Qüdrətli ordumuz qürur mənbəyimizdir

Ötən il beynəlxalq təşkilatların nümayəndələri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə getmişdik. Hazırda  az qala bütün dünyanın  tandığı  bu kəndə getməyim təsadüfi olmamışdı. Oğlum Rzayev Faiq Hüseynağa oğlu 1994-cü ildə  Cocuq Mərcanlının azadlığı uğrunda  döyüşlərdə şəhid olmuşdu. Üç il əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdu.
 
İlk dəfə Cocuq Mərcanlıya 1994-cü ilin martında getmişdim. O zaman həmin kənddə qızğın döyüşlər gedirdi. Xəbər gəldi ki, Cocuq Mərcanlıya gedən  6 nəfərdən ibarət kəşfiyyat qrupu Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb.  Oğlum və digər beş nəfər səhərə qədər düşmənə qarşı vuruşaraq, mühasirəni yarmış və  özünü yetirən Silahlı Qüvvələrimizin köməyi ilə Cocuq Mərcanlı düşməndən azad edilmişdi. O hadisədən 24 il sonra  yenidən həmin kəndə getdim. Bu dəfə kəndin azadlığı uğrunda canını qurban vermiş şəhidin anası kimi.
Hər bir azərbaycanlının qürur mənbəyi olan qüdrətli ordumuzun iki il əvvəl Ermənistan silahlı qüvvələrinə vurduğu ağır zərbə  yaxşı yadımızdadır. Bu zərbə nəticəsində düşmən tərəf silah-sursatını ataraq qaçdı. 24 ildən sonra Cocuq Mərcanlı kəndinin sakinləri yenidən doğma ata-baba ocaqlarına qayıtdılar. İndi bu kənddə 150-dən artıq ailə yaşayır. Onların təhlükəsizliyi tam təmin olunub. Həmin ərazidə olan Lələtəpə yüksəkliyinə  bizim ordumuz nəzarət edir. Artıq Ermənistana və dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycanın yenilməz, qüdrətli ordusu var.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad  zamanı nümayiş olunan silah-sursat, hərbi texnika və digər avadanlıq bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dedi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Ali Baş Komandan  bildirdi ki, hazırda Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. 
Ordu quruculuğu  daim dövlətimizin diqqət mərkəzində saxladığı sahələrdəndir.  Təbii ki, güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu da ordu quruculuğunun inkişafında böyük rol oynamışdır.
Ordumuzun döyüş qabiliyyəti getdikcə artır.  Son illərin hadisələri də təsdiqləyir ki, Azərbaycanda çox yüksək vətənpərvərlik ruhu var. 
Dövlətimizin başçısının dediyi kimi, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək. Biz buna inanırıq və həmin günü səbrsizliklə gözləyirik!
Rüxsarə MƏMMƏDOVA, 
şəhid anası

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında