Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşasa da, iqtisadi baxımdan tariximizə daxil olan islahatları ilə yadda qaldı. O dövrdə də Azərbaycan iqtisadiyyatında neft sektoru dominant idi. Amma Rusiyada baş verən inqilab şimal qonşumuza neft ixracımızda çətinliklər yaradırdı və nəticədə bu, Xalq Cümhuriyyətinin dövlət gəlirlərinin azalmasına səbəb olurdu. Belə şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti neft ixracı bazarlarının şaxələnməsini reallaşdıraraq, Avropa ölkələrinə daha çox enerji məhsulları göndərməyə başladı.
Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil olunmuş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdi. Neftin Avropaya göndərilməsi yalnız 1919-cu ilin martında 3 milyon ton neftin ötürülməsini gerçəkləşdirə bilən 500 kilometrlik Bakı-Batumi neft boru kəmərinin bərpasından, daha sonralar isə Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra reallaşdı.
Milli valyuta dövriyyəyə buraxılan cümhuriyyətimizdə öncə yalnız lirəyə konverstasiya edilən manatın qısa müddətdə, hətta Avropa valyutalarına da nisbətən məzənnəsi müəyyənləşdirildi. Bundan başqa, Xalq Cümhuriyyəti dövründə iqtisadi islahatlar iqtisadiyyatın diversifikasiyasına xidmət etməklə yanaşı, özəl sahibkarlığın formalaşmasına da təkan verdi. Qısa müddətdə iqtisadiyyatın əsas lokomotivi olan maliyyə-bank sektorunun inkişafını təşviq edən islahatlara başlanıldı. Nəticədə Azərbaycan bank sektoruna özəl banklar daxil olmağa başladılar. 1919-cu ilin oktyabrın 25-də Azərbaycan Dövlət Bankı, daha sonra isə əmanət kassaları şəbəkəsi və eləcə də kredit şöbələri açıldı.
Bank sektorunda Bakı tacir bankı, Bakı İran bankı, Tiflis tacir və Birləşmiş bankların filialları fəaliyyət göstərməyə başladı.
Xalq Cümhuriyyəti ixracın şaxələndirilməsi və yerli istehsalın genişləndirilməsi istiqamətində islahatları sürətləndirdi. Təhsil sektorunun inkişafı və azərbaycanlı gənclərin Avropa ölkələrində təhsilinin maliyyələşdirilməsi isə insan kapitalının inkişafına xidmət edirdi. Xarici sərmayənin cəlbi üçün qanunvericiliyin formalaşması və təkmilləşdirilməsi də islahatların dəstəklənməsinə imkan yaradırdı. Bütün bunlarla bərabər, gömrük və vergi sisteminin formalaşması da dövlət gəlirlərinin artmasına şərait yaradırdı. Çox təəssüf ki, Rusiya işğalı iqtisadi islahatların davam etdirilməsinə imkan vermədi. Bununla belə, 100 il sonra biz AXC dövrünü yalnız qürur tariximiz kimi deyil, həmçinin iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatların aparıldığı şanlı dövr kimi xatırlayırıq.
Xalq Cümhuriyyəti dövründə başlanan islahatlar bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dərinləşdirilir. Azərbaycan 2017-ci ildə dövlətimizin başçısının müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq iqtisadi sabitliyi əldə etdi.
Ötən ilin əvvəlindən cənab Prezident iqtisadiyyatın sabitləşməsini, bu ildən isə sürətli iqtisadi artımın bərpa edilməsini hökumət qarşısında əsas vəzifə kimi müəyyənləşdirmişdir. 2014-cü ilin ikinci yarısından başlayaraq qlobal iqtisadi konyukturun kəskin şəkildə dəyişməsi də Azərbaycan iqtisadiyyatı üçün əlverişsiz mühit yaratmış, dayanıqlı inkişaf strategiyası üzrə proseslərin sürətləndirilməsi, iqtisadiyyatın resurs asılılığının minimum həddə azaldılması və diversifikasiya tədbirlərinin genişləndirilməsi zərurəti doğurmuşdur. Yaranmış çağırışlara adekvat olaraq, 2016-cı ilin dekabr ayında davamlı inkişafı hədəfləyən Strateji Yol Xəritələri təsdiqlənmiş və 2017-ci ildən etibarən fəaliyyət planına uyğun olaraq işlər davam etdirilmişdir. Son 3 ildə aparılan iqtisadi islahatlar institusional islahatlarla müşahidə edilmiş, dövlət strukturunun optimallaşdırılması, effektivliyin artrılması kimi istiqamətlərdə mühüm qərarlar qəbul edilmişdir. Eyni zamanda, ötən dövr üçün dövlət vəsaitlərindən məqsədli və şəffaf istifadə müxanizmlərinin təkmilləşdirilməsi prioritetlər sırasında olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində həyata keçirilən fəaliyyətlərin nəticəsi olaraq 2017-ci ilin əvvəlindən etibarən iqtisadiyyatımızda bərpa prosesi sürətlənmiş, maliyyə bazarlarında volatilin zəifləməsi xərcləmələri stimullaşdırmış, məcmu tələbin həcmində artım dinamikası müşahidə edilmişdir. Beləlikədə iqtisadiyyatın qeyri-neft bölməsində yaradılan ümumi daxili məhsulda artım qeydə alınmışdır.
Göründüyü kimi, Xalq Cümhuriyyəti zamanı başlanan iqtisadi islahatlar müasir dövrümüzdə daha geniş şəkildə davam etdirilir. Bu isə müasir Azərabaycanda dayanıqlı iqtisadi inkişaf və eləcə də iqtisadiyyatın diversifikasiyası ilə bağlı prioritetlərin reallaşmasının bir daha göstəricisidir.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri,
iqtisadçı-ekspert
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.