Azərbaycanda qarşıdurma yaratmağa cəhd edənlər arzularına çata bilməyəcəklər

Mingəçevir Su Elektrik Stansiyasının 6-cı blokunda baş vermiş yanğının ardınca iyulun 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş terror, həmçinin iyulun 10-da 150-200 nəfərdən ibarət radikal diniyönümlü bir qrup şəxsin şəhərin baş meydanına toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi və bu zaman iki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi neçə gündür ki, respublikamızda narahatlıq hissi ilə müzakirə olunur.
 
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda göstərildiyi kimi, iyulun 3-də Gəncədə baş vermiş cinayət terror xarakterlidir, cinayəti törədən Yunis Səfərov xarici ölkə vətəndaşıdır.
 Mən Vəliyevləri yaxından tanıyan şəxs kimi deyə bilərəm ki, onlar tutduqları vəzifədən asılı olmayaraq, həmişə dövlətçiliyimizə sadiqdirlər, dinimizə həssas münasibət bəsləyib, ətrafdakı kasıb, imkansız və ehtiyacı olanlara həmişə qayğı göstəriblər. Demək istəyirəm ki, Elmar Vəliyevin dindarları, guya təhqir etməsi, şəhər əhalisinə qarşı kobud rəftarı haqqında yazılanlar cəfəngiyyatdan başqa bir şey deyil. Faktlar isə göz önündədir. Elmar Vəliyev hələ Yevlax Rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə rayonda böyük abadlıq, quruculuq işləri aparılmış, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Yevlax gül-çiçəyə qərq olmuşdur.
Bu gün Gəncə Azərbaycanda ən sürətlə inkişaf edən şəhərlərdəndir. Təsadüfi deyil ki, Nizami yurdu bu il Avropanın gənclər paytaxtı elan olunub. Dövlət başçısının qayğısı, şəhər rəhbərliyinin səyləri nəticəsində Gəncədə son illər xeyli istirahət mərkəzləri tikilmiş, parklar, yaşıllıqlar salınmış, müasir infastruktur yaradılmışdır. Bu işlərdə Elmar Vəliyevin xidmətləri danılmazdır. 
Gəncədə son günlər baş verənlər, asayişi bərpa edərkən polis işçilərinin şəhid edilməsi Azərbaycanın düşmənlərinin nə qədər ağır zərbələr vurmaq planlarının ortaya çıxmasına səbəb oldu. Vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş polis işçilərinə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Bu qətl Azərbaycan dövlətinə, xalqına qarşı törədilmiş cinayətdir və inanıram ki, hüquq-mühafizə orqanlarının səyi nəticəsində hadisəni törədənlər öz layiqli cəzalarını alacaqlar.
Bu hadisə, eyni zamanda, mənə 1993-cü il iyun ayının 4-də Gəncədə xarici qüvvələrin təhriki ilə baş verən hadisələri xatırlatdı. 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıdan göndərilmiş xüsusi təyyarə ilə Naxçıvandan paytaxta gəldi. 1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki mövcud vəziyyəti yerində öyrənmək üçün görkəmli dövlət xadimi Heydər Əliyev həmin gün 30 jurnalistlə birlikdə Gəncəyə getdi. Həmin dövrdə Azərbaycan Respublikası Prokurorluğunda çalışsam da, mən də jurnalistlərlə birlikdə bu səfərin iştirakçısı oldum. Gəncə səfəri zamanı şəhər sakinlərinin dövlətçiliyimizə necə sadiq olduqlarını bir daha yəqin etdim. Gəncəlilər hər zaman Azərbaycan dövlətçiliyinə, inkişaf və tərəqqiyə öz töhfələrini veriblər.
Hər kəs bilməlidir ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər ən ciddi şəkildə cəzalandırılacaqlar. Azərbaycan vətəndaşları üçün dövlətçiliyimiz, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır. 
Zənnimcə, hər hansı səbəbdən, yaxud müxtəlif bəhanələrlə terrora haqq qazandırmaq yolverilməzdir. Sosial medianın istifadəçiləri və KİV nümayəndələri də öz vətəndaşlıq mövqelərini ortaya qoymalı, yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərinə əməl etməli, milli dövlətçilik maraqlarını unutmamalı, baş verənləri obyektiv işıqlandırmalıdırlar.
Əfrahim TƏHMƏZOV, 
ehtiyatda olan ədliyyə polkovniki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında