Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır

Xəbər verdiyimiz kimi, 2018-ci il iyunun 18-19-da Strasburqda Xorvatiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası və Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasının qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə yüksək səviyyəli konfrans keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası millətlərarası münasibətlər,   multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov da həmin konfransda iştirak etmişdir. Bu tədbirlə bağlı Etibar müəllimlə görüşüb aldığımız müsahibəni oxuculara təqdim edirik. 
 
– Etibar müəllim, əvvəlcə iştirak etdiyiniz konfrans haqqında qısa məlumat verməyinizi xahiş edərdik. 
–1980-ci illərin ikinci yarısı və 1990-cı illərin əvvəllərində Avropa Şurası tərəfindən bu quruma daxil olan ölkələrdə milli azlıqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə iki sənəd işlənib hazırlanmışdır: Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası və Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyası. Məlum olduğu kimi, həmin dövrdə dünyada mühüm geosiyasi dəyişikliklər baş verirdi – Sovet İttifaqının dağılması nəticəsində dünya kommunist sistemi ağır zərbə aldı. Belə bir şəraitdə keçmiş kommunist sisteminə daxil olan ölkələrdə milli azlıqların hüquqlarının müdafiəsinin təmin edilməsi məsələsi ön plana çıxdı. Sözügedən sənədlər 1998-ci ildə qüvvəyə mindi. Bu sənədlərin qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə Strasburqda Xorvatiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində konfrans keçirildi.
– Azərbaycan Avropa Şurasının üzvü olduğuna görə, yəqin ki, bu sənədləri qəbul etmişdir?  
– Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası 1998-ci ildə qüvvəyə minməzdən öncə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 10 noyabr 1994-cü ildə qəbul olunmuşdur. 1995-ci il fevralın 1-dən etibarən bu sənəd Avropa Şurasına üzv olan dövlətlər üçün imzalanmağa açıqdır. Bununla yanaşı, Avropa Şurasının Nazirlər Komitəsinin qərarı ilə qeyri-üzv dövlətlər də bu konvensiyaya qoşula bilər. Azərbaycan Respublikası Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasını 1995-ci il fevralın 1-də imzalamış,  2000-ci il iyunun 16-da isə onu ratifikasiya edərək bu konvensiyaya qoşulmuşdur.   
Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasına gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan bu sənədi 21 dekabr 2001-ci ildə imzalayıb. Lakin onu ratifikasiya etməmişdir. Bunun əsas səbəbi həmin sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, milli təhlükəsizliyinə xələl gətirə bilən bir sıra tələblərin olmasıdır. Yeri gəlmişkən qeyd edim ki, Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasını Avropa Şurasına üzv olan 47 ölkədən Belçika, Bolqarıstan, Estoniya, Litva, Latviya, Yunanıstan, Gürcüstan, Türkiyə,  Portuqaliya kimi ölkələr nəinki ratifikasiya etməmiş, heç onu imzalamamışlar. Siyahıdan göründüyü kimi, bu ölkələrin çoxu hətta Avropa İttifaqına daxildir.
– Azərbaycan Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulduğuna görə, gəlin biz ölkəmizin bu konvensiyadakı öhdəliklərin icrası ilə bağlı fəaliyyətindən danışaq. 
– Qeyd etdiyim kimi, Azərbaycan Respublikası Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına 2000-ci il iyunun 16-da qoşulmuşdur. Konvensiyanın məzmunu onun adında aydın əks olunmuşdur. Bu sənədin əsas məqsədi ona qoşulan ölkələrdə milli azlıqların müdafiəsinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün müstəqil ekspertlərdən ibarət olan Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə milli azlıqların müdafiəsi ilə bağlı üzv ölkələrdə görülən işlərin monitorinqini aparır və onlara dair rəy (bəyanat) qəbul edərək münasibət bildirir. Rəyin qəbul edilməsindən öncə Çərçivə Konvensiyasına üzv olan hər bir ölkə milli azlıqların müdafiəsinə dair öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dövri məruzə (hesabat) hazırlayır. Qaydaya əsasən, monitorinq proseduru hər bir ölkədən ilk hesabatını Çərçivə Konvensiyasına qoşulduqdan sonra bir il ərzində, növbəti hesabatları isə beş ildən bir və yaxud Avropa Şurasının Nazirlər Kabinetinin xüsusi istəyi ilə müxtəlif vaxtlarda təqdim olunmasını tələb edir. Bundan başqa, Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə üzv dövlətlərə milli azlıqların həmin dövlətlərdə vəziyyəti ilə bağlı cavablandırmaq üçün anket də göndərir.
Üzv ölkə milli azlıqların müdafiəsinə dair öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dövri məruzəni (hesabat) hazırlayarkən müxtəlif mənbələrdən, o cümlədən milli azlıqlarların nümayəndələrindən, qeyri-hökumət təşkilatlarındən məlumat toplayır. Məruzə hazır olandan sonra Avropa Şurasının baş katibinə təqdim edilir. Məruzə Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin ekspert qrupu tərəfindən yoxlanılır. Yoxlamanı həyata keçirərkən ekspertlər müxtəlif mənbələrdən, o cümlədən qeyri-hökumət mənbələrindən istifadə edirlər. Bundan başqa, məruzədə əks olunan məlumatı yoxlamaq, eləcə də üzv ölkədə milli azlıqların müdafiəsi ilə bağlı vəziyyəti öyrənmək üçün onlar ölkəyə səfər də edirlər. Səfər zamanı onlar mərkəzi və yerli icra hakimiyyətinin rəsmiləri, parlamentin üzvləri, milli azlıqların nümayəndələri, qeyri-hökumət təşkilatları və digər müvafiq şəxslərlə görüşürlər.  
Üzv ölkənin təqdim etdiyi məruzə yoxlanıldıqdan sonra Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə tərəfindən rəy (bəyanat) qəbul olunur və şərh üçün həmin ölkəyə göndərilir. Rəyin şərh üçün üzv ölkəyə göndərilməsinin əsas məqsədi ölkənin sözügedən sənədə münasibətinin müəyyən edilməsidir. Yəni onun rəydə əks olunan məlumatla razı olub – olmamasını göstərməkdir. Üzv ölkə tərəfindən şərhlər Avropa Şurasına təqdim olunduqdan sonra bu təşkilatın Nazirlər Komitəsi bəyanat qəbul edir. Bəyanatda nəticələr, həmçinin Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının öhdəliklərinin icrasına dair üzv ölkəyə münasibətdə verilən tövsiyələr əks olunur. Bu bəyanat Avropa Şurasının saytında dərc edilir. Tövsiyələri yerinə yetirdikcə üzv ölkə Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəni məlumatlandırır. 
İndiyədək Azərbaycan Respublikası Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 4 dövri məruzə (hesabat) hazırlamışdır. Dördüncü dövri məruzəni Azərbaycan hökuməti 2016-cı ilin sonunda hazırlayıb Avropa Şurasının baş katibinə təqdim etmişdir. Bu məruzəyə dair 8 noyabr 2017-ci il tarixində Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə rəy qəbul etmişdir. Bu rəydə qeyd olunduğu kimi, onun hazırlanmasında 3 mənbədən istifadə edilmişdir. Birincisi, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə öhdəliklərin yerinə yetirilməsinə dair Azərbaycan hökumətinin hazırladığı dördüncü dövri məruzə (hesabat). İkincisi, “Məşvərətçi Komitənin  həmsöhbətləri” kimi rəydə təqdim olunan anonim xəbərçilərdən alınan məlumat (anonim xəbərçilər dedikdə, Məşvərətçi Komitənin üzvlərinə ölkədə yaşayan milli azlıqların müdafiəsi ilə bağlı vəziyyət haqqında məlumat verənlər nəzərdə tutulur. Bir qayda olaraq, onların verdiyi məlumat subyektiv və qərəzli xarakter daşıyır. Buna görə də həqiqəti əks etdirmir). Üçüncüsü, Məşvərətçi Komitənin nümayəndə heyətinin 2017-ci ilin 3-7 iyul tarixlərində Bakı, Lənkəran və Masallıya səfəri zamanı dövlət rəsmiləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə apardığı danışıqlardan əldə edilən məlumat. Həmin rəy 2018-ci ilin əvvəlində şərh üçün Azərbaycan  hökumətinə verilmişdir. Bu rəyə dair bizim verdiyimiz şərhlər bu yaxınlarda Avropa Şurasına təqdim olunacaqdır. 
– İndi isə ölkəmizin Çərçivə Konvensiyasını yerinə yetirməsi üzrə dördüncü dövri hesabatı ilə bağlı Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin qəbul etdiyi rəy haqqında fikrinizi bilmək istərdik. Bu rəyi siz necə qiymətləndirirsiniz? O, Azərbaycanda milli azlıqların müdafiəsi ilə bağlı vəziyyəti obyektiv xarakterizə edir, yoxsa Avropa Şurasının ölkəmizlə bağlı qəbul etdiyi digər sənədlər kimi qərəzli xarakter daşıyır? 
– Baxmayaraq ki, bu rəydə Azərbaycan etnik və dini cəhətdən rəngarəng cəmiyyət kimi təqdim olunur, ölkədə multikulturalizmin təşviq olunması etiraf edilir, lakin rəy bütövlükdə qərəzli, qeyri-obyektiv xarakter daşıyır. Sözügedən rəydə Azərbaycanda milli azlıqların müdafiəsi, ümumiyyətlə etnik, dini, mədəni müxtəlifliyin qorunması sahəsində dövlətimizin həyata keçirdiyi böyük işlərə düzgün qiymət verilmir. Əfsuslar olsun ki, ölkəmizə dair rəyi hazırlayarkən Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə Azərbaycan hökumətinin təqdim etdiyi hesabata yox, “Məşvərətçi Komitənin  həmsöhbətləri” kimi rəydə təqdim olunan anonim xəbərçilərin heç bir fakta əsaslanmayan subyektiv və qərəzli xarakter daşıyan məlumatlarına istinad etmişdir. Qeyd edim ki, Məşvərətçi Komitə bunu bilərəkdən, məqsədyönlü şəkildə etmişdir. Çünki Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində apardığı müstəqil siyasət və bu siyasətin nəticəsində əldə etdiyi nailiyyətlər Qərb ölkələrində müəyyən dairələri qane etmir. Onlar bizim uğurlarımıza qısqanclıqla yanaşırlar. 
Məlum olduğu kimi, müasir dövrdə multikulturalizm siyasəti Qərb ölkələrində böhranla üzləşir. Hazırda bir sıra Yaxın və Orta Şərq ölkələrində (Suriya, İraq, Əfqanıstan...) davam edən hərbi münaqişələr nəticəsində Avropaya artan miqrant axını bu böhranı daha da dərinləşdirir. Digər tərəfdən isə Azərbaycan Respublikası multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə edir. Bir sözlə, Azərbaycan Respublikası multikulturalizm siyasətinin meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Belə olan bir şəraitdə Qərb ölkələrindəki müəyyən dairələrin nümayəndələrini ölkəmizin nailiyyətləri qıcıqlandırır. 
– Konfransda hansı məsələlər müzakirə edilirdi? Sizin çıxışınız oldumu?
– Qeyd etdiyim kimi, konfrans Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası və Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasının qüvvəyə minməsinin 20-ci ildönümünə həsr olunmuşdu. Onun konkret mövzusu “Dəyişən Avropada azlıqlar və azlıqların dilləri” idi. İki gün ərzində keçirilən konfransda 4 panel sessiyası oldu. Mən “Multilinqual cəmiyyətdə azlıqların dilləri və təhsili” adlı sessiyada “Azərbaycan Respublikasında azlıqların dilləri və təhsili” mövzusunda çıxış etdim.
 Çıxışımda Azərbaycan  tərəfindən Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının milli azlıqların dillərində təhsil sahəsində öhdəlikləri uğurla həyata keçirdiyi barədə məlumat verdim. Mən Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğunu qeyd edərək, burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən mühüm işlərin görüldüyünü konfrans iştirakçılarının nəzərinə çatdırdım. Konkret faktlara əsaslanaraq, Azərbaycanda milli azlıqların dillərində 377 ibtidai və ümumtəhsil məktəbinin fəaliyyət göstərməsi haqqında konfrans iştirakçılarına məlumat verdim. Bundan başqa, ölkədə 18 ümumtəhsil məktəbində tədrisin sırf rus dilində aparıldığını, 326 ümumtəhsil məktəbinin rus sektorunda isə 90 min şagirdin rus dilində təhsil aldığını tədbir iştirakçılarına söylədim. Bundan başqa, Azərbaycanda milli azlıqların dillərində qəzet və jurnalların dərc olunması, televiziya və radio verilişlərinin aparılması haqqında da məlumat verdim. 
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda milli azlıqların dilləri və təhsili, ümumiyyətlə onların etnik-mədəni dəyərlərinin düzgün tənzimlənməsi sahəsində əldə olunan nailiyyətlər Avropanın, eləcə də dünyanın əksər ölkələrində yoxdur. Bütün bu nailiyyətlərin əsasını ulu öndər Heydər Əliyev qoymuş və o, müasir dövrdə Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasətinin nəticəsidir. Müasir dövrdə Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biridir. Bunun əsas göstəricisi burada etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır. 
Azərbaycanda etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsinin digər mühüm göstəricisi kimi “Multikulturalizmin Azərbaycan modeli” və ya “Azərbaycan multikulturalizm modeli” terminlərinin elmi ədəbiyyatda geniş istifadə edildiyini diqqətə çatdırmaq olar. Bu, etnik-mədəni müxtəlifliyin tənzimlənməsi və ümumiyyətlə, multikulturalizm sahəsində Azərbaycanın qazandığı təcrübəyə marağın artdığını göstərir. Bu gün bir sıra dövlətlər Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurlu təcrübəni öyrənirlər.
Azərbaycan Respublikası hətta multikulturalizm siyasətinin ilk dəfə meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada artıq multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bir neçə çıxışında Azərbaycanın multikulturalizm sahəsində təcrübəsinin xarici ölkələrdə öyrənilməsinin vacibliyini qeyd etmişdir: “Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır” . 
Müsahibəni apardı:
 Qüdrət PİRİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında