Azərbaycanda vətəndaşların fasiləsiz enerji ilə təminatı diqqət mərkəzində saxlanılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın enerji sistemində yaranan vəziyyətlə əlaqədar keçirilən müşavirədə dövlətimizin başçısı Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yarandığını, operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerji verilişinin bərpa edildiyini bildirməklə bərabər,  hadisənin ciddi araşdırılacağını da diqqətə çatdırıb. Ölkə rəhbəri, həmçinin  Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu, son 15 il ərzində respublikada onlarca yeni elektrik stansiyası istifadəyə verildiyini vurğulayıb. Prezident xatırladıb ki, sözügedən dövrdə 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Azərbaycanın enerji potensialı hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı son 15 ildə   yaradılıb. 
 
Azərbaycanın bütün bölgələrində – Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyaları istifadəyə verilib, su elektrik stansiyaları işə salınıb. Burada əsas məqsəd enerji sisteminin dayanıqlılığının  təmin edilməsi olub. 
Prezident İlham Əliyev ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə, eyni zamanda, Azərbaycanın enerji sektorunun bundan sonra da gücləndirilməsinin diqqət mərkəzində saxlanılacağını xüsusi vurğulayıb.  
Yeri gəlmişkən, burada bir məqamı da xatırladaq. Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürüldü və onların idarə olunması işi təşkil edildi. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alındı, ən əsası, insan tələfatına yol verilmədi. 
Hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir. 
Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.
Təəssüf ki,  bu gün də bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan məqsədyönlü şəkildə yararlanmağa çalışır, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirirlər. Lakin onlar unudurlar ki, xalq ağı qaradan seçməyi bacarır, kimin kim olduğunu yaxşı görür. Xalq Azərbaycan Prezidentinin insan amilini prioritet istiqamət seçdiyini dəyərləndirir və cənab İlham Əliyevi daim dəstəkləyir.
Hazırda alternativ enerji mənbələrindən istifadə olunması, strateji obyektlərin generatorlarla təmin edilməsi və əlavə tədbirlərin görülməsi gələcəkdə hər hansı bir qəzanın təsirinin azaldılması üçün əsas prioritetlərdəndir və bu istiqamətlərdə ciddi addımlar atılır.
Bununla bağlı tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi:  
– Bir neçə gün əvvəl Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində enerji təminatında yaranmış problemlərin qısa zamanda aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyasının yaradılması baş vermiş hadisəyə çox çevik reaksiya göstərilməsi, eyni zamanda, təbii ki, sistemli və operativ işlərin həyata keçirilməsi baxımından vacibdir. Bu, ondan xəbər verir ki, belə hallar baş verərsə, proses ölkə Prezidenti tərəfindən birbaşa nəzarətə götürülür. 
İstilik Elektrik Stansiyasında baş verən qəzanın Prezidentin nəzarətində olması da onun  nəticələrinin araşdırılması və fəsadlarının qısa vaxtda aradan qaldırılması baxımından ciddi bir baza formalaşdırır. Dövlət Komissiyası qəzanın başvermə səbəblərini araşdırmaqla yanaşı, gələcəkdə belə halların baş verməməsi üçün təkliflər planı hazırlayacaq. İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında ölkənin enerji sistemindəki vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd olunduğu kimi, komissiya birmənalı şəkildə yalnız baş vermiş qəzanın səbəblərini qiymətləndirmək deyil, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi, eyni zamanda, gələcəkdə belə halların təkrarlanmasının qarşısının alınması ilə bağlı təklifləri dövlətimizin başçısına təqdim edəcək ki, bu da məsələyə daha sistemli yanaşmanın nümayiş etdirilməsi baxımından önəmlidir.
Qəza həm cəmiyyətimizə, həm də iqtisadiyyatımıza təsirsiz ötüşmədi. Təqdirəlayiq haldır ki, qəzanın nəticələrini aradan qaldırmaq üçün bir sıra dövlət qurumları, xüsusilə nəqliyyat sektorunda, metroda baş verənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumlar birgə fəaliyyət göstərərək,  hadisəyə operativ reaksiya verdilər və peşəkarlıq nümayiş etdirdilər.
Azərbaycan enerji sektoruna kifayət qədər investisiya yatıran ölkələrdən biridir. Təkcə 2017-ci ildə Azərbaycanda enerji sektoruna 1,9 milyard manatdan çox investisiya qoyulub. Bu məbləğin böyük bir qismi 2010-cu və 2014-cü illəri əhatə edib. Həmin dövrdə “Azərenerji”nin xətti ilə bu istiqamətdə 1,6 milyard manat investisiya yönəldilib ki, bu da əvvəlki məzənnə ilə 2 milyard dollardan artıq vəsaitdir. Bu sektor Azərbaycan üçün prioritet sektordur. İnvestisiyanın həcminin artırılması, strukturunun şaxələndirilməsi və xüsusən də alternativ mənbələrdən istifadə edilməsi enerji sahəsində yeni iqtisadi siyasətin əsas prioritetlərindən birinə çevriləcək. 
Ölkə başçısının qeyd etdiyi kimi, məhz növbəti dövrlərdə də investisiya qoyuluşları bir və ya az sayda mənbədən asılılığın aradan qaldırılmasına imkan verəcək ki, bu baxımdan da mövcud siyasət, investisiya qoyuluşları gələcəkdə belə halların minimumlaşdırılması və ölkənin belə hallardan sığortalanması üçün bir baza formalaşdıracaq.
Alternativ enerji mənbələrindən istifadə olunması, strateji obyektlərin generatorlarla təmin edilməsi və əlavə tədbirlərin görülməsi nəticəsində gələcəkdə hər hansı bir qəzanın təsirinin azaldılması üçün əsas prioritetlərdəndir. Dövlətimizin başçısı tədbirlər planının hazırlanması ilə bağlı göstəriş verdi. 
Güman edirəm ki, bu, həm elektrik stansiyasında tam təftiş və auditin aparılmasına, eləcə də enerji sektorunda daha sistemli fəaliyyətin həyata keçirilməsinə imkan verəcək. Dövlətimizin başçısı bu sahədə peşəkarlığı ilə seçilən beynəlxalq qurumlar tərəfindən qiymətləndirilmənin aparılması ilə bağlı göstəriş verdi. Bu, enerji təhlükəsizliyinin formalaşması, enerji sektorunda fəaliyyətin müasir standarta uyğun qurulması baxımından vacibdir. 
Son müşavirə, Dövlət Komissiyasının yaradılması, dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar gələcəkdə enerji sektorunda belə halların qarşısının alınması üçün baza formalaşdırır. Qəzaların minimumlaşdırılması, onların fəsadlarının iqtisadiyyata, cəmiyyətə, ümumi sistemə təsirinin azaldılması ilə bağlı tədbirlər həyata keçiriləcək ki, bu da növbəti dövrlərdə vətəndaşların fasiləsiz enerji ilə təminatı baxımından mühüm önəm daşıyır.  
Söhbəti qələmə aldı: 
Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında