Müsahibimiz “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, nəşrin məsul katibi akademik Tofiq Nağıyevdir.
– Tofiq müəllim, sovet dönəmində respublikamızda elmi və poliqrafik baxımdan dövrün tələblərinə cavab verən, kifayət qədər peşəkar səviyyədə hazırlanan on cildlik ensiklopediya nəşr olunmuşdu. Tarixən o qədər də böyük olmayan bir müddətdən sonra yeni ensiklopediyanın nəşr edilməsinin zəruriliyi, bu nəşrin aktuallığı və özünəməxsusluğu nədən ibarət idi?
– Sualınıza konkret cavab veməzdən öncə ümumiyyətlə, ensiklopediyaların yaradılması, o cümlədən ölkəmizin bu sahədəki təcrübəsi tarixinə qısa bir nəzər salmaq istərdim. Dünyada ilk ensiklopediyaların meydanaçıxma şəraitinə və funksiyasına nəzər salsaq, onların böyük və gərəkli bir məqsədə – elmi biliklərin, yayılmasına, xalqın maariflənməsinə xidmət etdiyini görərik. Vaxtilə konkret bir sahəyə aid məlumat toplusu kimi meydana gələn bu nəşrlər hazırda bütün bilik və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi, yaxud elmi-populyar nəşrlər kimi səciyyələndirilir. Müasir dövrdə ensiklopediyaların elmi biliklərin yayılmasındakı rolunun, əhatə dairəsi və aktuallığının sürətlə genişlənməsi, yeni dövr texnologiyalarının xarakterinə uyğunlaşaraq öz funksiyalarını elektron versiyalar formatında qoruyub saxlaması və inkişaf etdirməsi bu nəşrlərin son dərəcə etibarlı, mükəmməl və mühüm mənbə kimi böyük əhəmiyyətini nümayiş etdirir.
Ensiklopediya xalqın inkişaf səviyyəsinin, intellektual potensialının göstərici olduğundan hər bir dövlətin konstitusiyası kimi, onun ensiklopediyası da olmalıdır. Bu gün ensiklopediyalar mədəniyyətin bir atributuna çevrilsə də, dünyada heç də bütün xalqlar öz milli ensiklopediyalarını yaratmamış, bəlkə də yarada bilməmişlər.
Azərbaycanda ensiklopediya nəşri sahəsində ilk təşəbbüslər XX əsrin 30-cu illərinə təsadüf etsə də, bu cəhdlər nəticəsiz qalmışdı. Nəhayət, 1965-ci ildə “Azərbaycan Sovet Ensiklopediyasının nəşri haqqında” qərarla respublikamızda ensiklopediya işinin əsası qoyuldu. Azərbaycan SSR EA-nın Rəyasət Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyası yaradıldı və Xalq şairi Rəsul Rza baş redaktor təyin edildi. Kollektivin və müəlliflərin gərgin əməyi sayəsində 1970-ci ildə nəşrin birinci cildi çapa hazırlandı, lakin cilddəki Azərbaycana dair tarixi xəritələr və məqalələr Böyük Sovet Ensiklopediyası rəhbərliyinin (ilk növbədə baş redaktorun birinci müavini Suren Stepanoviç Şaumyanın) narazılığına və tənqidinə səbəb olduğundan kitabın çapına qadağa qoyuldu və Rəsul Rza vəzifəsindən azad edildi.
1976-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti akademik Cəmil Quliyevin rəhbərliyi altında Azərbaycan Sovet Ensiklopediyasının on cildi nəşr edildi. Bu universal ensiklopediyanın bütün cildlərindəki Azərbaycanla bağlı məqalələrdə yeri gəldikcə hələ də nəşr olunmamış “Azərbaycan SSR” xüsusi cildinə istinad verilməsinə baxmayaraq, bu cild nəşr edilməmişdi.
Nəhayət, dövlət müstəqilliyimizin bərpasından sonra tamamilə yeni bir yanaşma tələb edən Azərbaycan Milli Ensiklopediyasının yaradılması zərurəti meydana çıxdı. Həmin nəşrin zəruriliyini mən Milli Ensiklopediyanın Redaksiya Heyətinin sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə ifadə etmək istərdim: “Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə tariximizin başlanan müasir dövrü yeni milli ensiklopediyanın nəşri zərurətini meydana çıxarmışdır.” Dövlət başçımızın xüsusi diqqət yetirdiyi “müasir dövr” anlayışı yeni ictimai formasiya, yeni dövlətçilik təfəkkürü, yeni ideologiya, yeni iqtisadi və sosial münasibətlər, yeni mənəvi dəyərlər sistemi ilə xarakterizə olunur. Bu əsasda milli dövlət quran yeni Azərbaycanın yeni, milli ensiklopediyaya zəruri ehtiyacı vardı.
Latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldıqdan sonra bu ideya ensiklopediyanın bir qurum kimi qorunub saxlanmasında həlledci rol oynamış ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikasının “Nəşriyyat işi haqqında” 2000-ci il 30 may tarixli Qanunu və həmin qanunun 26-cı bəndindəki “Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, milli-mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyətin nailiyyətlərini özündə əks etdirməklə yaradılan, büdcədən maliyyələşdirilən, universal, milli, elmi müəssisədir. Azərbaycanın elmi və mədəni sərvətlərini özündə əks etdirən Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir” şəklində ifadə edildi. Bu qanun müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşrinə zəmin yaratdı, eyni zamanda, yaradılacaq ensiklopediyanın parametrlərini müəyyənləşdirdi.
2003-cü ilin oktyabrından Milli Ensiklopediyanın yaradılmasının bütün məsuliyyətini ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz üzərinə götürdü. Möhtərəm Prezident fəaliyyətə başladıqdan cəmi bir neçə ay sonra “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam verməklə bu nəşrin dövlət səviyyəsində əhəmiyyətini göstərmiş oldu. Tezliklə “Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə” də hazırlandı. Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradıldı. Başlıcası, dövlət qayğısı ilə reallaşması nəzərdə tutulan bu mühüm nəşrə ölkə başçısı Prezident İlham Əliyev Redaksiya Heyətinin sədri kimi şəxsən özü rəhbərlik edəcəkdi. Prezidentimizin bu addımı, əlbəttə ki, Azərbaycan Milli Ensiklopediyasına münasibətin göstəricisi idi. Azərbaycan Milli Ensiklopediyası millətin yaradıcılıq enerjisinin ifadəsinə və səfərbər olunmasına stimul verəcək bir nəşr kimi nəzərdə tutulurdu. Qoyulan tələblərdən biri də, işin obyektivlik və qərəzsizlik prinsipləri ilə, dəqiqləşdirilmiş faktlar və rəqəmlər əsasında təşkili idi.
– Nəşrin əvvəlində Azərbaycan haqqında xüsusi cildin çap edilməsində məqsəd nə idi və sizcə, həmin məqsədə nail olundumu?
– Əvvəldə qeyd etdiyim kimi, sovet dövründə nəşr olunmuş ensiklopediyamızda belə bir cild nəzərdə tutulsa da, çap olunmamışdı. Halbuki, ölkəyə həsr olunmuş xüsusi cildin nəşri milli ensiklopediyaların mütləq atributudur. Zənnimcə, birinci ensiklopediyamızda belə bir cildin olmaması onun əsas çatışmayan cəhəti idi. Bu, Vətənimiz və millətimiz haqqında informasiyaların mərkəzləşmiş, sistemli şəkildə təqdim edilməsinə mane olmuşdu. Buna görə də Milli Ensiklopediyada xüsusi cildin lap əvvəldə buraxılması nəzərdə tutuldu və uğurla həyata keçirildi. Xüsusi cildin hazırlanması son dərəcə mürəkkəb bir proses idi. Bu iş ensiklopediyanın kollektivi və müəlliflər qrupu üçün də, sanki, bir təcrübə və sınaq meydanı oldu. Biz Elmi Mərkəzin struktur bölmələri arasında yaradıcılıq əlaqələrinin qurulması, əməkdaşlarımızın araşdırıcılıq fəaliyyətinin səfərbər edilməsi, müəlliflər qrupu ilə işin nizamlanması, ümumən kollektivimizin işgüzarlıq keyfiyyətlərinin qaydaya salınması sahəsində çox böyük təcrübə topladıq. Xüsusi cild Milli Ensiklopediyamızın məzmun və ideya istiqamətlərinin, forma və tərtibat prinsiplərinin, poliqrafiya standartlarının müəyyənləşməsində də çox mühüm rol oynadı. Bu cild sübut etdi ki, yeni ensiklopediya təkcə nəşr faktı kimi yox, həm də mahiyyətcə yeni bir hadisədir. Adından da göründüyü kimi, onun qarşısına qoyulan əsas məqsəd milli varlığımızın ifadəsinə nail olmaqdır.
Bu cilddə ölkəmiz haqqında, onun inkişafının bütün mərhələləri barədə müfəssəl məlumat toplanmışdır. Tariximiz, etnogenez və mədəniyyətimizlə bağlı materialların təqdimatında həssaslıq və yüksək peşəkarlıq tələb olunurdu. Məqalələrin əksəriyyəti ilk dəfə arxiv materialları əsasında təqdim edilirdi. Bu təqdimat lakonik üslubda, yəni ensiklopediya standartında əks olunmalı, məqalələr izahlara deyil, elmi faktlara əsaslanmalı idi. Çətinliklərə baxmayaraq, təxminən üç il ərzində istəyimizə nail olduq. Respublikamızın tanınmış ziyalıları, elm və sənət adamları, mütəxəssislərdən ibarət müəllif heyətinin səyi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi kollektivinin gərgin əməyi sayəsində xüsusi cild yüksək keyfiyyətdə hazırlanaraq 2007-ci ilin noyabr ayında Almaniyanın “Sigloch” nəşriyyatı tərəfindən nümunəvi poliqrafik səviyyədə nəşr edildi. Azərbaycan Milli Ensiklopediyası “Azərbaycan” xüsusi cildinin nəşri ilə bağlı fikirlərimi Prezident İlham Əliyevin sözləri ilə tamamlamaq istəyirəm: “Respublikanın zəngin elmi potensialının yaxından iştirakı ilə hazırlanan xüsusi cild müstəqil dövlətçiliyimizin qazandığı uğurları obyektiv şəkildə əks etdirir. Ümidvaram ki, belə mötəbər və sanballı nəşr hər bir azərbaycanlı üçün çox dəyərli töhfə olacaqdır.”
– Müasir informasiya bolluğu, internet resurslarının hegemonluğu şəraiti ensiklopedik nəşrlərin qarşısında nə kimi yeni şərtlər və spesifik tələblər qoyur?
– Bir həqiqəti həmişə yadda saxlamaq lazımdır ki, internet resursları informasiya, kitab isə bilik mənbəyidir. Bunların arasındakı fərqi nəzərə almamaq olmaz. Məsələn, hər hansı bir anlayış haqqında “Vikipediya”da verilmiş məlumatı dünyanın heç yerində elmi mənbə kimi qəbul etmirlər. Cünki bu “açıq ensiklopediya”da yayımlanan istənilən informasiyaya, kimliyindən (savadından, mövqeyindən) asılı olmayaraq, hər bir istifadəçinin istədiyi kimi müdaxilə etmək imkanı var. Kitablardan fərqli olaraq, internet resurslarında yayımlanan fərziyyə xarakterli məlumatların arxasında müəllif məsuliyyəti yoxdur. Ensiklopediya isə verdiyi hər bir məlumatın elmi həqiqətə uyğun olması, dəlil-sübut bazasının mötəbərliyi barədə məsuliyyət daşıyır. Ensiklopediya oxucusu ilə internet istifadəçisi arasındakı fərq təxminən hər hansı problem barədə akademik elmi jurnalda dərc olunmuş məqaləni oxuyan peşəkarla həmin məsələ haqqında hər şeylə maraqlanan həvəskarlar üçün buraxılan populyar nəşrdə verilmiş şərhi oxuyan diletant arasındakı fərqə bənzəyir. Bu mənada ciddi rəqabətdən danışmaq yersiz olardı.
Bununla belə, müasir dövrdə nəşr edilən ensiklopedik lüğətlərin hazırlanması zamanı elektron informasiya vasitələrinin “hegemonluğu” şəraitini nəzərə almamaq olmaz. Bu, dövrümüzün reallığıdır. Ensiklopediyaçılar ən azı operativlik, çeviklik baxımından elektron vasitələrlə ayaqlaşmağa çalışmalıdırlar. Məncə, hətta müəyyən materialların hazırlanmasında bəzi etibarlı saytların yoxlanılmış məlumatlarından istifadə etmək də olar. Ancaq bir daha vurğulayıram, elmi mənbə kimi yox, informasiya daşıyıcısı kimi...
– Azərbaycan Milli Ensiklopediyasının beynəlxalq aləmdə böyük nüfuz qazanmış analoji nəşrlərlə elmi və yaradıcılıq əlaqələri sizi qane edirmi?
– Dünyanın, eləcə də Qərbin kifayət qədər inkişaf etmiş, zəngin elm və mədəniyyət ənənələrinə malik olan elə ölkələri var ki, bu günədək öz ensiklopediya lüğətlərini yarada bilməyiblər. Məsələn, Avropanın aparıcı ölkələrindən biri olan İspaniyanın hələ də ensiklopediyası yoxdur. Bu mənada Azərbaycanın təxminən əlli illik bir zaman kəsimində özünün ikinci ensiklopediyasını nəşr etməsini xalqımızın və dövlətimizin böyük nailiyyəti kimi qiymətləndirmək lazımdır. Dünya ensiklopediyalarının bir-biri ilə əməkdaşlıq, işbirliyi qurmalarına aid beynəlxalq miqyasda qəbul olunmuş prinsiplər və qaydalar mövcuddur. Məsələn, sözlüyə daxil edilmiş hər hansı bir anlayış barədə bütün ensiklopediyalar, demək olar ki, eyni şeyi yazırlar. Tutaq ki, “atom” termini barədə Fransanın, Kanadanın, Rusiyanın, yaxud lap elə Azərbaycanın ensiklopediyası fərqli nə yaza bilər ki?! Yalnız hər hansı anlayışa münasibətdə kimin öz ölkəsi ilə bağlı nə isə fərqli bir informasiyası varsa, ümumi məlumatlara yalnız bunları əlavə edir. Məsələn, böyük ingilis şairi Şekspir haqqında hamının yazdıqlarına bizim ensiklopediyada onun əsərlərini Azərbaycan dilinə kimin, nə zaman tərcümə etdiyi, ölkəmizdə hansı pyeslərinin tamaşaya qoyulduğu və s. barədə məlumatlar əlavə olunur. Ölkənin özünə aid olan anlayışlar haqqındakı məqalələr isə, təbii ki, hər ensiklopediyanın öz orijinal yaradıcılıq məhsuludur. Məsələn, Şamaxı şəhəri, yaxud Nəsirəddin Tusi barədə məqalələri, heç bir əcnəbi mənbənin rəyi ilə hesablaşmadan, biz özümüz hazırlayırıq.
Bu baxımdan mətbuatda bizi tənqid edərək hansısa ensiklopediyanın materiallarını təkrarlamaqda ittiham edən müəlliflər, sadəcə olaraq, ensikopediya işinin spesifikliyindən bixəbər adamlardır. Əməkdaşlığa, müsbət mənada bəhrələnməyə gəlincə, bəli, biz dünya miqyasında böyük təcrübə və nüfuz sahibi olan İngiltərənin “Britanika”, Almaniyanın “Brokqauz” kimi ensiklopedik lüğətlərindən, yaxud tarixi reallığa görə daha çox əlaqədə olduğumuz Böyük Rusiya Ensiklopediyasından çox şey öyrənirik və bunu gizlətməyi lazım bilmirik. Bu əməkdaşlıqdan biz yeri gəldikcə Vətənimizin, millətimizin mənafeyi naminə istifadə edirik. Bircə faktı xatırlatmaq istərdim: Bu əməkdaşlıq sayəsində biz qabaqcadan xəbər tutduq ki, Böyük Rusiya Ensiklopediyasında çapa hazırlanan “Azərbaycan” məqaləsi ölkəmizə qarşı qərəzli münasibət bəsləyən müəlliflərin təsiri ilə yazılb. Kəskin etirazımızı bildirərək bu məqalənin dərc olunmasının qarşısını ala bildik. Və nəticədə Böyük Rusiya Ensiklopediyasına məhz bizim kollektivimiz tərəfindən hazırlanmış “Azərbaycan” məqaləsi daxil edildi.
– Tofiq müəllim, siz sovet dövründə nəşr olunmuş ensiklopediyanı ölkəmizin uğuru kimi xatırlatdınız. Bu, sözsüz ki, belədir. Ancaq gəlin onu da etiraf edək ki, həmin ensiklopediyada ölkəmizin tarixi, mədəniyyəti, ayrı-ayrı görkəmli şəxsiyyətlərinin rolu və xidmətləri dövrün ideoloji tələbləri baxımından işıqlandırılmış, bəzən qeyri-obyektiv qiymətləndirmələrə yol verilmişdi. Bu qüsurların aradan qaldırılması, tarixi həqiqətlərin bərpası yönündə hansı işlər görülür?
– Sualınızda məsələnin qoyuluşu həqiqətə uyğundur, ancaq mənə elə gəlir ki, cavabını da özünüz, əsasən, verdiniz. Bəli, sovet dövrünün hər şeyi hakim ideologiyanın və mərkəzi hakimiyyətin mənafeyinə tabe edən ictimai şəraitində əldə edə bildiklərimizin özü də böyük uğur kimi dəyərləndirilməlidir. Təsəvvür edin, ideoloji yanaşma nəinki humanitar sahələrə, hətta az qala mənim məşğul olduğum kimya sahəsinə də sirayət edirdi. Artıq, nə yaxşı ki, həmin dövr arxada qalmışdır. İndi bu günün tələb etdiyi işləri görmək və sabaha baxmaq lazımdır.
Milli Ensiklopediyanın oxuculara təqdim olunmuş cildləri əyani şəkildə təsdiq edir ki, nəşrdə xalqımızın təşəkkülü və inkişafı son dərəcə obyektiv əks olunmuş, onun tarixinin elmi həqiqətlərə uyğun verilməsinə böyük diqqət yetirilmişdir. Milli Ensiklopediya bütövlükdə Azərbaycanımızın real cizgilərlə çəkilmiş portretidir və burada ölkəmiz zəngin keçmişə malik, eyni zamanda özünün möhtəşəm gələcəyini qurmağa qadir bir dövlət kimi təqdim olunur. Burada xalqımızın əsrlər boyu qazandığı nailiyyətlər elmi cəhətdən əsaslandırılmış şəkildə əks etdirilir.
Milli Ensiklopediya xalqımızı vətənpərvərlik amalı, milli birlik ideyası ətrafında birləşməyə çağıran, səfərbər edən bir nəşrdir. Bu, Azərbaycan haqqında indiyə qədər misli-bərabəri olmayan yeni və bitkin bir nəşr, cəmiyyətimizin mənəvi və mədəni inkişaf tarixinin şərəfli bir səhifəsi olmaqla yanaşı, Azərbaycan xalqının güclü genetik potensiala malik bir etnos olduğunu, əsrlər boyu bu potensialı reallaşdıran zəka sahibləri yetişdirdiyini göstərən elmi mənbədir. Milli Ensiklopediya xalqımızı Vətənimizin tarix və mədəniyyətini yaratmış simalarla fəxr etməyə, həyatımızın bugünkü mərhələsində bu qürur hissini möhkəmləndirməyə sövq edir. Fəxrlə deyə bilərik ki, Milli Ensiklopediya cəmiyyətimizin mənəvi və mədəni inkişaf tarixinin bir səhifəsi olmaqla yanaşı, milli ruhun və milli düşüncənin möhkəmləndirilməsinə xidmət edən sanballı elmi əsər keçmişimizi əks etdirən əbədi kitabdır.
Milli Ensiklopediyanın əsas məziyyətlərindən biri də cildlərdə bu gün qonşu dövlətlərin ərazilərinə daxil olan tarixi torpaqlarımız, həm də artıq mövcud olmayan şəhər və kəndlərimiz haqqında məlumatlara ilk dəfə yer verilməsidır. Milli Ensiklopediyamızda Azərbaycan Xalq Cümhuriyyətinin dolğun və obyektiv tarixi və qurucularının fəaliyyəti, həmin dövrdə milli ideyanın yayılmasında xüsusi rolu olan şəxsiyyətlər, ilk maarifçi-ziyalı qadınlarımız haqqında ensiklopedik xarakterli məlumatlar verilir. Həmçinin cildlərdə Azərbaycanın müasir elmi-intellektual potensialını göstərmək məqsədilə ilk dəfə olaraq bütün elmlər doktorları, habelə müxtəlif idman növlərində Avropa, dünya və Olimpiya çempionları haqqında məqalələr yer alır. Azərbaycan haqqında, onun tarixi, elmi, incəsənəti, görkəmli şəxsiyyətləri barədə mümkün qədər dolğun təsəvvür yaratmaq, materialları elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim etmək, müxtəlif fəaliyyət sahələrində oxucunun biliklərinin artırılmasına yardım göstərmək Azərbaycan Milli Ensiklopediyasının başlıca vəzifəsidir.
– Ensiklopediya üzərində işin, kollektivin üzləşdiyi problemlərin geniş ictimaiyyətin nəzərindən kənarda qalan cəhətləri çoxdur. Oxucularımız üçün bu məsələlərin hansı məqamlarını açıqlamaq istərdiniz? Ümumiyyətlə, Azərbaycan Milli Ensiklopediyasının nəşri ilə bağlı perspektivlər barədə nə demək olar?
– Hər şeydən əvvəl onu bildirmək istəyirəm ki, azı iyirmi cild həcmində nəzərdə tutulan Milli Ensiklopediyanın yeddi cildi artıq oxucuların mühakiməsinə təqdim edilib, səkkizinci cild çapa hazırlanır, sonrakı cildlər üzərində ilkin hazırlıq işləri görülür. Kollektivimiz öhdəsinə düşən bu məsul və şərəfli vəzifəni sona qədər yüksək səviyyədə yerinə yetirmək əzmindədir. Kütləvi tirajla çapdan çıxmış cildlər sərbəst satışdan əlavə, dövlət vəsaiti hesabına ölkəmizin bütün kitabxanalarına paylanmışdır.
Qeyd etmək yerinə düşər ki, tarixən ensiklopediyaların hazırlanması təcrübəsində iki fərqli prinsip formalaşıb. Bunlardan biri ayrı-ayrı bilik sahələrinə aid materialların hazırlanmasına həmin sahələrin mütəxəssislərinin müəllif kimi cəlb olunmasıdır. Yeri gəlmişkən, bizim sovet dövründə buraxılmış birinci ensiklopediyamız və Milli Ensiklopediyanın xüsusi cildi bu prinsip əsasında hazırlanmışdı. Digər prinsip dərc olunan materialların ən mötəbər elmi mənbələr əsasında ensiklopediyanın öz əməkdaşları tərəfindən hazırlanması prinsipidir. Müasir dövrün informasiyaların bolluğu və əlçatanlığı şəraitində dünya üzrə ensiklopediyaların çoxu bu prinsipə meyil edir. Təbii ki, bu metod əməkdaşlardan daha artıq məsuliyyət və daha yüksək peşəkarlıq tələb edir. Xüsusi cildin nəşrindən sonra, sistemli cildlərin hazırlanması prosesində biz də bu üsulla işləməyə başladıq. Mən qürurla demək istəyirəm ki, Milli Ensiklopediyanın kollektivi bu sınaqdan da üzüağ çıxdı. Narahatlıq doğuran yeganə cəhət odur ki, xüsusi cild üzərində işə cəlb etdiyimiz mütəxəssislərin əmək haqlarını bu günəcən ödəyə bilməmişik.
İndi biz təcrübəli ensiklopediyaçılarla gənclərin səmərəli əməkdaşlığı əsasında kollektivimizin ümumi iş keyfiyyətlərini daha da yüksəltməyə, peşəkarlıqla təşəbbüskarlığın vəhdətinə nail olmağa çalışırıq. Qarşımızda hələ gərgin zəhmət tələb edən böyük işlər durur. Buna görə də gənclərə etimad göstərməyimiz, bel bağlamağımız təbii görünməlidir. Özümə gəlincə, onu bildirmək istəyirəm ki, Milli Ensiklopediyanın nəşri kimi xalqımızın həyatında mühüm əhəmiyyəti olan bir layihənin iştirakçısı olmağı mənə nəsib etdiyinə görə taleyimə, mənə böyük etimad göstərərək bu işə rəhbərliyi həvalə etdiyinə görə isə dövlət başçımıza ürəkdən minnətdaram.
Sözümün sonunda kollektivimizin fəaliyyətinə maraq göstərdiyinizə, gördüyümüz işləri ölkə ictimaiyyətinə çatdırmaq üçün bizə imkan yaratdığınıza görə “Xalq qəzeti”nə dərin təşəkkürümü çatdırmaq istəyirəm.
– Çox sağ olun, Tofiq müəllim, biz də dərin məzmunlu səmimi söhbətinizə görə sizə minnətdarlığımızı bildiririk.
Müsahibəni qələmə aldı:
İlham ABBASOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.