Rüstəm XƏLİLOV: Ermənistanın şovinist-millətçi rəhbərliyi ölkəni müharibəyə sürükləyir

Nikol Paşinyanın işğalçı Ermənistanın baş naziri seçilməsi ilə bu ölkənin üzləşdiyi dərin  sosial-iqtisadi  böhranın aradan qaldırılmasında ciddi irəliləyişlərin əldə ediləcəyinə, əslində, erməni xalqında heç bir inam yox idi. Sadəcə, ermənilər  sabiq prezident Serj Sarkisyanın xunta hakimiyyətindən canlarını qurtarmaq üçün heç bir təhsili, savadı və siyasi dünyagörüşü olmayan, gözəgörünməz qüvvələrin əlində alətə çevrilmiş Nikol Paşinyanın “məxməri inqilab”ına dəstək verdi. Görünür, Ermənistanda hakimiyyət dəyişikliyinin yalnız bu yolla baş tutacağını anlayan gözəgörünməz  qüvvənin  planı  ilk növbədə Sarkisyan hakimiyyətini devirmək idi... 
 
Bu  fikirləri səsləndirən Milli Məclisin deputatı Rüstəm Xəlilov əlavə etdi ki,  Nikol Paşinyan "Mənim addımım" hərəkatına Ermənistanın ikinci şəhəri olan Gümrüdən martın 31-də başlayıb.  O zaman onun ətrafında yalnız 20-30 nəfər var idi. Onlar da,  əsasən, jurnalistlər idi. Lakin, aprelin 13-də Nikol Paşinyanın cəmi iki həftə  davam edən etiraz yürüşü paytaxt Yerevana çatanda minlərlə adam küçələrə çıxdı, onunla həmrəy olduqlarını bildirdilər. Qəddar, hətta öz xalqına qarşı amansız olan Serj Sarkisyan getdikcə artan etirazçılara heç bir müqavimət göstərə bilmədi. Halbuki, 2008-ci ildə Serj Sarkisyan hakimiyyətə prezident qismində gələrkən, hökümət əleyhinə etirazlar zorakı üsulla dağıdılmışdı.  Rəsmi məlumata görə, həmin qarşıdurmada  10 nəfər qətlə yetirilmişdi. Qeyri-rəsmi məlumatlarda isə ölənlərin sayının daha çox olduğu bildirilirdi. 
R.Xəlilovun qənaətinə görə, erməni politoloqları da  Nikol Paşinyanın ölkəni normal idarə edəcəyinə inanmırlar. Bildirirlər ki,  belə bir təsadüfi adamın hakimiyyətə gəlməsi ölkəni ciddi təhlükələrlə üz-üzə qoyacaq: “Çünki bu adamın siyasi baxışları çox dayazdır, ümumiyyətlə isə ali təhsili yoxdur. Onun baş nazir seçildiyi günün ertəsi Dağlıq Qarabağa səfər etməsi və orada sərsəm fikirlər səsləndirməsi, dövlət başçısına xas olmayan bəyanat verməsi ermənilərin yeni rəhbərə olan ümidlərini alt-üst etdi. Bu, o demək idi ki, Ermənistan münaqişənin dinc yolla həllində maraqlı deyil, yeni hakimiyyət də işğalçılıq siyasətindən əl çəkməyəcək. Bu siyasət Ermənistanı onsuz da boğulduğu iqtisadi və siyasi bataqlıqda bir qədər də dərinə aparacaq. Çünki həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də dünyanın tanınmış siyasi xadimləri dəfələrlə vurğulayıblar ki,  Ermənistanın  səfil vəziyyətə düşməsinin səbəbkarı sırf Qarabağ kartı üzərində hakimiyyətini qorumaq istəyən Serj Sarkisyanın hərbi xuntası olub.  Son illər işğalçı ölkənin beynəlxalq aləmdən təcrid olunmasının və iri infrastruktur layihələrdən kənarda qalmasının əsas səbəbi də məhz işğalçılıq siyasətini, sərhədboyu ərazilərdə hərbi təcavüzü davam etdirməsi, habelə dinc əhaliyə qarşı amansız rəftarı idi. Artıq erməni xalqı da bu həqiqəti dərk etməyə başlayıb. Gec də olsa, Ermənistanda “məxməri inqilab”ın kütləvi hal almasına  təkan verən əsas amillərdən biri də bu idi. Bu yolla hakimiyyətə gələn Nikol Paşinyan əvvəlki iqtidarın səhvlərindən nəticə çıxarmaq əvəzinə, onların yolunu davam etdirir. Bunu Dağlıq Qarabağa səfəri və  Rusiyanın xarici işlər naziri Sergey Lavrovla  görüşündə səsləndirdiyi fikirlərlə də təsdiqlədi. Deyəsən, yeni baş nazir bu “siyasi gedişi” ilə  onun sonu bəlli olan macəra axtarışında olduğunu göstərir”.
Nikol Paşinyanın  baş nazir kimi Qarabağa səfəri və bu zaman səsləndirdiyi bəyanatlara  münasibət bildirən  R.Xəlilov dedi: “Birincisi,  Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və vəziyyətin bilərəkdən gərginləşdirilməsinə hesablanmış addımdır. Bu səfər bir daha təsdiqləyir ki, Ermənistanın yeni hakimiyyəti də Serj Sarkisyanın yolunu davam etdirir,  münaqişənin danışıqlar yolu ilə həllində  maraqlı deyil. Onun  hərəkətlərindən və səsləndirdiyi qeyri-ciddi fikirlərindən məlum olur ki, işğalçı ölkə  Azərbaycana qarşı davam etdirdiyi hərbi təcavüzdən əl çəkmək istəmir və  vəziyyəti daha da ağırlaşdırmaq istəyir. Şovinist-millətçi təfəkkürə malik olan Nikol Paşinyan populist çıxışları ilə diqqəti özünə cəlb etmək istəyir. Çünki dövlət idarəçiliyindən tamamilə bixəbər olan bu adam ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizdir”.
Milli Məclisin deputatı  Nikol Paşinyanın son bəyanatlarına və sərsəm fikirlərinə istinadən bildirdi ki, işğalçı ölkənin yeni rəhbərliyi  Qarabağ siyasətində hansısa ciddi yeniliklər etməyə hazırlaşmır: “Görünür, hələ də dərk edə bilmir ki, Ermənistan Qarabağ məsələsində yeniliklərə getməsə, ölkənin tənəzzülü daha sürətli xarakter alacaq. Nikol Paşinyana elə gəlir ki,  yürütdüyü avantürist siyasətlə Azərbaycanı qorxudacaq. Daha dərk etmir ki, işğalçı Ermənistanın növbəti hərbi təcavüzü onlara 2016-cı ilin aprel döyüşlərindən də betər olacaq.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında