Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyi beynəlxalq aləmdə dəstəklənir

Bir neçə gün əvvəl Bolqarıstanın BTV televiziya kanalı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edən geniş veriliş yayımlanmışdır. Verilişdə Ermənistanın hərbi təcavüzünü hələ də davam etdirməsi, cəbhəboyu ərazilərdə törədilən təxribatlar, qoşunların təmas xəttindəki vəziyyət, erməni vandalizmi, Xocalıda törədilən dəhşətli soyqırımı , həmçinin digər terror aktları barədə məlumat verilmiş, süjetlər nümayiş olunmuşdur. Həmin verilişdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyi barədə də ətraflı məlumat verilmişdir. 
 
Bolqarıstan televiziyasında belə bir verilişin hazırlanıb nümayiş etdirilməsinə münasibət bildirən tarix elmləri doktoru, professor ­Havva MƏMMƏDOVA dedi:
– Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət sayəsində artıq Ermənistan dünyada işğalçı dövlət kimi tanınır və bu ölkə bütün regional iqtisadi layihələrdən kənarda qalıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyi artıq beynəlxalq aləmdə dəstəklənir. Bolqarıstanın BTV kanalının erməni vandalizmi, işğalçılıq siyasəti, qətliamlar törətməsi barədə veriliş hazırlayıb efirdə nümayiş etdirməsini Azərbaycanın haqq işinin müdafiə olunması baxımından yüksək qiymətləndirirəm. Həmin verilişdə “Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir”– fikrinin səsləndirilməsi ölkəmizin ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasından, Ermənistanın isə işğalçı dövlət kimi qəbul edilməsindən xəbər verilir. 
Diqqətinizə çatdırım ki, bir neçə ay bundan əvvəl də həmin ölkənin televizya kanalının əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan, törətdikləri vəhşilik, cəbhəboyu ərazilərdəki təxribatlar, habelə məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkmək məqsədilə Tərtər rayonuna səfər etmişlər. Bolqarıstan televiziyasının əməkdaşları ilə yanaşı, digər xarici jurnalistlər də erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlərlə, cəbhəboyu ərazilərdə yaşayan dinc əhalinin üzləşdiyi çətinliklərlə yerində tanış olmuşdular. Jurnalistlərə məlumat verilmişdi ki, Ermənistan silahlı qüvvələrinin bölmələri mütəmadi olaraq atəşkəs rejimini pozur, bunun da nəticəsində yaşayış məntəqələrinə, əkin sahələrinə, mal-qaraya ciddi ziyan dəyir. Həmçinin dinc sakinlər arasında xəsarət alan, hətta dünyasını dəyişənlər də olur. Düşmən tərəfi yay aylarında daha da fəallaşır, işğal altında olan ərazilərdə yanğınlar törətməklə ətraf mühitə ciddi ziyan vurur, taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları məhv edilir. 
Məndə olan məlumata görə, hətta Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film də çəkir. Bu fakt artıq Azərbaycanın mövqeyinin dəstəklənməsindən xəbər verir. Fikrimi əsaslandırmaq üçün son vaxtlar bir sıra dövlət rəsmilərinin, həmçinin tanınmış diplomatların da bu barədə dediklərini xatırlatmaq istərdim. Məsələn, Bolqarıstan Prezidenti Rumen Radev ötən il Ermənistana səfəri çərçivəsində sabiq ermənistanlı həmkarı Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında demişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər. O bildirib ki, Bolqarıstanın bu münaqişə ilə bağlı mövqeyi aydındır: “Bizim mövqeyimiz münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və Avropa İttifaqının köməyi ilə sülh yolu ilə həll olunmasıdır”. Bu, o deməkdir ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmalıdır.
Almaniya Bundestaqının üzvü, Almaniya Xristian-Demokratlar Birliyi (XDB) və Xristian-Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, Bundestaqın məşğulluq, sosial məsələlər, iqtisadi əməkdaşlıq və inkişaf komitəsinin, Cənubi Qafqaz üzrə parlament qrupunun, eləcə də Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Tobias Zek “TV Berlin” kanalının “Almaniya parlamentindən” proqramına verdiyi müsahibədə səsləndirdiyi bir fikri də xatırlatmaq istərdim. O demişdir: “Dağlıq Qarabağ bölgəsinin ilhaqına son qoyulmalıdır. İşğal olunmuş ərazilərdən qoşunların çıxarılması münaqişənin həllində ilk addım olardı”.
Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçmiş, hədə-qorxu gəlmişlər. Hətta BTV televiziyasının saytında da həmin reportajla bağlı yazı yerləşdirilib. Bütün bunlara baxmayaraq, erməni vəhşiliyini əks etdirən verilişin qarşısını ala bilməyiblər.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında