“Azərbaycan öz xarici siyasət kursunda əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir və bu, bəzi xarici dairələr, həmçinin ermənipərəst mərkəzlər tərəfindən qısqanclıqla qarşılanır. Bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir”.
Bu fikirləri Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Sevinc FƏTƏLİYEVA səsləndirdi.
O dedi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev keçirdiyi bütün görüşlərdə, həmçinin ən yüksək tribunalardakı çıxışlarında ilk növbədə əzəli Azərbaycan ərazisi olan Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bunun da nəticəsində tarixi-mədəni abidələrin yerlə-yeksan edildiyini, bir milyondan artıq soydaşımızın doğma dədə-baba yurdlarından didərgin salındığını diqqətə çatdırır : “İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı öz nitqində bu məsələyə bir daha münasibət bildirdi. Ölkə başçısı dedi ki, beynəlxalq əlaqələrimiz möhkəmlənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək artır. Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Dövlət başçımız vurğuladı ki, əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Möhtərəm Prezident bir daha bəyan etdi ki, Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb”.
S.Fətəliyeva Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun getdikcə artmasını da diqqətə çatdırdı. Dedi ki, bu uğurlu inkişafımız və digər müsbət reallıqlar dostlarımızı sevindirir, antiazərbaycan dairələr tərəfindən isə narahatlıqla qarşılanır. Azərbaycanın müstəqil siyasət həyata keçirməsi – ümummilli məsələlərlə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar prinsipial mövqeyindən bir addım belə geri çəkilməməsi ilə bağlıdır.
Deputat qeyd etdi ki, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir: “Azərbaycan bu istiqamətdə prinsipial mövqeyini, işğal edilmiş torpaqlarımızın azad edilməsi – ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün fəaliyyətini davam etdirir. Ölkəmiz üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir”.
S.Fətəliyevanın fikrincə, bütövlükdə, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək, konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir: “Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistanın və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb”.
“Hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir”– deyən S.Fətəliyeva diqqətə çatdırdı ki, artıq dünya ictimaiyyəti anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir: “Yəni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Əlbəttə ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam hüququ var. Sadəcə, dövlətimiz qan tökülməsini istəmir”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.