Xalqına, dövlətçiliyinə xəyanət edənlərin cəzası amansız olmalıdır

Bu gün ölkəmizdə, eləcə də dünyada gedən proses və hadisələrdən kütləvi yayım şəbəkəsi ilə ötürülən operativ məlumat ilə xəbər tuturuq. Yəni dünyanın gedişatı daha çox informasiya ilə duyulur. Bəşər övladı internet texnologiyalarından bəhrələnərək dünyanın istənilən ölkəsində baş verən hadisədən dərhal xəbər tuta bilir.
 
Bu, müsbət olduğu qədər də  mənfi nəticələri olan bir gerçəklikdir. Yəni  ilk məlumat hansı məqsədlə ötürülürsə, insanlar da öncə onu elə qəbul edirlər. Bu informasiyanın arxasında dayanan maraq həmişə hadisənin  mahiyyətini dəyişir. Buna görə də bəzən gerçək arxa planda qalır. İnformasiyanın sifarişçisi, yayıcısı, onu tirajlayan qabağa düşüb hansısa məqsədinə çatır. Sonra artıq ikinci mərhələ başlayır. Araşdırmalar, təkziblər həmin informasiyanın gerçək üzünü ortaya çıxarır. 
Təbii ki, yanlış, təhrif olunmuş, yaxud gerçəkliklə əlaqəsi olmayan informasiya auditoriyanın aldadılmasına, çaşdırılmasına səbəb olur. Maraqlı tərəf isə bundan faydalanır. Bu zaman gerçəyi göstərmək üçün əlavə tədbirlər görmək, geniş fikir mübadiləsi etmək zərurəti ortaya çıxır. Bu baxımdan ölkəmizdə baş verən son hadisələrin yayılan informasiyalarda görünən tərəflərini və mahiyyətini göz önünə gətirək. Birmənalı şəkildə görərik ki, Gəncədə baş verən hadisələr dövlətçiliyə, ölkənin sabitliyinə, xalqın əmin-amanlığına qarşı törədilən cinayətdir, siyasi terrordur. Sadəcə, bu cinayəti, terroru planlaşdıran və onun arxasında duran maraqları gizlətmək üçün sosial şəbəkədən, elektron mediadan məqsədli şəkildə istifadə olunur. 
Baş verən cinayətin saxta yozumu ilə, yalan, böhtan yaymaqla kütləvi auditoriyanın diqqəti hadisənin mahiyyətindən yayındırılır. Hadisələrin axarı insanları  məmurlardan, dövlətdən narazı salmağa yönləndirilir. Bu  da açıq şəkildə göstərir ki, Gəncə Şəhər İcra Hakimiyyəti  başçısına atılan güllə öncədən düşünülmüş, planlaşdırılmış və hətta müəyyən dairələr tərəfindən sifariş verilmiş terror hadisəsidir.
Bir anlıq gözümüzün önünə ötən əsrin 90-cı illərini gətirək. Ayrı-ayrı qrupların Azərbaycanı parçalamaq, qarşıdurma yaratmaq cəhdlərini xatırlayaq. Elə həmin dövrdə  ölkənin şimal və cənub bölgələrində separatçıların qızışdırılıb meydana atılması, Gəncədə  hakimiyyət hərislərinin yaratdığı vətəndaş qarşıdurması yenicə müstəqillik yoluna çıxmış Azərbaycanı, az qala, süquta uğratmışdı. Bunun acı nəticəsi o oldu ki, mənim doğma yurdum Laçın və digər rayonlar müdafiəsiz qalıb asanlıqla işğal edildi. Yüz minlərlə soydaşımız  məcburi köçkün həyatına məhkum oldu. Belə bir vaxtda Azərbaycanı yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə dönüşü xilas etdi. 
Kimin kim olduğunu çox gözəl bilən ulu öndər böyük maraqların toqquşduğu Azərbaycanda sabitliyi, əmin-amanlığı, demokratiyanı bərqərar etdi. İnsanlar gördülər ki, məmləkətdə rahat yaşamaq, öz konstitusiya hüquqlarından istifadə etmək mümkündür. Bunun üçün öncə qanunlara sayğı göstərmək, dövlətini, yurdunu sevmək və vətəndaş kimi üzərinə düşən  missiyanı yerinə yetirmək lazımdır.
Qayıdaq Gəncədə baş verən hadisələrə. Görmək və anlamaq çətin deyil ki, bu sifarişli cinayətin, bu məqsədli terrorun arxasında Azərbaycandakı sabitliyi pozmaq, ölkəmizin müstəqilliyinə zərbə vurmaq cəhdi dayanır. Hər bir halda kimisə qətlə yetirmək, güllələmək yolverilməzdir. Axı biz quldarlıq və yaxud ictimai icma dövründə yaşamırıq. Bu gün sivil, demokratik dəyərlər Azərbaycanda kifayət qədər qərarlaşıb. Günahkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanları, məhkəmə sistemi var. Kiməsə kimdənsə narazılığını silahla, öldürməklə, bildirmək hüququ verilməyib.
Araşdırmalar göstərir ki, Gəncədə terror törətmiş Rusiya vətəndaşı Yunis Səfərovun ata nənəsi  Yuxarı Daşkəsən qəsəbəsində yaşayan erməni əsilli Svetlana Akopovna Karapetyandır. Onun anası bir neçə dəfə ayrı-ayrı adamlarla nikahda olub. Həmin dörd kişidən biri də erməni imiş. Bu gün Azərbaycan əleyhinə böyük kampaniya aparan və Azərbaycan dilində danışmaqdan imtina edən Zabil Məhərrəmov da İrəvanda sığınacaq tapıb. Onun yayımladığı verilişdə bayrağın üzərinə terrorçunun, yəni icra başçısına güllə atan Yunis Səfərovun şəkliaqıq-aydın görünür. Görürsünüzmü xəyanətkar qüvvələr ölkəmizə qarşı necə birləşirlər.
Düşmən qucağında oturub insanları etiraza, itaətsizliyə çağıran Zabil və onun kimilər unudurlar ki, bu gün Azərbaycan dünya ölkələri arasında özünü təsdiq etmiş, inkişaf səviyyəsinə görə Avropanın qabaqcıl ölkələri ilə yanaşı dayanan bir məmləkətdir. Bu dövlətin hər bir guşəsində quruculuq, abadlıq işləri sürətlə aparılır. İnsanların normal həyatı təmin olunur.  Təkcə Elmar Vəliyevin Avropa tipli şəhərə çevirdiyi Yevlaxı göz önünə gətirək. Son dərəcə işgüzar, öz ölkəsinə, xalqına sədaqətli bir məmur olan Elmar Vəliyev Prezident İlham Əliyevin bütün tələb və tapşırıqlarını  çox böyük diqqət və bacarıqla yerinə yetirib. Gəncənin bugünkü ürəkaçan mənzərəsində, ölkə başçısının bu şəhərdə qarşıya qoyduğu vəzifələrin gerçəkləşməsində Elmar Vəliyevin  xidməti danılmazdır.
Çox təəssüf ki, Şeyx Nizaminin, Cavad xanın ruhu yaşayan bu şəhərdə bu cür bir terrora imza atıldı, hadisələrin davamında iki nəfər polis zabiti şəhid oldu. Lakin Yunis Səfərov və onu dəstəkləyən ünsürlərin  istəkləri gözlərində qalacaq. Azərbaycanda xalqla iqtidarın birliyini heç kim sarsıda bilməz.  
Sonda bir daha bildirmək istəyirəm ki, məsələnin mahiyyəti  bir kənarda qalır, insanları yalnış informasiyalarla  qıcıqlandırmağa, müəyyən narazılıqlar yaratmağa cəhd edirlər. Amma onlar unudurlar ki, yalan, böhtan yolu ilə xalqımızı öz dövlətinə, köklü maraqlarına qarşı yönəltmək mümkün deyil.
Həqiqət budur ki, Silahlı Qüvvələrin yaradılmasının  100 illiyini təntənəli şəkildə qeyd etməyimiz, keçirilən möhtəşəm hərbi parad Azərbaycan dövlətinə düşmən kəsilmiş xarici qüvvələri və onların içərimizdə olan tör-töküntülərini məyus etdi.  Cavad xanın vətəni olan Gəncə şəhərində baş vermiş dövlətə xəyanətdə əli olanlar layiq olduqları cəzanı almalıdırlar. Amansız cəza Azərbaycan dövlətçiliyinə kəm baxanların hər birinə ibrət dərsi olmalıdır.
 Ramiz CƏBRAYILOV,
Laçın rayonundan məcburi  köçkün, Qarabağ 
müharibəsi veteranı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında