Azərbaycanın aranı da, dağı da füsunkardır

“Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında, Bakı parlayan bir ulduzdur.” – Bu fikirlər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımızın yekun nitqindəndir.
 
 Mən həmin müşavirəni diqqətlə izlədim. Cənab Prezident şəhərimizin gözəlliyindən danışanda isə xəyal məni ötənlərə apardı, Bakının əvvəlki görkəmi gözüm önünə gəldi. Yöndəmsiz tikilmiş daxma evlər, küçələrdəki qeyri-qanuni bazarlar, natəmizlik, antisanitariya baş alıb gedirdi. Ərzaq malları gün şüalarının təsirindən keyfiyyətini dəyişir və bu da qida zəhərlənmələrinə gətirib çıxarırdı. Bir həkim kimi, təbii ki, bunlar bizim diqqətimizi daha tez cəlb edirdi. 
 Amma indiki Bakını görən onun keçmişi ilə müqayisə olunmayacaq dərəcədə dəyişdiyinin şahidi olur. Küçələr genişləndirilmiş, yollar təmir olunmuş, köhnə binaların fasadı təzələnmişdir. Baxdıqca göz oxşayır.
 Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin lap önündə akademikin adına salınmış park var. Gözoxşayan, səliqəli, yaşıllıqlar qoynunda salınmış bu parkda gecə yarısınadək 4, 6, 9-cu mikrorayonların sakinləri istirahət edirlər. Uşaqlar üçün karusellər, maşınlar, yelləncəklər var. 
 Lap bu yaxınlarda daha bir istirahət sahəsi böyüklərin və uşaqların ixtiyarına verildi. 4-cü mikrorayondan Nəsimi metrosuna gedən istiqamətdə uşaqların istirahəti üçün müxtəlif yelləncəklər, sürüşmə sahələri, böyüklər üçün isə idman qurğuları quraşdırıldı. Zibilliyə çevrilmiş ərazi təmizləndi, yaşıllıq sahəsi genişləndirildi və baxımlı istirahət məkanı yaradıldı. Burada hər yaşdan olan insanın dincəlməsi üçün şərait var. İndi orada yenə iş gedir. Yəqin ki, həmin istirahət sahəsini yolboyu genişləndirmək istəyirlər. Bütün bunlar xalq üçündür, mədəni istirahət üçündür ki, işdən-gücdən yorulanda, macal tapıb ağac kölgəsində dincəlmək mümkün olsun.
Cənab Prezident nitqində dedi: “Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. ...Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır”. 
Bəli, onlarca, yüzlərlə belə işlər indi göz qabağındadır. Mən ancaq iş yolumun üstündəki iki istirahət zonasının adını çəkdim. Bakının hansı tərəfinə üz tutsaq, eyni mənzərənin şahidi olarıq. Parklarda uşaqlar üçün yaradılan pulsuz əyləncə məkanlarındanmı deyim, orada sərinlənmək üçün yaradılan kölgəliklərdənmi danışım, yoxsa istifadəsi uzun müddət unudulmuş, son zamanlar yeni nəfəs verilən fəvvarələrdənmi? 
Azərbaycanımızın hər yeri gözəldir –aranı da, dağı da. Hər fəsli füsunkardır – qışı da, yayı da... Biz də Allahın verdiyi bu nadir təbiətin qədrini bilməli, təbiəti də, yaradılan, insana xidmət üçün qurulan məkanları da qorumalıyıq. Qorumalıyıq ki, bizdən sonra gələnlər də bu gözəlliklərdən zövq alsınlar. 
Yazgül ABDIYEVA,
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
elmi məlumat və təşkilati metodik bölməsinin rəhbəri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında