Xalqımız Cümhuriyyət qurucularının xatirəsinə böyük ehtiramla yanaşır

 “Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir”. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda Prezident İlham Əliyevin səsləndiridiyi bu fikirlər bu gün Azərbaycanın dünya xəritəsindəki yerini, strateji rolunu, qüdrətini əks etdirir.

Heç şübhəsiz, bu uğurların arxasında düzgün düşünülmüş daxili və xarici siyasət, xalq-iqtidar birliyi, gələcək rifaha hesablanmış irimiqyaslı layihələrə zəmin yaradan sabitlik dayanır. Hazırda Azərbaycanın beynəlxalq tədbirlərin, əhəmiyyətli forumların həyata keçirildiyi əsas platformaya çevrilməsi ölkəmizin regionda və dünyada nüfuz sahib olduğunu göstərir.

 Ölkəmiz təhlükəsizliyə, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqa, geosiyasi əməkdaşlığa töhfələr verməklə yanaşı, sahib olduğu tolerant, multikultural dəyərlərlə də dünyaya nümunədir. Daha bir örnək cəhətimiz isə tariximizə, dünənimizə həssas yanaşmağımız, milli dəyərlərə bağlılığımızdır.

 1918-ci ildə əsası qoyulan və cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinin dərindən öyrənilməsi, gələcək nəslə ötürülməsi elə bu dəyərlərə bağlılığımızdan irəli gəlir. Bu xoş münasibətin əsasını isə ulu öndər Heydər Əliyev qoyub. Bu mənada dahi liderin imzaladığı Cümhuriyyətin 80 və 90 illik yubileyləri ilə bağlı sərəncamlar, Milli Məclisdə Cümhuriyyətin yaranması ilə əlaqədar dinləmələrin təşkil olunmasını xatırlamaq olar. Ənənələrə sadiqlik, tarixin yaşadılması və gələcək nəslə ötürülməsi missiyası bu gün də uğurla davam etdirilir. Cənab İlham Əliyevin bildirdiyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”.

 Azərbaycan dövləti və xalqımız Cümhuriyyətin qurucularının xatirəsinə böyük ehtiramla yanaşır. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidə, bu ilin isə respublikada “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, ölkəmizlə yanaşı, xarici ölkələrdə də Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi bu diqqətin təzahürüdür. Bir əsr əvvəl əsası qoyulan Cümhuriyyət xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik dəyərlərə, eləcə də insan hüquq və azadlıqlarına həssas münasibətinin dərin köklərə söykəndiyinin göstəricisidir. Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələrinin ümummilli liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirilməsi XX əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapmasını şərtləndirdi. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir”.

 Bu gün əminliklə deyə bilərik ki, müstəqil və suveren Azərbaycanın taleyi etibarlı əllərdədir. Dinamik inkişafı, güclü iqtisadiyyatı ilə regionun liderinə çevrilən ölkəmiz, həm də sabit və multikultural məkan kimi dünyanın diqqət mərkəzindədir. Azərbaycanın bu gün sadəcə bir problemi var - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Ölkə rəhbəri çıxışında bu mövzuya xüsusi yanaşaraq bildirmişdir: “Son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirmişdir... Biz münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu formalaşdırmışıq. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir”.

 Prezident keçirdiyi görüşlərdə, iştirak etdiyi bütün beynəlxalq toplantılarda Dağlıq Qarabağ münaqişəsinə toxunur, Azərbaycanın məlum mövqeyini kəskin şəkildə bildirir. Dünyanın əksər ölkələrinin də Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, ölkəmizin artan nüfuzu və gücü bizdə belə bir əminlik yaradır: Qələbə günü uzaqda deyil...

 Aprel döyüşləri bu qələbəyə olan inamımızı daha da artırdı, Azərbaycanın qüdrətli ordusunun gücünü dünyaya bir daha göstərdi. Ordu quruculuğunda əldə olunan nailiyyətlər, Silahlı Qüvvələrin müasir texnika ilə təminatı ilə yanaşı, pisxoloji hazırlığı bizdəki inamı daha da möhkəmləndirir. Prezident İlham Əliyevin nitqində vurğulandığı kimi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq”. Müasir müstəqil Azərbaycanın gerçək siyasi, iqtisadi və hərbi qüdrəti belədir və bu hər bir azərbaycanlıda iftixar hissi doğurur.

Ağalar VƏLİYEV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında