Qənirə Paşayeva: İşğalı həyata keçirənlər mütləq ədalət qarşısında cavab verəcəklər

Dünən AŞPA-da "Mədəni irsin qəsdən dağıdılması və qanunsuz ticarəti” adlı avstriyalı məruzəçi Stefan Şennakın hazırladığı qətnamə layihəsi ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları barədə geniş məlumat verib və Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyəti üzvlərinə sərt cavablar ünvanlayıb: 
 
“Əziz dostlar, bu mövzu mənim ölkəm üçün son dərəcə həssasdır və mən bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Dərin təəssüf hissi ilə bu rəqəmləri bir daha diqqətinizə çatdırıram ki, Azərbaycana aid ­600-dən çox tarixi-memarlıq abidələri, arxeoloji abidə, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərzilərdə qalıb.
İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mədəni sərvətlərin bir çoxunu da qəsb edərək özününküləşdirmək xətti tutub. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın tarixi-mədəni abidələrinə Ermənistanın vurduğu ziyanı dəqiq hesablamaq mümkün deyil. Çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Azərbaycanın Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər və digər işğal altındakı rayonlarından, səma altında muzey olan Şuşa şəhərindən oğurladığı mədəni irs nümunələrinin ticarəti də Ermənistanın dövlət siyasətinin bir parçasına çevrilib. Ona görə də mədəni sərvətlərə qarşı təcavüzlərdən bəhs edən bir məruzədə bu həqiqətlərin də yer alması vacibdir.
Biz sizə, hər bir həmkarımıza Azərbaycanın mədəni sərvətlərinə qarşı Ermənistanın qəsbkarlıq siyasətini əks etdirən bütün materiallar və sənədləri təqdim edə bilərik. ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatında da bu məsələlər öz əksini tapmışdır. Ən dəhşətlisi odur ki, Ermənistan dünyada məşhur olan Azərbaycan abidələrini məhv edir. Ermənistanın bu addımları bütün beynəlxalq konvensiyalara ziddir. Ermənistan bütün bu konvensiyaları pozaraq işğal etdiyi Azərbaycan torpaqlarında tarixi-mədəni abidələri dağıtmaqda davam edir. Tarix və mədəniyyət abidələrinin böyük əksəriyyəti məhv edilmişsə də, onların hələ qalması ehtimal olunanları da var. Qalanları xilas etmək son dərəcə vacibdir. Bunun üçün isə mütləq bütün Ermənistan ərazisində və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında həmin abidələrin hazırkı vəziyyətini diqqətlə araşdırılması çox zəruridir. Azərbaycanın Mədəniyyət Nazirliyi işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya təqdim edib və araşdırma aparmaq üçün missiya göndərilməsini tələb edib. Amma Ermənistan UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib. Bütün bunları diqqətə çatdıraraq biz sizdən dəstək gözləyirik. Biz məruzəçi cənab Şennakın məruzəsinin böyük əhəmiyyətini bir daha vurğulayaraq, orada öz əksini tapan bütün çağırış və tövsiyələri dəstələyirik. Eyni zamanda, biz Assambleyamızı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi-mədəni abidələri dağıtmasına, talan etməsinə və qeyri-qanuni ticarətini həyata keçirməsinə də laqeyid qalmamağa və bunun durdurulmasını Ermənistanın yeni rəhbərliyindən tələb etməyə çağırırıq. Çünki o abidələr Azərbaycanla yanaşı, dünya mədəniyyətinin də bir parçasıdır və onları qorumaq üçün Assambleyamız da ciddi addımlar atmalıdır”.
Q.Paşayeva müzakirələr zamanı Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyəti üzvlərinə sərt cavablar verib: “Ermənistandan olan xanım Zöhrabyan, siz yenə Azərbaycan əleyhinə yalan və böhtanlarla dolu çıxış etdiniz. Əlinizdə heç bir fakt yoxdur , amma sizin ölkənizin törətdiyi cinayətləri hər kəsin görə bilməsi üçün sadəcə əlimdəki bu fotolar və faktlar yetərlidir. İşğalı həyata keçirənlər və dəstəkləyənlər bir gün mütləq ədalət qarşısında cavab verəcəklər! Bunu unutmayın!”
Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında