Şriftin ölçüsü:
29.06.2018 23:01 | Oxunma sayı: 571
Ermənistan hələ də bir neçə ay əvvəl ölkədə baş vermiş “məxməri inqilab”ın ab-havası ilə yaşayır. Bu “inqilab” nəticəsində hakimiyyət dəyişikliyi baş versə də, hələ də sabitlik bərpa olunmayıb. Əhali sanki bütün problemlərin etiraz aksiyaları ilə həll olunacağına hələ də ümid edir. Ona görə də tez-tez müxtəlif dövlət orqanlarının qarşısında aksiyalar keçirilir. Hakimiyyəti “məxməri inqilab”la ələ keçirmiş Nikol Paşinyan bu aksiyaların qarşısını almaqda acizdir. Ölkədə cərəyan edən hadisələr yeni baş nazirin dövlət idarəçiliyindəki naşılığını bir daha ortaya qoydu...
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Nikol Paşinyanın Dağlıq Qarabağa səfərinə və bu zaman səsləndirdiyi bəyanatlara münasibət bildirərkən əlavə etdi ki, işğalçı ölkənin yeni hakimiyyətinin tutduğu yol Ermənistanın Qarabağ siyasətində hansısa ciddi yeniliklər etməyə hazırlaşdığından xəbər verir: “İstər Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, istərsə də Dağlıq Qarabağa səfərlərində səsləndirdiyi fikirlərlə Nikol Paşinyan iç üzünü açıb ortaya qoydu. Eyni zamanda, təsdiqlədi ki, o, ölkəni idarə etmək qabiliyyətində deyil. Buna onun siyasi dünyagörüşü və diplomatik qabiliyyəti də çatmır. Çünki dünyanın tanınmış siyasi xadimləri də etiraf edirlər ki, Ermənistan Dağlıq Qarabağ məsələsində lüzumsuz inaddan əl çəkməsə, cəbhəboyu ərazilərdə təxribatları dayandırmasa, ölkənin tənəzzülü daha sürətli xarakter alacaq”.
Erməni xalqı ümid edirdi ki, Ermənistanda hakimiyyətin dəyişməsi Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh prosesində irəliləyişə imkanlar açacaq, əsgər ölümlərinə son qoyulacaq və gənclərin müxtəlif yollarla ölkədən qaçmasının qarşısı qismən də olsa, alınacaq. Ancaq yeni baş nazirin dövlət başçısına xas olmayan sayıqlamaları bu ümidlərin üstündən xətt çəkdi: “Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi Serj Sarkisyan hakimiyyətinin siyasətinin əsasını təşkil edirdi. Sabiq prezident hakimiyyətinin ömrünü bir qədər də uzatmaq üçün Qarabağ kartından istifadə edir, əhalinin diqqətini ölkədə baş verən diktatorluqdan, özbaşınalıqdan və hərc-mərclikdən yayındıra bilirdi. İndi Nikol Paşinyan da bu yolu seçib. O, bir qədər də “irəli” gedərək, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız İrəvanın adından danışmağa hazır olduğunu bildirib. Bu barədə Nikol Paşinyan Dağlıq Qarabağa səfəri zamanı xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında da məlumat verib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir”.
“Dağlıq Qarabağın müstəqilliyinin dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən də tanınmadığı bir halda, hansı əsaslarla danışıqlarda tərəf kimi iştirak etməsinə” münasibət bildirən M. İbrahimqızı dedi ki, belə savadsız bəyanatı ilə Nikol Paşinyan siyasi səbatsızlığını və hakimiyyətdə təsadüfi adam olduğunu bir daha təsdiqlədi: “Ermənistanın dövlət başçısı hələ də dərk etmir ki, Qarabağ münaqişəsi üzrə danışıqlar formatının dəyişdirilməsi qeyri-məqbuldur. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağın sakinləri yalnız Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır. Bunu işğalçı dövlətin yeni hakimiyyəti də dərk etməli və unutmamalıdır ki, onun həyata keçirdiyi siyasət regionu yeni təhlükələrlə üz-üzə qoyur”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.