“Odlar Yurdu” təşkilatının rəhbəri: gənclər hər zaman dövlətin yanındadır

Son günlər Gəncədə baş vermiş olaylar bütövlükdə ölkə ictimaiyyətini narahat edir. İyulun 10-da saat 20 radələrində Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs dövlətçilik əleyhinə şüarlar səsləndirməklə ictimai asayişi kobud surətdə pozmağa cəhd göstərib. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində bu cəhdin qarşısı alınsa da, iki yüksək rütbəli polis əməkdaşı şəhid olub. Baş vermiş hadisə ilə bağlı Gəncədə fəaliyyət göstərən “Odlar Yurdu” Gənclər İctimai Birliyinin rəhbəri Nigar Ələsgərovanın fikirlərini öyrəndik. O dedi:
 
– Gəncə gəncləri həmişə öz intellektual potensialı və müxtəlif sahələrdə qazandıqları yüksək nailiyyətləri ilə seçiliblər. Gəncənin adı həmişə müsbət mənada çəkilib. Hətta 2016-cı ildə Gəncə “Avropa – 2016 Gənclər paytaxtı” kimi bütün Avropanın diqqət mərkəzində oldu. Lakin son günlər baş vermiş məlum olaylar hamı kimi biz Gəncə gənclərini də üzür. 
Son günlər Gəncəmizdə bir qrup radikal şəxsin təşkil etdiyi iğtişaşlar məni də çox narahat edir. Çünki bu cür cəhdlər nəticədə xalqa və dövlətə ziyan vurur. Bu cür hadisələrin bircə məqsədi var: cəmiyyətdə sabitliyi, təhlükəsizliyi pozmaq və ölkədə xaos yaratmaq. Gəncə paytaxtımız Bakıdan sonra ölkənin ikinci böyük şəhəridir. Qədim və şərəfli tarixə malik bu şəhərin sakinlərini təxribata çəkməyə cəhdetmə səbəblərindən biri də, yəqin, elə bununla bağlıdır. İğtişaşçıların kəsici-deşici alətlərlə silahlandırması, ətrafdakı insanların həyatına təhlükə yaratması və hətta asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsinə nə ad vermək olar?! Bir qrup insanın din pərdəsi altında gizlənərək, bu cür xoşagəlməz hadisələr törətməsi təkcə Gəncənin yox, ümumilikdə ölkəmizin adına yaraşmayan addımdır.
 Bu gün Azərbaycan təkcə regionda deyil, bütövlükdə beynəlxalq aləmdə öz sabitlik və təhlükəsizliyi baxımından seçilir. Odur ki, Azərbaycanı sevməyən bəzi qüvvələr aranı qarışdırmaqla bu sabitliyi pozmağa cəhd etsə də,  uğursuzluğa düçar oldu. Çünki Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən bu yana, daha da güclənib. Dövlət və xalq arasında dərin etimad mövcuddur. Bu etimadı və birliyi heç bir kənar qüvvə sarsıda bilməz. 
Azərbaycan polisinin 100 yaşının təntənəli şəkildə qeyd edildiyi ildə hadisələr zamanı yüksək rütbəli iki polis əməkdaşının şəhid olması ictimaiyyətdə də böyük üzüntü doğurdu. Vətənini, millətini, dövlətini sevən hər bir şəxs yaxşı dərk edir ki, onların sabitliyini və təhlükəsizliyini qoruyan polis əməkdaşına xəsarət yetirilməsi, elə dövlətçiliyə, müstəqilliyə qarşı cinayət və terror deməkdir. Axı Azərbaycan polisi bu dövlətin ən təhlükəli illərində öz cəsurluğu və fədakarlığı ilə seçilmiş, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmışdır. Bu gün də şərəflə o missiyanı yerinə yetirən polislərimiz var. 
Gəncə sakinləri, xüsusən biz gənclər onları təxribata çəkməyə cəhd edən və sabitliyi pozmaqda maraqlı olan qüvvələri qətiyyətlə pisləyirik. Gənclər hər zaman dövlətimizin yanındadırlar. Biz dövlətimizə qarşı çıxan təxribatçı fikirlərə qətiyyətlə “yox!” deyirik.
Söhbəti qələmə aldı: 
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında