Cənub Qaz Dəhlizi – Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə

Artıq Azərbaycan ictimaiyyətinə yaxşı məlum olduğu kimi, mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Səngəçal terminalında baş tutmuş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, çoxsaylı xarici qonaqlar iştirak etdilər. Belə böyük bir layihənin uğurla başa çatdırılıb istifadəyə verilməsi ölkəmizin layiqli tərəfdaş olduğunu bir daha təsdiq etdi. Elə açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də qeyd etdi ki, layihənin təməli 4 il əvvəl qoyulub və o, hələ həmin vaxt əmin olub ki, işlər uğurla və vaxtında icra ediləcək.

Dövlət başçısı dedi ki, bu və indiyədək həyata keçirilmiş digər neft-qaz layihələrinin icrası beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Layihədə yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, üç ölkə - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro isə növbəti mərhələdə layihəyə qoşulacaq. “Cənub Qaz Dəhlizi” ilə nəqlinə başlanan təbii qazı 9 Avropa şirkəti - “Shell” ingilis-holland şirkəti, Bolqarıstanın “Bulqarqaz”, Yunanıstanın DEPA, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison” və “Enel”, eləcə də İsveçrənin AXPO şirkətləri alacaq. ABŞ da layihənin reallaşmasına özünün siyasi və mənəvi dəstəyini göstərib. Bu ölkənin prezidenti Donald Trampın son günlərdə Prezident İlham Əliyevə ünvanladığı 3 məktubda da qeyd olunur ki, Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər, Azərbaycanın qaz hasilatı Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfələrini verəcək.

İcrası üçün 40 milyard dollardan çox vəsait sərf olunmuş layihə artıq fəaliyyətə başlayıb və dövlət başçısının dediyi kimi, Azərbaycan resursların sahibi kimi, bu layihədən öz mənfəətini götürür və götürəcək. Eyni zamanda, layihədə iştirak edən digər ölkə və şirkətlər də qazanc əldə edəcək. Ancaq əsas məsələ Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsidir ki, Cənub Qaz Dəhlizi bu məsələnin həllinə çox ciddi kömək göstərəcək.

Bu gün dünyada enerji təhlükəsizliyinin böyük önəm daşıdığını bildirən Prezident İlham Əliyev daha sonra demişdir: “Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir… Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir”.

İnanırıq ki, indiyədək Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş bütün neft-qaz layihələri kimi, Cənub Qaz Dəhlizi də bütün tərəfdaş ölkələr, o cümlədən, Azərbaycan üçün uğurlu olacaq.

Zaur MİRZƏZADƏ,
Dünya Azərbaycanlıları İctimai Mərkəzinin sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında