Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələri ən yüksək strateji səviyyəyə çatmışdır

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə müsahibə
– Cənab səfir, Türkiyə ilə Azərbaycanı ulu keçmişimizdən gələn möhkəm tellər, könül bağları birləşdirir. Münasibətlərimiz zaman keçdikcə inkişaf edir, qardaşlıq və mehriban dostluq duyğuları bir-birinə qovuşur. Qədim bir dövrü yaşadan əlaqələrimizin tarixi haqqında nə demək istərdiniz?
– Türkiyə ilə Azərbaycan arasındakı siyasi əlaqələr ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci il tarixində müstəqilliyini elan etməsindən sonra başlamışdır. Nuru Paşanın komandanlığındakı Türkiyə və Azərbaycan əsgərlərindən ibarət olan Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycanı bolşevik-daşnak işğalından qurtararaq Azərbaycanın müstəqilliyinə aparan prosesə kömək etmişdir. Anadolunun işğaldan azad edilməsi üçün aparılan Qurtuluş döyüşündə də Azərbaycan xalqı maddi və mənəvi dəstəyi ilə Türkiyənin yanında yer almışdır. Çiyin-çiyinə mübarizə apararkən həyatını itirən şəhidlər bu sarsılmaz qardaşlığın rəmzidir.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasından dərhal sonra - 1920-ci ildə etimadnaməsi Mustafa Kamal tərəfindən imzalanan Memduh Şövket Esendal Bakıda TBMM-in nümayəndəsi təyin olunmuşdur.
 Azərbaycan hökuməti də, həmçinin 14 oktyabr 1921-ci ildə etimad məktubunu Mustafa Kamala təqdim edən İbrahim Əbilovu Ankaraya nümayəndə təyin etmişdir. Mustafa Kamal bu mərasimdə çıxışında “Azərbaycan türklərinin dərdi bizim dərdimiz və sevinci bizim sevincimizdir”, - sözləri ilə ölkələrimiz arasında qardaşlığı ifadə etmişdir.
 Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olmuşdur. 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktı qəbul edildikdən sonra Milli Məclis 1991-ci il 29 oktyabr tarixində Azərbaycanın müstəqilliyinin tanınması üçün bütün dünya ölkələrinə və Birləşmiş Millətlər Təşkilatına müraciət etmişdir.Türkiyə bu çağırışa dərhal cavab vermiş və 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıdığını elan etmişdir. Beləliklə, Türkiyə qardaş Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur.
– Azərbaycan-Türkiyə diplomatik münasibətləri necə inkişaf edir?
– Azərbaycanın müstəqilliyini qazanmasından sonra Türkiyə və Azərbaycan arasında 14 yanvar 1992-ci ildə “Diplomatik münasibətlərin qurulmasına dair Protokol” imzalanmış və Türkiyə tərəfindən Bakıda ilk səfirlik açılmışdır. Bu gün Bakıdakı səfirliyimizlə yanaşı, Gəncə və Naxçıvandakı konsulluqlar ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafı ilə bərabər dərin kökləri olan mədəni və sosial əlaqələrin davamlılığına xidmət edirlər.
2010-cu ildə imzalanmış “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım üzrə Müqavilə” və “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının təsis edilməsi haqqında Birgə Bəyanat” ikitərəfli münasibətlərin hüquqi bazasını gücləndirən iki mühüm sənəddir.
2018-ci il aprelin 25-də sayca yeddinci olan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları, əlaqələrimizin dərinləşməsini gücləndirən müqavilələrin imzalanmasına, eləcə də ikitərəfli, regional və qlobal sahələrdə bir çox məsələlərlə bağlı fikir mübadiləsinə imkan yaratmışdır.
– Ölkələrimiz arasında siyasi, strateji, iqtisadi, mədəni, elmi, təhsil və sosial sahələrdə hansı layihələr həyata keçirilir? 
– Türkiyə və Azərbaycan arasında mükəmməl şəkildə davam edən siyasi əlaqələrimiz, əlbəttə, iqtisadi sahədəki əməkdaşlığımızda əks olunmaqdadır. Türkiyə Respublikası Prezidentinin ölkələrimiz arasında ticarət həcmini 5 milyard ABŞ dollarına çatdırmaq məqsədinə nail olmaq üçün səylərimizi davam etdiririk. Bu məzmunda, təşkilatlarımız qarşılıqlı ticarəti asanlaşdırmaq üçün səmərəli iş aparırlar. Hökumətimiz Azərbaycanda türk iş adamlarının sayının artmasına kömək edir. Hazırda Azərbaycanda qeyri-neft sektorunda ən böyük yer tutan ölkə Türkiyədir. Ölkəmizin Azərbaycana qoyduğu investisiyalar indiyə qədər 14 milyard dolları keçmişdir.
 Bu yanaşma ilə inkişaf etdirilən münasibətlərimiz, xüsusilə enerji və nəqliyyat siyasətində ölkələrimizin prioritetləri və vəzifələri qarşılıqlı asılılıq əsasında əməkdaşlıq mühiti yaratmışdır. Bu çərçivədə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri tərəfdaşlığımızın və mehriban münasibətlərimizin uğurlu bəhrələrini göstərməkdədir. Ötən il ölkələrimizin prezidentləri tərəfindən açılan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) ildə üç milyon sərnişin, 17 milyon ton yükdaşımanı əhatə edir. Bölgədəki ölkələr BTQ nəqliyyatından fəal şəkildə istifadə olunması və bu dəhlizin Çin və Avropa arasında ən çox üstünlük təşkil etdiyini təmin etmək üçün birgə fəaliyyət göstərməlidirlər.
Əskişəhərdə 12 iyun 2018-ci ildə açılış mərasimi keçirilən Trans Anadolu xətti (TANAP) XXI əsrin layihəsi olaraq Xəzər təbii qazının Anadolu üzərindən Avropaya nəql edəcəkdir. Azərbaycan qazı TANAP vasitəsilə yalnız Türkiyəyə gəlməyəcək, həmçinin TAP layihəsi tamamlandıqdan sonra Cənubi Avropaya da çatacaq. Bu çərçivədə ildə 16 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur.
Cənubi Qafqaz regionunda xalqımızın mənafelərinə xidmət etmək üçün ortaq bir sülh və rifah sahəsinin qurulması məqsədi ilə ikitərəfli əlaqələrdən əlavə, bölgəmizin sabitliyinə kömək edəcək üçtərəfli əməkdaşlıq mexanizmi yaradılmışdır. Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan dialoqları bölgəmizin rifah və sabitliyini təmin edəcək müxtəlif sahələrdə tədbirlərin görülməsinə imkan yaratmaqdadır.
Ölkələrimiz arasındakı qardaşlıq bağlarının digər ölçüsünü də Türkiyə və Azərbaycan cəmiyyətləri arasında beynəlxalq münasibətlər təşkil edir. Bu gün Azərbaycan universitetlərində 3000-ə yaxın tələbəmiz təhsil alır. Türkiyədəki universitetlərdə oxuyan azərbaycanlı tələbələrin sayı isə 15 mindir. Getdikcə artan müştərək nikahlar ölkələrimiz arasında yaxınlığın bir göstəricisidir. Bununla yanaşı, Türkiyənin bir sıra şəhər və qəsəbələri Azərbaycandakı şəhər və qəsəbələrlə qardaşlıq əlaqələri yaradır, dil çətinliyinin olmaması sayəsində qarşılıqlı səyahətlər və birbaşa əlaqələri asanlıqla həyata keçirirlər. Bundan əlavə Bakıda Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin (YƏTMM) açılışı ilə bu coğrafiyada geniş şəkildə mədəni əlaqələrimizi daha da inkişaf etdiririk.
– Perspektivdə hansı vəzifələr durur? 
– Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” deyimi ilə tanıtdığı Türkiyə və Azərbaycan qardaşlıq bağı ikitərəfli və çoxtərəfli əlaqələrdə gündəmə gələn hər mövzuda özünü göstərməkdədir. Azərbaycana olan bu cür müstəsna münasibətlər və strateji əlaqələrimiz həm ikitərəfli, həm də regional səviyyədə ölkələrimizin xarici siyasətində prioritet təşkil edir.
Müsahibəni apardı: 
Afət SADIQOĞLU,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında