Son 15 ildə bütün istiqamətlər üzrə aparılan islahatlar ölkəmizi daha da gücləndirib

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərək bildirdi ki, iqtisadi baxımdan son 15 ildə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta bir neçə il bundan əvvəl dünyanı bürüyən maliyyə böhranı şəraitində respublikamız öz iqtisadi gücünü tətbiq etdiyi antiböhran siyasəti sayəsində qoruya bilib. 
 
Bu məsələ ilə bağlı AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Əli Nuriyev söhbət zamanı dedi:
– Azərbaycanın yenidən müstəqillik əldə etdiyi ilk illər çox ağır keçib, respublikamız böyük fəlakətlərlə üzləşib. O zaman gənc müstəqil dövlətimiz, demək olar ki, uçurumla üz-üzə qalmışdı. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti, qətiyyəti, insanların dahi şəxsiyyətə olan inamı xalqımızı, dövlətimizi bu ağır vəziyyətdən çıxara bildi və bundan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. 
Sabitliyin qorunması son 15 il ərzində də prioritet məsələ kimi daim gündəlikdə olub. Bu məsələdə, əlbəttə, dövlət siyasəti, xalqla iqtidar arasındakı birlik xüsusi rol oynayıb. 
Sözügedən dövrdə yaşadığımız bölgədə və dünyada baş verən hadisələr- qanlı toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi-maliyyə böhranları Azərbaycandan yan keçib. Möhtərəm Prezidentimizin düşünülmüş siyasəti, qətiyyəti ilə Azərbaycan xalqı və dövləti bütün risklərdən, təhlükələrdən qoruna, müdafiə oluna bilib, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb. 
Təhlükəsizlik, sabitlik olmadan isə heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə də son 15 il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülən təşəbbüslər sabitlik, əmin-amanlıq şəraitində reallaşıb, əldə edilən uğurlar ölkəmizi daha da gücləndirib və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılıb. 
Ötən müddətdə Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə gedib, ölkəmiz demokratiya yolu ilə uğurla addımlayıb və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsinə çevrilib. Respublikamızda siyasi azadlıqlar, söz, mətbuat, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. 
Bax, elə bütün bunlara görə də iqtisadi sahədə böyük uğurlara nail olunub. Nazirlər Kabinetinin sonuncu iclasında möhtərəm dövlət başçımız bu barədə dedi ki, Azərbaycanda inkişafın təməlində həm düşünülmüş siyasət, güclü iradə, həm də güclü iqtisadiyyat dayanır. Biz hazırda heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və mühüm iqtisadi nailiyyətlər əldə etmişik. 
Son 15 ildə olduğu kimi, cari ilin 6 ayında da iqtisadi şəraitə uyğun həyata keçirilən rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar, görülən sistemli tədbirlər qlobal və regional risklərin neytrallaşdırılmasına imkan yaradıb, valyuta ehtiyatlarımız maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynayıb, ölkəmizdə sosial proqramların icrası uğurla davam etdirilib.
Hesabat dövründə müəyyənləşdirilən strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədi ilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb. Nətcə isə sevindiricidir: ümumi daxili məhsul istehsalında 1,3 faiz, qeyri-neft sektorunda 2 faiz, qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub.
İlin birinci yarısında infrastruktur layihələri də uğurla reallaşdırılıb. Qazlaşdırmanın bu ilin sonuna qədər 95 faizə çatdırılması nəzərdə tutulub. İçməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. 
Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü və ümumi infrastrukturun inkişafına görə 26-cı yeri, xalqın iqtidara dəstəyinə görə isə 20-ci yeri tutur. 
Bax, bu rəqəmlər son 15 ildə Azərbaycanın əldə etdiyi böyük uğurları əyani şəkildə göstərir. Bu, həm də cənab İlham Əliyevin yeritdiyi müdrik siyasətin xalq tərəfindən dəstəkləndiyindən xəbər verir.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında