Son illər ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Turizm isə bu sektorda əhəmiyyətli yer tutur. Turizm sahəsində ölkəmizin qazandığı uğurlar sırasında özəl şirkətlərin məxsusi yeri var. Müsahibimiz “Zenit Tour” Turizm Şirkətinin rəhbəri Nəzər EMİNOVDUR.
– Dünyanın bəzi ölkələri turizm sahəsindən kifayət qədər gəlir götürürlər. Son illər Azərbaycan bu sahənin inkişafına xüsusi önəm verir. Turizm şirkətinin rəhbəri kimi bu inkişafı necə dəyərləndirirsiniz?
– Ötən dövr ərzində turizm sektorunda görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətədavamlılığı artmışdır.
Respublikamızda müasir mədəniyyət və turizm infrastruktrunun yaradılması, mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması sahəsində indiyə qədər Mədəniyyət və Turizm Nazirliyi bir sıra məqsədyönlü işlər görmüşdür. Lakin bütün məsuliyyəti dövlətin, dövlət qurumlarının üzərinə yükləməməliyik. Turizm sektorunda çalışan, fiziki və hüquqi şəxslər, özəl şirkətlər, qeyri-hökumət təşkilatları bu sahənin inkişafına öz töhfələrini verməlidir. Adi bir misal deyim, Azərbaycan Turizm Assosiasiyası ( AZTA ) adlanan bir təşkilat var. Fəaliyyət sahəsi çox böyük olan qeyri-hökümət təşkilatıdır. Fəaliyyət sahəsi deyərkən gördükləri işdən deyil, əllərindəki imkanlardan, manevr resurslarından danışıram. Yəni, istəsələr, təyinatlarına görə işləsələr, bir az obrazlı desək, dövlətə nazirlk qədər fayda verə bilərlər. Heç nə demirəm, elə sadəcə TURSAB-ı (Turkiye Seyahet Acentalari Birliği) özlərinə nümunə kimi götürsələr yetərli olar.
Dediyim odur ki, turizmin inkisafını daha da sürətləndirmək üçün dövlətimiz tərəfindən atılan addımlara bütün özəl sektorun, eyni zamanda, vətəndaşların da dəstək olması lazımdır.
Deyirlər ki vətəndaşlarımız xaricə istirahətə getməsələr, daxili turizmimiz elə bir şəkildə inkişaf edər ki, bizə heç xaricdən turist gəlməsinə ehtiyac qalmaz və sair. İş burasındadır ki, bu sözləri bəzən bizə turizm eksperti kimi tanıdılan insanlar da deyirlər. Bu, sadəcə, bəlli bir sektorun – məsələn, bölgələrimizdəki otel sektorunun hərəkətə gəlməsinə kömək edə bilər, amma ölkə iqtisadiyyatına heç bir xeyri olmaz . Düşünürəm ki, bu, tamamilə yanlış bir fikirdir, çünki içəridəki valyutanın ölkə daxilində dolaşması ilə, ölkəyə xaricdən valyutanın gətirilməsi bir- birindən fərqli məsələlərdir.
–Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək... Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Bu, Azərbaycanda turizm sektorunun inkişafına hansı yeniliklər gətirəcək?
– Bir daha deyirəm: bu söylənilənlərə kimsənin şübhəsi yoxdur. Əlbəttə ki, Azərbaycan ən cəlbedici turizm məkanlarından birinə çevriləcək. Sadəcə öz fəaliyyətimizdə daha korrekt olmalıyıq. Prosesə cəlb edilən peşəkarların sayı artmalıdır.
Azərbaycan güclü dövlətdir və həyatımızın bütün sahələrini də bunun hesabına stimullaşdırır. Turizm də bu kontekstdə istisna deyil və heç zaman da olmayacaq. Dövlətimizlə fəxr edirik, amma paralel olaraq dövlətimizin, millətimizin adının daha yüksəklərə qalxması üçün böyük işlər görmək, daha faydalı olmaq əzmindəyik. Bu gün turizmin inkişafı ilə bağlı hər cür şərait yaradılıbsa, bizim də borcumuzdur ki, dövlətimizə kömək edək. Söz yox ki, görülən işlər öz nəticəsini mütləq verəcək.
Dövlət başçısının “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” 1 sentyabr 2016-cı il, habelə 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamları ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsirini götərir. Cənab Prezidentin də dediyi kimi, “ASAN viza” sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin etmişdir”. Üstəlik, Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin turizmin inkişafına xüsusi diqqət yetirməsi də bu sahədəki inkişafla bağlı ümidlərimizi birə-beş artırır.
– Turizm sahəsində sahibkarlığın inkişafı nə vəziyyətdədir? Sahibkar kimi fəaliyyətinizə dövlətin dəstəyini hiss edirsinizmi?
– Dövlət dəstəyini sadəcə sahibkar deyil, eyni zamanda, bir vətəndaş kimi hər zaman hiss etmişik və edirik. Buna görə dövlətimizə, xüsusən cənab Prezidentə sonsuz minnətdarıq. Amma paralel olaraq aidiyyatı qurumlardan da xahiş edirik ki, fikir və təkliflərimizi dəyərləndirsinlər. Məsələn, biz təklif edirik ki, müəyyən müddət üçün gəlmə turizmində vergilər tamamilə ləğv edilsin.
– Məlumdur ki, ölkəmizdə turizmin geniş infrastrukturu yaradılmışdır. Sizcə, bu istiqamətdə daha hansı işlərin görülməsi zəruridir?
– Vergini dedim. Ardınca təyyarə biletlərinin qiymətini deyim. Düzdür, “Buta” aviaşirkəti artıq aztəminatlı ailələr üçün satışa biletlər çıxarıb. Amma məhdud bölgələrə uçuş var. Dairəni genişləndirmək lazımdır. Digər məsələ: turizm sektorunun əsasını təşkil edən bölgələrdə ciddi təlimlər keçirilməlidir. “Qulluq mədəniyyəti” püxtələşməlidir, istirahət mərkəzlərinin, restoran və kafelərin işçiləri, əməkdaşları treninqlərə dəvət edilməli, qiymət siyasəti qonşu ölkələrlə müqayisədə münasib olmalı və ümumən çox şey nəzərə alınmalıdır ki, ölkəyə gələn turist bir daha gəlmək istəsin.
– Artıq turizmin dövlət idarəçiliyində islahatlar aparılır. Bu yaxınlarda Azərbaycan Prezidentinin fərmanı ilə Dövlət Turizm Agentliyi yaradılıb. Bu barədə fikrinizi bilmək istərdik.
– Turizmin ayrıca bir qurum kimi fəaliyyət göstərməsi əhəmiyyətli hadisədir. Qurumun yeni təyin olunmuş rəhbəri Fuad Nağıyev də turizm sahəsində yetərincə təcrübəyə və idarəetmə qabiliyyətinə malik insandır. İnanıram ki, onun rəhbərliyi ilə ölkəmizdə turizm daha da inkişaf edəcəkdir.
Turizmin inkişafı üçün respublikamızda özəl sektor nümayəndələrinin təcrübələrindən istifadə edə biləcəyimiz çox sayda kadr var. Sadəcə olaraq, bu kadrları görmək, onları yaradılacaq işçi qruplarına, komissiyalara cəlb etmək lazımdır.
– Bir az da öz şirkətinizin fəaliyyəti barədə məlumat verməyiniz yaxşı olardı.
– “Zenit Tour” Turizm Şirkəti 2007-ci ildən İstanbulda, 2012-ci ildən isə Bakıda fəaliyyətini davam etdirir. Biz “Zenit Tour” olaraq həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı turizm fəaliyyəti ilə məşğul oluruq. Bu il İstanbuldakı baş ofisimizin köməyi ilə ölkəmizə Türkiyədən daha çox turist gətirməyi planlaşdırırıq. İstanbuldakı ofisimiz, həmçinin digər turizm şirkətləri ilə də əməkdaşlıq edir. Səyahət deyiləndə bütün müştərilərimizə ilk təklifimiz Türkiyədir. İstəyimiz odur ki, bizim yeni yaranmış Turizm Agentliyimiz də Türkiyədəki sistemini elə qursun ki, 80 milyonluq Türkiyədə turizm şirkətlərinin müştərilərə ilk təklif edəcəyi yer məhz Azərbaycan olsun. Turizmçilərin qardaş dövlətlərin iqtisadiyyatının inkişafına verəcəyi ən böyük töhfə turistlərin həmin ölkəyə yönəldilməsidir. Bunun üçün ölkədən xaricdə milli ruha sahib qardaşlarımızla davamlı şəkildə görüşməliyik, ölkəmizin gözəlliklərini onlara tanıtmalıyıq ki, onlar da öz müştərilərinə Azərbaycana səyahəti təklif etsinlər.
Azərbaycan Respublikasi Prezidentinin 2016-cı il 1 sentyabr tarixli sərəncamında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların fəaliyyətinin təmin edilməsi maddəsi də var.
Qonşu ölkələrdə belə nümayəndələrimizin təyin olunmasına həqiqətən də ehtiyac duyulur.
Yəqin, mətbuatdan da məlumatınız var ki, “ Zenit Tour” təşkilatı gəlmə turizminin inkişafı üçün bir layihə üzərində işləyir. Bu layihə haqqında da məlumat vermək istərdim:
“Azerbaijan Tour Soft” adlanan yeni layihə turizm işinin avtomatlaşdırılması sahəsində yeni addımdır. 2016-cı ilin yanvarından start verilən layihə turizm şirkətlərinin fəaliyyətini avtomatlaşdıracaq, işlərin sürətləndirilməsini təmin edəcəkdir. Bu yenilik turizm şirkətləri turları formalaşdırarkən daha optimal informasiya texnologiyaları vasitəsilə sərf olunacaq vaxtın minimuma endirilməsini də təmin edəcəkdir. Həmçinin şirkətlərin xüsusi modullarla öz saytlarında və layihə çərçivəsində yaradılacaq portal vasitəsilə məhsullarını satışa çıxarmaq imkanları olacaqdır. Bütün məlumatlar isə mərkəzi serverlərin bazasında və lokal olaraq saxlanılacaqdır.
Layihənin digər bir məqsədi isə Azərbaycanın turizm bazarında işin avtomatlaşdırılmasını təmin edəcək xüsusi innovativ texnoloji həllin hazırlanması və onun bazara çıxarılmasıdır. Tətbiq olunan yenilik turizm şirkətlərində işin səmərəliliyi, müştəri məmnuniyyəti və turizm bazarının qanunlara uyğun təşkili ilə nəticələnəcəkdir. Bu layihə turizm bazarının inkişafında İKT vasitəsilə həllin inkişafına da öz töhfəsini verəcəkdir. Nəticədə Azərbaycanda turizm şirkətlərinin dövriyyəsi artacaq və işlərin aparılmasında innovativ metodlardan istifadə çoxalacaqdır. Proqram gələcəkdə Azərbaycanda gəlmə turizminin inkişaf etdirilməsinə və rəqabətədavamlı turizm məhsullarının yaradılmasına da təkan verəcəkdir.
Müsahibəni yazdı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.