xalqın dincliyi pozulur, həyəcanlı günlər yaşanılır.
Baş verənlər bundan sonra belə pozuculuq hərəkətlərinin heçə endirilməsi, üzə çıxa bilməməsi üçün ciddi düşünməyi, konstruktiv-strateji tədbirlər hazırlamağı tələb edir. Təkcə ondan başlayaq ki, ərazisinin beşdə biri işğal altında olan bir məmləkətin övladları müsəlman ölkələrini qan çanağına döndərənlərin toruna düşüb qaynar nöqtələrdə kimə qarşı döyüşdüyünü bilmədən məhv olurlar. Xarici dini-ekstremist cərəyanlar hələ də hansı yollarlasa ölkəmizdə özünə təəssübkeşlər toplaya bilir. İflas etmiş siyasi müxalifət liderləri elə hey düşmən dairələrin əlində alətə çevrilirlər. Ölkənin informasiya məkanında azad sözün yayılmasına borclu və məsul olan bəzi yazarlar hər cür antimilli yalan və böhtanın yayıcısına çevrilirlər. Belə boşluqların siyahısını xeyli uzatmaq olar.
Müstəqil Azərbaycan dövləti kimlərinsə bəxşişi deyil ki, istədiyi vaxt geri alsın. Şirin yuxuların çin olması da deyil. Bu dövlətin üzərində yüksəldiyi təməl dövlətçiliyin kökü minillərin dərinliyindədir. Bu dövlətin yolunda xalqımızın ən yaxşı oğulları nəsil-nəsil can veriblər. Uludan ulu bir xalqın əbədi mövcudluq cövhərindən mayalanan bu dövlət ötən üç onillikdə yaşamağa, sınaqlardan çıxmağa qadir olduğunu dönə-dönə sübut edib.
Şübhəsiz, baş verənlər hüquq-mühafizə orqanlarının çevik, əlbir hərəkətinin zəruriliyini ortaya qoydu. Əlbəttə, ayıq-sayıqlıqla ən gizlin qəsdləri də qabaqlamaq, zərərsizləşdirmək mümkündür. Ölkənin elmi-strateji mərkəzləri milli təhlükəsizliklə bağlı hələ dövlətin mötəbər yardımçısı, məslətətçisi səviyyəsinə yüksəlməyib.
Düşmənlərin qəsdlərinin baş tutmaması o demək deyil ki, onlar bundan dərs alıb sakit oturacaqlar. Qətiyən, bədxahlarımız bundan sonra daha məkrli olacaq, daha incə və təsirli üsullara əl atacaqlar. Unutmayaq: bu qəsdlər ona görə baş tutmur ki, Azərbaycan xalqı öz dövlətini sevir, yadın necə amansız olduğunu uzaq-yaxın tarixdən yaxşı bilir və onların ölkəyə yaxşı nəsə gətirəcəyinə inanmır. Biz təkcə xalqın zəka və dəyanətinə, ayıqlığına və müdrikliyinə söykənib, təhlükə sovuşdu deyib arxayınlaşmamalıyıq. Bütün dairələrdə və pillələrdə dövlətçiliyə qəsd cəhdi, baş verənlər dərindən təhlil olunmalıdır. Düşmənin əl-qol aça bildiyi, həmlə təşkil etdiyi boşluqlar aşkar edilib təhlükəsizlik tədbirləri ilə möhkəmləndirilməlidir.
Gəncədə sıradan bir terror hadisəsi baş vermədi, dövlətçiliyimizi sarsıtmaq üçün məkrli bir həmlə edildi. Bu cəhdin xarici təşkilatçıları və daxili hərəkətvericiləri sonadək aşkar edilməli, cinayətkarlar qanuni cəzalarını almalıdırlar. Cəmiyyət satqınlıq, xəyanətkarlıq, düşmənlərə qulluq göstərmək kimi ümummilli cinayətə qarşı birləşməlidir. Unutmayaq ki, xarici düşmənin istinadgahı daxildəki xainlərdir. 
Şübhəsiz, Gəncə hadisələrinin dərsləri Azərbaycan cəmiyyətini daha güclü, Azərbaycan dövlətini daha sarsılmaz edəcəkdir.
Rövşən NOVRUZOĞLU,
Beynəlxalq Terrora Qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru,
politoloq, professor

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında