Bu gün Azərbaycan Respublikası demokratik dəyərlərə əsaslanan inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində həyata keçirdiyi siyasət xalqımızın tarixi ənənələrinə əsaslanmaqla, digər dövlətlərə nümunə olacaq səviyyədədir. Sağlam cəmiyyətin, güclü dövlətin təməli kimi şəxsiyyət yönümlü siyasəti özünün başlıca hədəfi elan edən Azərbaycan dövləti hər bir vətəndaşına yüksək dəyər verir. Əlbəttə, müharibələrin, terror aktlarının, təlatüm və çaxnaşmaların tüğyan etdiyi müasir dövrdə insani dəyərlərə əsaslanan siyasətin ardıcıl şəkildə, dönmədən həyata keçirilməsi böyük qüvvə və ən başlıcası siyasi iradə tələb edir.
AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu gün Azərbaycanın dünyəviliyə, insani dəyərlərə, humanizmə əsaslanan siyasi kursu inamla davam etdirilir. Bütün bunlar başda ölkə rəhbərliyinin və hər bir azərbaycanlının yorulmaz əməyinin nəticəsidir. Ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında bu siyasətin əvəzsiz rolu var. Əlbəttə, bu sahədə ölkənin güc strukturlarının səmərəli fəaliyyəti də xüsusi qeyd edilməlidir. Milli təhlükəsizliyin əsas komponenti olan daxili təhlükəsizliyin etibarlı təmin edilməsində hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi bütün lazımi tədbirləri görür. Vətənə, xalqa sədaqəti ilə fərqlənən Azərbaycan polisi Gəncədə baş verən iğtişaşların qarşısının alınmasında bunu bir daha göstərdi. Hamılıqla bir daha şahidi olduq ki, daxili sabitliyin və rifahın təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti əvəzsizdir. Vəzifə borcuna sadiq qalan polislərimiz konstitusion dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdlərin qarşısını öz canları bahasına qətiyyətlə aldılar.
“Təəssüf ki, ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələrin Azərbaycanda çirkin niyyətlərinin təmin olunmasına xidmət edən bu cəhdlərə bəzi daxili qüvvələr də cəlb olunublar. Ölkənin dünyəvi, demokratik konstitusion dövlət quruluşunu dəyişməyə, dövlət idarəçiliyi modelini sarsıtmağa yönəlmiş belə cəhdlərlə Azərbaycan müstəqilliyin bərpasının ilk illərində də qarşılaşmışdı. Ancaq xalqımızın iradəsi, mərdliyi, eləcə də, ulu öndər Heydər Əliyevin yürütdüyü düzgün, uzaqgörən və qətiyyətli siyasət sayəsində bu cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Həmin qüvvələri həmişə eyni tale gözləyir. Çünki Azərbaycan indi əvvəlki illərdə müqayisə olunmayacaq dərəcədə güclü və inkişaf etmiş dövlətdir və heç bir qüvvə ölkəmizi inkişaf yolundan döndərə bilməz”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi, ordumuzun möhtəşəm hərbi paradı bizi istəməyən bəzi məkrli qüvvələrdə qısqanclıq və paxıllıq hissini artırıb. Bütün bunlar din pərdəsi arxasında gizlənən və dindən öz məqsədləri üçün istifadə edən simasız və mənfəət güdən qüvvələrin riyakar fəaliyyətindən başqa bir şey deyil.
“Veteranlar xalqımızı cəmiyyətdə nifaq yaradacaq fəaliyyətlərə qarşı olmağa, dözümlülük nümayiş etdirməyə səsləyir, hər zaman olduğu kimi, bu hadisələrin səbəbkarlarının tezliklə layiq olduqları cəzaları alacaqlarına inanırlar. Azərbaycan Ordusu, polisi və digər güc strukturları sabitliyin təmin edilməsinin qarantıdır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodalizm qaranlığının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyər verilmədiyi ölkələrin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır. Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz”, - deyə C.Xəlilov vurğulayıb.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.