İndiki zamanda ölkədə dini dövlət qurmaq istəyi xalqı geri çəkməkdən başqa bir şey deyil

Buna cəhd edənlər üzləşəcəkləri cəzanı indidən göz altına alsınlar
Tələm-tələsik, faktın mahiyyətini öyrənmədən verilən qərarların nəticəsi həmişə belə olub və gələcəkdə də belə olacaq. İstənilən hadisəyə və ya fakta bilavasitə öz fantaziyasına uyğun münasibət bildirənlərin böyük əksəriyyəti sonda xəcalətli olublar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsd (sonradan məlum oldu ki, həmin hadisə sui-qəsd yox, məhz terrordur) faktına münasibət bildirənlər də onlarca versiya üzərində “işlədilər”. Sonra məlum oldu ki, bu qəsd  tamamilə başqa istiqamətdə hazırlanıb və icra edilibmiş. 
 
Sadə vətəndaşlar, sosial şəbəkədə öz hesabı olan soydaşlarımız terrorçunu qəhrəmana çevirən çıxışları ilə ölkədə kimisə inandırmağa çalışır, bəzi saytlar isə heç kəsin inana bilməyəcəyi uydurmaları bilavasitə həqiqət kimi qələmə verirdilər. Sadə vətəndaş, bəlkə də “bilmədim” – deyə özünü məsuliyyətdən qurtara bilərdi. Bəs saytlar nə üçün öz sözlərinin, ittihamlarının məsuliyyətini dərk etmirlər? Axı ölkədə Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunlar var. KİV təmsilçisi həmin qanunlara riayət etməlidir. Etmirsə, qanunauyğun şəkildə cəzalandırılmalıdır. 
Biz bu sətirləri qələmə alarkən kimisə ittiham etmək istəyindən uzağıq. Bu işi müvafiq dövlət qurumları yerinə yetirəcəklər və Baş prokurorluq bu barədə xüsusi xəbərdarlıq edib. Söhbət ondan gedir ki, səbəbi və məqsədi gün kimi aydın olan bir hadisəni tamamilə başqa səmtə istiqamətləndirənlər sadəcə terror aktını  dəstəkləyirlər. Bir şəxs ki, ölkədə radikal İslami təfəkkürün yayılmasına xidmət edir, bu məqsədlə xarici ölkələrin birində nəzəri, digərində təcrübi biliklər toplayandan sonra əməli “işə keçir” – onun dəstəklənməsi nə qədər məqbuldur?  
Bildirilir ki, həmin gün ölkədə vəziyyət fərqli idi. Ölkə başçısı İlham Əliyevin son müşavirədə qeyd etdiyi kimi, bəzi məmurların məsuliyyətsizliyi səbəbindən az qala bütün Azərbaycan qaranlığa qərq olmuşdu. Təbiidir ki, belə günlərdə dövlət qurumlarından, xüsusilə də rayon və böyük şəhərlərin rəhbərlərindən daha həssas olmaları, xalqın problemləri ilə yaxından maraqlanmaları tələb olunurdu. Tələblərə uyğun olaraq, Elmar Vəliyev də iş başındaydı. Deyilənə görə, məlum hadisədən bir neçə saat əvvəl yaranmış enerji böhranı ilə bağlı müşavirə keçirib. Sonra isə əhalinin problemləri ilə maraqlanmaq üçün icra hakimiyyətinin inzibati binasının qabağına çıxmaq istəyirmiş və elə həmin anda da Azərbaycanı silkələyən bir cinayət hadisəsi baş verib. 
Yəni icra başçısı bilavasitə iş başında, vəzifə borcunu yerinə yetirərkən sui-qəsdə məruz qalıb. Bu isə birmənalı şəkildə  dövlətin fəaliyyətinə qəsd kimi qiymətləndirilməlidir. Ancaq çox təəssüf ki, bir neçə sayt bu məsələni bilərəkdən qarışdırır ki, bəlkə ölkədə vəziyyətin  qarışmasına nail oldular. Buna isə xalqın qətiyyəti və dövlətin qüdrəti imkan verməyəcəkdir. 
Fikrimizi Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatından seçdiyimiz cümlələrlə tamamlayırıq : “Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə (“facebook”, “twitter”, “instagram” və s.) “Kütləvi informasiya vasitələri” haqqında Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla,  ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq-mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcəkdir”.
Fikrimizcə, bundan aydın xəbərdarlıq ola bilməzdi. İndi qalır hərənin öz məsuliyyətini başa düşməsi. Kim dərk edəcək, vətəndaşlıq məsuliyyətini başa düşəcək, çox yaxşı. Başa düşməyənlər isə özləri bilsinlər. 
İldırım İSMAYIL

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında