Əli Kərimli öz oğlunu Londona göndərib, başqalarının övladlarını isə dövlətçilik əleyhinə aksiyaya səsləyir

Nuhəli Kərimov: Əli Kərimlinin haqqı-ədaləti danması nəslimizin adına ləkədir
Müsahibimiz "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimovdur.
- Nuhəli müəllim, Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, uğurlu islahatların aparılması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır. İqtisadiyyatla bağlı mövzuları əks etdirən qəzetin redaktoru kimi sizin də fikrinizi bilmək maraqlı olardı.
- Bu gün Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyası hamımızın gözləri önündədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində ölkəmiz inkişaf etmiş dövlətlər cərgəsinə daxil olmuşdur. Aparılan demokratik islahatlar, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, müstəqil mətbuatın fəaliyyətinə geniş meydan verilməsi, sahibkarlığın inkişaf etdirilməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Azərbaycanın hazırkı dövrünü 1990-1993-cü illərlə müqayisə etsək, yerlə-göy arasındakı məsafə qədər fərq görərik. İndi Azərbaycan dünyada söz sahibidir, geniş imkana malik dövlət büdcəsi, 30 milyard dollardan artıq valyuta ehtiyatı var. Ölkəmiz indi süni peyk buraxmağa hazırlaşır. Dövlət başçısının düşünülmüş siyasi xətti əhalinin güzəranını gündən-günə yaxşılaşdırır. Regionlarda fəaliyyətə başlayan dünya standartlarına uyğun müəssisələr işsizlik problemini tədricən aradan qaldırır. Təsəvvür edirsinizmi, son yeddi ildə 900 mindən çox yeni iş yeri açılıb, dövlət büdcəsi 12 dəfə çoxalıb. Xarici siyasət sahəsində qazanılan uğurlar da hamının ürəyincədir. Artıq dünyanın inkişaf etmiş dövlətləri və nüfuzlu beynəlxalq qurumları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyirlər, Ermənistan isə rəsmən işğalçı dövlət kimi tanınır. Bütün bunlar xarici siyasətimizin yüksələn xətt üzrə inkişafından xəbər verir.
Yaxın vaxtlarda xarici ölkələrin birindən qonağım gəlmişdi. O, Bakıda tikilmiş körpüləri, hündürmərtəbəli binaları, rahat yolları gördükdən sonra dedi ki, Azərbaycan artıq Avropanın inkişaf etmiş ölkələrindən biridir. Hər bir azərbaycanlı bundan sevinməli, ölkənizin inkişafından, beynəlxalq aləmə inteqrasiyasından qürur hissi keçirməli, xalqın taleyüklü problemlərinin aradan qaldırılması yolunda birgə mübarizə aparmalıdır.
- Siz Azərbaycanın sürətli inkişafından, əhalinin həyat səviyyəsinin getdikcə yüksəlməsindən söhbət açdınız. Ancaq adlarını müxalifət qoyan bəzi qruplar mitinq keçirməyə cəhd göstərir. Buna səbəb varmı?
- Azərbaycanda gedən bu inkişafdan sonra mitinq keçirmək istəyənləri mən müxalifət yox, şeytan adlandırardım. Fikir verin, şeytanın əsas vəzifəsi ara qarışdırmaq, kimlərisə qarşı-qarşıya qoyub kənardan zövqlə tamaşa etməkdir. Özü də şeytan bütün bu yaramaz əməlləri paxıllığından, xəbisliyindən edir. Bu gün ölkədə etiraz aksiyası keçirmək, çaşqınlıq, qarşıdurma yaratmaq istəyənlərin əməli şeytan əməlindən fərqlənmir. Kimdir bu araqarışdıranlar? Bir vaxtlar hakimiyyətdə olan, müstəqilliyimizi məhvə aparan, Azərbaycanı parçalanmaq həddinə çatdıran, ölkədə anarxiya, xaos, özbaşınalıq yaradan AXCP və Müsavat partiyasının rəhbərliyi. Bu partiyaların rəhbərləri Əli Kərimli, İsa Qəmbər və onlara qoşulanlar xalqın dəstəyini çoxdan itiriblər. Onların hakimiyyətdə olduğu dövr hər birimizin yadındadır. Azərbaycanda cinayətkarlıq, anarxiya, rüşvətxorluq, korrupsiya baş alıb gedirdi. Ölkənin məhvə doğru getdiyini görən xalq böhrandan çıxmaq üçün çıxış yolu axtarırdı. Azərbaycan artıq vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycanı idarə etmək qabiliyyətində olmadıqlarını görən AXC-Müsavat iqtidarı özlərini qorumaq üçün ulu öndər Heydər Əliyevə yalvarıb-yaxardılar ki, gəlib onları Surət Hüseynovun divanından xilas etsin. İndi bunlar özlərini ortalığa atıb yenidən hakimiyyətə gəlmək istəyirlər. Keçmişlərini xatırlayıb utanmaq, xəcalət çəkmək əvəzinə hələ bir meydanlara da çıxmaq istəyirlər. Ölkədə yaradılmış ictimai-siyasi sabitlik, demokratik ab-hava belələrini qane edə bilməz. Ona görə də yenidən su bulandırmağa cəhd göstərirlər. Ancaq nahaq əziyyət çəkirlər. Çünki xalq belələrinin dabbaqda gönünə bələddir. Deyəsən, müftə yollarla əldə etdikləri çirkli pulları azalıb. Ona görə də küçələrə çıxıb hay-həşir salıb, dövlətçiliyə qarşı şüarlar səsləndirib, qrantlar almaq və kisələrini yenə doldurmaq istəyirlər. Belə yaramaz hərəkətləri yalnız xalqını, vətənini, millətini sevməyənlər edə bilərlər. Artıq hamıya bəllidir ki, həm Əli Kərimli, həm də İsa Qəmbər Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda məqam gözləyən xarici düşmənlərimizin əlində alətə çevriliblər. Onlar gəncləri aldadaraq dövlətçiliyə qarşı mitinqə çıxarmaq istəyirlər. Hər iki partiya sədri ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir, çaşqınlıq yaratmaq və bundan istifadə edərək öz şəxsi maraqlarını, məkrli niyyətlərini həyata keçirmək istəyirlər. Xalq onları çox yaxşı tanıyır. Həm Əli Kərimli, həm də İsa Qəmbər 17 ildir ki, heç yerdə işləmir, ictimai-faydalı əməklə məşğul olmurlar. Ancaq bahalı maşınlarda gəzir, cangüdənlər saxlayırlar, hətta evlərinə bazarlıq etmək üçün xüsusi maşınları var. Onlar gəncləri icazəsiz aksiyalara cəlb edir, özləri isə rahat kabinetlərdə oturub asayiş keşikçiləri ilə yaratdıqları qarşıdurmanı seyr edirlər. Gəncləri cinayətə cəlb edən Əli Kərimli və İsa Qəmbər hansı milli-mənəvi dəyərlərdən danışa bilərlər? Bu gün məhbus həyatı yaşayan Ruslan Bəşirli Əli Kərimlinin toruna düşüb həyatını məhv etmədimi? Ermənilərlə danışıqlara göndərilmiş Ruslan Bəşirli səhv yolda olduğunu, aldadıldığını sonradan dərk etdi. Bu gün əli kərimlilərin, isa qəmbərlərin yalan vədlərinə inanıb icazəsiz mitinqlərə çıxmaq istəyən gənclər Ruslan Bəşirlinin taleyini gözləri önünə gətirməlidirlər. Gənclərimiz dövlətin onlara yaratdığı əlverişli şəraitdən səmərəli istifadə edib gələcək həyatlarını qurmalıdırlar. Mən üzümü onlara tutub deyirəm ki, siz Əli Kərimli ilə İsa Qəmbərin yalanlarına inanmayın. Onlar öz çirkin məqsədlərinə nail olmaq üçün siz gənclərdən alət kimi istifadə etmək istəyirlər.
AXCP sədri ilə Müsavat Partiyasının başqanı bu xalqın xoşbəxtliyini istəmirlər. 20 Yanvarda olduğu kimi, bu dəfə də insanları güdaza vermək istəyirlər. Öz ailələrini xarici ölkələrə göndərib rahat yerlərdə yerləşdirir, başqalarının uşaqlarını isə icazəsiz aksiyalara çağırırlar.
- Müxalifətdə olan partiya sədrlərindən hansınınsa uşağını xaricə göndərməsi, başqalarının övladlarını icazəsiz aksiyalara çağırması barədə konkret faktınız varmı?
- Əlbəttə var. Məsələn, məndə olan məlumata görə Əli Kərimlinin oğlu Londonda təhsil alır. Mən soruşmaq istərdim ki, Əli Kərimli hansı vəsaitlə oğlunu Londona göndərib və təhsil haqqını necə ödəyir? Hələ yemək xərcini, ev pulunu demirəm. Eşitdiyimə görə, hər il təkcə təhsil haqqına görə 41 min dollar ödəyir. Çox güman ki, onun bütün xərcləri Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən, ölkəmizdəki inkişafı gözü götürməyən xarici qüvvələrin çirkli pulları hesabına ödənilir. Xarici ağalarından asılı vəziyyətdə olan Əli Kərimli, İsa Qəmbər və digərləri onların hər bir tapşırığını yerinə yetirərək hətta öz xalqının, millətinin əleyhinə işləyirlər.
- Siz Əli Kərimlinin yaxın qohumusunuz. Onun bu əməlləri sizə və digər qohumlarınıza necə təsir bağışlayır?
- Bu suala bizim hörmətli şeyximiz Allahşükür Paşazadənin müdrik bir kəlamı ilə cavab vermək istərdim. Bir jurnalist şeyxdən soruşur ki, ən böyük günah nədir? Şeyx isə cavabında bildirir ki, ən böyük günah haqqı batil etməkdir. Mənim doğmaca əmim oğlu, keçmiş şagirdim Əli Kərimli də haqqı batil edib. Əgər o, Azərbaycanda gedən bu inkişafı, yüksəlişi, tərəqqini inkar edirsə, bu, elə haqqı batil etməkdir. Görün o, necə böyük bir günahın sahibidir. Bizim qohum-əqrabada, nəsildə haqqı itirmək böyük qəbahət hesab edilir. Əli Kərimlinin haqqı-ədaləti danması nəslimizin adına ləkədir. Qohum-əqrəbalarımız dəfələrlə Əli Kərimlini tutduğu səhv yoldan çəkinməyə, nəslin adına ləkə vurmamağa çağırıb. Biz hörmətli, sayılıb-seçilən nəsilik. Ancaq Əli Kərimli bizi xəcalətli edib. Biz onu gec də olsa düz yola qaytarmağa çalışmışıq. Dövlətin hesabına təhsil alıb sonra bu dövlətə asi çıxmaq nankorluqdur. Əli Kərimlinin ən yaxın qohumları bu gün Yeni Azərabycan Partiyasına üzv olub. Onun sədr olduğu AXCP-yə doğma kəndindən, qohum-əqrəbalarından üzv olan yoxdur. Bir vaxtlar aldadıb ətrafına cəlb etdikləri də onun yalnız özünü düşündüyünü gördükdən sonra uzaqlaşıblar. İnanın ki, Əli Kərimli kəndimizə gələndə heç kim ona yaxınlaşmırdı. Ona görə də indi xəcalətindən kəndə gəlmir. Bu yaxınlarda daha bir neçə yaxın qohumu - Əli Kərimlinin əmisi oğlarınları, əmisi qızları onun düzgün yolda olmadığını bir daha bəyan etmiş və AXCP-dən istefa verərək YAP-a üzv olmaq istədiklərini bildirmişlər. Ümumiyyətlə, Azadkənd kəndinin sakinləri Əli Kərimlinin əməllərinə ciddi etirazlarını bildirir, onu qarşıdurma yaratmamağa, kəndin adını rüsvay etməməyə çağırır.
Mən bir daha bildirirəm ki, nə Əli Kərimli, nə İsa Qəmbər, nə də digər radikal müxalifət nümayəndələri xalqdan heç vaxt dəstək almayacaqlar. Belələri nə qədər uca səslə "mitinq" deyə bağırsalar da səslərinə səs verən olmayacaq. Mən hüquq-mühafizə orqanlarından qətiyyətlə tələb edirəm ki, qanunlarımızı pozmağa cəhd edən hər bir şəxsə qarşı ciddi tədbir görsünlər.

{nl}

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında