Gəncə sakinləri son günlər şəhərdə baş verən cinayət əməllərini, onların icraedicilərini qətiyyətlə pisləyir, cinayətkarların hamısının tezliklə tapılıb layiqli cəzalarını almalarını istəyirlər. Daim Prezidentin ətrafında sıx birləşən gəncəlilərin ümumi fikri budur ki, şəhərdə baş verən iğtişaş ölkəmizdə sabitliyin pozulmasını istəyən qüvvələrin, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçının atdıqları addımların nəticəsidir.
AZƏRTAC-ın bölgə müxbiri Gəncə sakinləri ilə görüşüb, son günlər şəhərdə baş verən hadisələr barədə onların fikirlərini öyrənib.
Orxan Məmmədov:
– İyulun 10-da Gəncədə baş verən hadisədən də göründüyü kimi, bir qrup şəxs şəhərimizdə sabitliyi, asayişi pozmağa cəhd göstərmişdi. Lakin Azərbaycan polisinin ayıq-sayıqlığı nəticəsində onların planları baş tutmadı. Təəssüf ki, bu təxribatçı əməllərin qarşısının alınması zamanı iki polisimiz şəhid oldu. Bu hadisələr bir daha göstərdi ki, heç bir qüvvə Azərbaycandakı sabitliyi poza bilməz, xalqımız daim Prezidentimizin, dövlətimizin və dövlətçiliyimizin yanındadır. Polisimiz də bir daha ayıq-sayıqlığı ilə nümayiş etdirdi ki, ölkəmizdəki, şəhərimizdəki əmin-amanlığı pozmağa çalışan qüvvələrin qarşısı qətiyyətlə alınacaq. Biz Gəncə gəncləri olaraq, bu cür təxribat əməllərini kəskin qınayırıq.
Gülsüm Fətəliyeva:
– Xalqını, Vətənini sevməyən radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd etdi. Onlar bu qanunsuz əməlləri ilə mənəviyyatlarını göstərdilər. Mən hadisədən bir gün əvvəl şəhid polis zabitimiz İlqar Balakişiyev ilə təsadüfən görüşmüşdüm. O bildirmişdi ki, heç bir narahatlığa ehtiyac yoxdur. Azərbaycan polisi qan tökülməsinə imkan verməyəcək. Təəssüf olsun ki, bütün səylərə baxmayaraq, İlqar müəllim də daxil olmaqla, iki polisimiz şəhid oldu. Gəncə sakinləri bu qəhrəman polislərini izdihamla son mənzilə yola saldı. Qoy mənfur qüvvələr bilsinlər ki, Azərbaycan xalqı öz dövlətini, Prezidentini sevir və onun ətrafında sıx birləşib. Şükürlər olsun ki, hazırda Gəncədə sabitlikdir. Xarici qüvvələrdən pul alıb Vətənini satan xainlərə ar olsun!
Cavid Bağırzadə:
– Şəhərimizdə baş vermiş təxribat xarakterli hadisələr xarici qüvvələrin Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, Azərbaycanın mövcud inkişafını ləngitmək, ölkədə xaos yaratmaq məqsədindən irəli gələn hadisələrdir. Şübhəsiz ki, dövlət orqanları bu istiqamətdə araşdırma aparırlar və şübhə etmirəm ki, tezliklə bütün məsələlər aydınlaşacaq və ictimaiyyətə məlumat veriləcək. Əminəm ki, bütün günahkarlar, səbəbkarlar istintaqa cəlb olunacaq və layiqli cəzalarını alacaqlar. Bu hadisələr təkcə ölkədə sabitliyin pozulmasına yönəlməyib, eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlib. Biz müsəlman Şərqində ilk demokratik, parlamentli cümhuriyyət yaratmış xalqıq, bizim zəngin tariximiz var. Biz qədim dövlətçilik tarixinə malik xalqıq. Şübhəsiz ki, Azərbaycanın inkişafını, onun sabitliyini istəməyən qüvvələr məhz dövlətçiliyimizə, müstəqilliyimizə qarşı bu addımı atıblar. Lakin bu məkrli niyyətlər həyata keçmədi, Azərbaycan polisi, xalqımız onun qarşısını qətiyyətlə aldı. Hazırda dövlət strukturlarının səyi nəticəsində şəhərimizdə sabitlik hökm sürür, Gəncə özünün adi günlərindən birini yaşayır.
Pərviz Adıgözəlov:
– Gördüyünüz kimi, Gəncədə sabitlikdir, insanlar şəhərimizin parklarında dincəlir, istirahət edirlər. Biz gəncəlilər bu sabitliyi, sakitliyi pozmaq istəyənləri lənətləyir və hadisələrin kökünün araşdırılmasını, səbəbkarların tezliklə cəzalandırılmasını istəyirik.
Afaq Qasımova:
– Biz gəncəlilər son günlərdə şəhərimizdə baş verən təxribat xarakterli əməlləri qətiyyətlə pisləyirik. Hazırda şəhərimizdə gördüyünüz kimi, sabitlik tam təmin olunub. Şəhər ictimaiyyətinin üzvləri kimi, biz də qəhrəman polislərimizlə vida mərasimində iştirak etdik. İstərdik ki, bu hadisələri törədənlər tezliklə layiqli cəzalarını alsınlar.
Xatırladaq ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb, 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.