Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc QULİYEV: Bu hadisələri milli dövlətçiliyə qarşı qəsd hesab edirəm

Son günlər Gəncə şəhərində baş vermiş hadisələr  ölkə ictimaiyyətində ciddi narazılıq yaradıb. Dövlət rəsmilərinə qarşı terror aktı, yüksək rütbəli polis zabitlərinin qətlə yetirilməsi insanların hiddətinə səbəb olub. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı  Fərəc QULİYEVLƏ söhbətimiz bu mövzuda oldu. Deputat dedi ki, mən bu hadisələri milli dövlətçiliyə qarşı qəsd hesab edirəm:
 
–  Gəncə hadisələri dövlət quruluşuna qarşı sui-qəsdir. Əgər kimsə  rayon rəhbərliyindən narazı idisə, idarəetmədə qüsur var idisə,  bunu qanun çərçivəsində həll etməli idi. Əgər şəhər icra hakimiyyəti barəsində deyilənlər doğru olsa  belə, terrora əl atmaq  vəhşilikdir. Bu, milli dövlətçiliyə qarşı terrordur. Belə bir hərəkətın  əsl islamçı tərəfindən törədilməsi inandırıcı deyil. Çünki  bütün imanlı insanlar sülh dini olan İslamı olduğu kimi təqdim edirlər.  Yalnız  İslam dininə qarşı olanlar  bu dini gözdən salmağa çalışırlar.  Xarici dövlətlərdəki antiazərbaycan qüvvələrin əlində alətə çevrilmiş radikal dini qurumların üzvləri özlərini mömin insan kimi təqdim edərək, din pərdəsi altında min bir oyundan çıxır, dinə ləkə vururlar. Bütün bunların fonunda bir daha qeyd edirəm ki, Gəncə şəhərində baş vermiş hadisə dövləti cinayətdir və bunun İslam dininə heç bir aidiyyəti yoxdur. Bu iğtişaşları törədənlər və onların təşkilatçıları Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələrdir.
Hesab edirəm ki, belə bir dəhşətli hadisə yalnız ictimai qınağa səbəb olmamalı, eyni zamanda, günahkarlar tapılıb ciddi cəzalandırılmalıdır.  Bu hadisələri törədənlər  qanun qarşısında cavab verməli, ən sərt şəkildə cəzalandırılmalıdırlar. Təəssüf edirəm ki, bəzi müxalifət nümayəndələri həmişə olduğu kimi, yenə də belə hadisələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar.  Onlar özlərini dövlətçiliyə qarşı müxalif kimi aparırlar. Əslində, biz iqtidara qarşı müxalifətik. Siyasi partiya mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs Vətənini, xalqını millətini sevməlidir. Dövlətə qarşı müxalifətdə olanlarla terrorçuların heç bir fərqi yoxdur. Sosial şəbəkədə tez-tez görürəm ki, özlərini müxalifət adlandıranlar bu terror aktını törədənlərə dəstək verir, onları az qala qəhrəman hesab edirlər. Belə  müxalifət nümayəndələrinin özləri də terrorçudan geri qalmırlar.  
Mən təklif edirəm ki, terrorçulara dəstək verənlər, hətta onların mənsub olduqları siyasi partiyalar  qanun qarşısında cavab versinlər.  Azərbaycanda  ictimai-siyasi sabitliyi pozmağa yönəldilmiş bütün hərəkətlərin qarşısı qanunla alınmalıdır. Mən bu hadisələrə yalnız bir ad verirəm: dövlətə qarşı terror.
 
Söhbəti qələmə aldı: 
 Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında