Azərbaycanın sürətli inkişaf yolunda ianmla irəliləməsi, beynəlxalq aləmdə reytinqinin getdikcə artması, “xalq-iqtidar” birliyinin daha da möhkəmlənməsi antizərbaycan dairələri ciddi təşvişə salıb. Ölkəmizin inkişafını həzm edə bilməyən belə qüvvələr son vaxtlar dini radikal qurumun nümayəndələrindən istifadə edərək, din pərdəsi altında iğtişaşlar törədir, adını islamçı qoyanlar insanları vəhşicəsinə qətlə yetirir, hakimiyyəti zorla ələ almaq istəyirlər. Bütün bunlar dini dəyərləri gözdən salır.
Son günlər Gəncə şəhərində törədilən terror aktı, icazəsiz aksiya və iki polis zabitinin qətlə yetirilməsi də dini radikal qurumun nümayəndələrinin iğtişaşları davam etdirməsindən xəbər verir.
Bəs niyə hədəfdə Gəncədir?
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman NƏSİROV son vaxtlar baş verən hadisələrə münasibət bildirərkən dedi:
– İyulun 10-da axşama yaxın Gəncə şəhərində baş verən iğtişaşlar, əslində, bu ayın 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı ilə birbaşa əlaqəlidir və onun davamıdır. Bu iğtişaşın iştirakçılarını real və potensial terrorçu hesab etmək düzgün olardı. Çünki onların hərəkətlərinin bütün mötivləri siyasidir. Yəni, onlar adi cinayətkar deyillər. Hərəkətləri, davranışları siyasi motivlidir, məqsədləri də aydındir. Onlar öz çirkin niyyətlərini minimum və maksimum planlar əsasında reallaşdırmaq istəyirlər. Minimum plan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə iğtişaşlar törətmək, sabitliyi pozmaq, təhlükəsizlik mühiti yaratmaq, vətəndaş itatətsizliyinə nail olmaqdır. Maksimum planları isə bu iğtişaşları respublikamızın digər böyük rayonlarında törətməklə, nəhayət, paytaxt Bakıya çatdırmaq, sonra da hakimiyyəti qeyri-konstitusion yolla ələ almaqdır. Dini radikal qurumun nümayəndələrinin son məqsədləri də bəllidir. Onlar hakimiyyəti zorla zəbt etmək, konstitusiya quruluşunu devirmək və Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlət yaratmaq istəyirlər. Bunun üçün də ilk hədəf Gəncə şəhəri seçilib.
– Bu hadisələri törədənlərin radikal dini qruplaşmaların üzvlərinin olmasını təsdiqlyən faktlar varmı?
– Son vaxtlar baş verən hadisələrə nəzər yetirdikdə, bu barədə araşdırma aparmağa ehtiyac yoxdu. Çünki son günlər ölkədə cərəyan edən hadisələr də bunu təsdiqləyir. İyulun 3-də Gəncədə törədilən hadisənin “İslam birliyi hərəkatı” deyilən qurumun üzvləri tərəfindən təşkil və icra olunduğu artıq ictimaiyyətə bəllidir. Onların qabaqcadan hazırladıqları və sosial şəbəkələr vasitəsilə yaydıqları audio səs yazıları və videoları da bunu təsdiq edirdi. Hər şey tam şəkildə aydın hiss olunurdu. Onlar ilk növbədə bütün hərəkələrinə dini məzmun verir, sonra isə siyasi məqsədlərinə nail olmaq istəyirlər. Bunu iyulun 10-da Gəncədə törədilən iğtişaşlar da təsdiqləyir. 150-200 nəfərin iştirakı ilə həyata keçirilməyə cəhd göstərilən bu xoşagəlməz hadisə siyasi motivli terror əməli idi. Bildiyiniz kimi, terror əməlində ilk növbədə təşkilatçılar və icraçılar, sonra isə onların qurbanları olur. Gəncədə 150-200 nəfərdən ibarət olan radikal dini qruplaşmaların üzvləri olan iğtişaşçılar icraçılardır. Amma onların arxasında təşkilatçılar dayanır. İlkin mülahizəlrdən aydın olur ki, bu təşkilatçılar daha çox bəzi xarici ölkələrdəki antiazərbaycan, antimüəsləman qüvvələr tərəfindən idarə olunur. Göründüyü kimi, onlar radikal dini qruplaşmaların nümayəndələrindən istifadə edərək, ölkmizlə bağlı öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər.
– Azərbaycanın güclü dövlət olması bu gün dünya birliyində də etiraf olunur. Sizcə, antiazərbaycan qüvvələr öz çirkin niyyətlərini belə asanlıqla həyata keçirə bilərlərmi?
– Təbii ki, yox! Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan güclü dövlətdir və ölkəmiz müstəqillik tarixində heç vaxt indiki qədər güçlü olmayıb. Onu da qeyd edim ki, respublikamıza daxildən heç bir təhdid və risklər yoxdur. Təhdid və risklər yalnız xaricdən ixrac oluna bilər. Lakin bunu təşkil edənlər də heç bir halda öz məqsədlərinə nail ola bilməzlər. Azərbaycan güclü dövlətdir, ölkədə davamlı sabitlik , təhlükəsizlik mühiti var. Bizim gücümüzün kökündə dayanan isə ” xalq-hakimiyyət” birliydir. Ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olmasını son illər nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini Bakıda keçirmələri də təsdiqləyir. Bu, dövlət başçısının dediklərini təsdiqləyən əyani faktdır. Məsələyə bu baxımdan yanaşanda radikal dini qruplaşmaların üzvlərinin, terrorçuların Gəncə şəhərində törətdikləri antikonstitusion əməllərin arxasında xarici ölkələrdəki antizərbaycan qüvvələrin dayandığı heç kimdə şübhə doğurmur. Sadəcə bu terrorçu, radikal dini qruplaşmaların üzvləri bir şeyi səhv salıblar. Nədir bu “səhv”? Unudurlar ki, Azərbaycan dövləti, eyni zamnda, republikanın ikinci böyük şəhəri olna Gəncə belə çirkin niyyətləri, terrorçu məqsədləri həyata keçirmək üçün məkan deyil və ola da bilməz! Vaxtilə bu qüvvələr Azərbaycanı Livana, Bakını Beyruta çevirmək istəyirdilər. İndi isə həmin qüvvələr Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirmək istəyirlər. Ancaq arzuları ürəklərində qalacaq. Çünki bu, mümkün olan məsələ deyil. Fikir verin, həmin qüvvələr nəyəsə arxayın olub Gəncədə iğtişaşlar törətmək istəyirdilər. Ancaq onların bu çirkin niyyətlərinin qarşısını almağa cəmi 30 dəqiqə vaxt sərf olundu. Radikallar öz çirkin planlarını həyata keçirmək üçün 30 dəqiqə davam gətirə bildilər. Bu qüvvələrə bir daha aydın oldu ki, Azərbaycan dövləti çox güclü, qüdrətlidir.
Bizim gücümüz ondadır ki, xalq indi beynəlxalq aləmdə hansı oyunların getdiyindən yaxşı xəbərdrdır. Artıq istimiayyətə də bəllidir ki, bu iğtişaşlara niyə məhz Azərbaycanda törədilməyə cəhd edilir? Bu sualın cavabı həmin qüvvələrə yaxşı bəllidir. Çünki, son 15 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin dünyadakı nüfuzu getdikcə artır, əlaqələri möhkəmlənir. Azərbaycanda “iqtidar-xalq” vəhdəti, səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi var. Belə olan vəziyyətdə antiazərbaycan, islamofob qüvvələrin yuxusuna haram qatılır. Onlar xoflanırlar ki, axı elə də böyük olmayan Azərbaycan dövləti müsəlman aləmində sürətlə inkişaf edir, sabitlik adasına çevrilir, dünya birliyindəki nüfuzu getdikcə artır. Düşünürlər ki, ölkənin müxtəlif regionlarında iğtişaşlar törətməklə bu inkişafın qarşısını ala və beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdıra bilərlər. Bu yolda radikal dini qruplaşmalardan istifadə edərək terror aktları törədir, hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurma yaradır, hətta onları da qətlə yetirirlər. Bu çox çirkin bir mübarizə üsuludur. Onlar əmin ola bilərlər ki, çirkin niyyətlərini davam etdirə bilməyəcək və layiqli cavablarını alacaqlar.
Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.