“Sahibkarlar hər il hesabat verməlidirlər”

Bu təklifi Azərbaycan Tikinti Materialları Assosiasiyasının sədri, “Mətanət A” Şirkətinin rəhbəri Elxan Bəşirov irəli sürmüşdür

Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov Sahibkarlar Gününə həsr olunmuş konfransda maraqlı təkliflərlə çıxış edib. Assosiasiya sədrinin sözlərinə görə, ölkəmizdə 25 aprel tarixinin Sahibkarlar Günü kimi qeyd olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin iş adamlarına böyük diqqətinin göstəricisidir. “Sahibkarlar bu günün məsuliyyətini dərk etməlidirlər. Dövlət başçısının bu diqqət və qayğısına cavab olaraq, həm İqtisadiyyat Nazirliyinin, həm də assosiasiyaların saytlarında hesabat bölümünün yaradılmasını və hər il aprelin 25-də sahibkarların öz fəaliyyətləri ilə bağlı hesabatlarını orada yerləşdirməsini təklif edirəm. Belə olarsa, ölkədəki hər bir özəl şirkətin bir il ərzində Azərbaycan Respublikasının iqtisadi yüksəlişinə hansı töhfələr verdiyi ictimaiyyətə məlum olacaq”.

“Mətanət A” şirkətinin rəhbəri E. Bəşirov çıxışında Azərbaycanda sahibkarlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü və qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini də diqqətə çatdırıb: “Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransında bir daha söylədi ki, 2018-ci il də islahatlar ili olacaq və bu il də qeyri-neft sektorunun inkişafı istiqamətində bütün məsələlər prioritetliyini qoruyub saxlayacaq”.

Elxan Bəşirov, həmçinin qeyd edib ki, Prezident cənab İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə “investisiya təşviqi sənədi”nin verilməsi qaydalarını təsdiqlədikdən sonra müxtəlif sənaye sahələrinə milyard manatlarla investisiya yatırılıb: “Bizim “Mətanət A” şirkəti də dövlət başçısı qarşısında 4 böyük zavodun tikintisi ilə bağlı öhdəlik götürüb. Hazırda şirkət onların fəaliyyətini bir təşviq sənədi əsasında reallaşdıraraq milyon manatlarla vəsaitə qənaət edir. Bu qənaət bizim zavodların rentabelli işləməsinə, eyni zamanda, götürdüyümüz kreditin geri qaytarılmasına öz töhfəsini verir”.

Assosiasiya sədri rəhbərlik etdiyi şirkətin son nailiyyətlərindən də söz açıb. Natiq tikintisi ötən il başa çatdırılan Qazax əhəng zavodunun fəaliyyətinə toxunaraq bu zavodun istehsal etdiyi əhəngin regiondakı rəqiblərini xeyli geridə qoyduğunu vurğulayıb. Elxan Bəşirovun sözlərinə görə, şirkətin yaxın perspektiv üçün də böyük ümidlər vəd edən planları var: “Biz 2019-cu ilin axırına mineral yun zavodunu istifadəyə verəcəyik. Artıq bununla bağlı Almaniyanın ən məşhur şirkətlərindən biri ilə müqavilə bağlamışıq. İlkin ödənişlər edilib, bütün texnologiyalar, avadanlıqlar sifariş verilib, vaxtında Azərbaycana gətiriləcək. Biz Hacıqabulda da maşınqayırma istiqamətli böyük bir layihə həyata keçirəcəyik. Bu layihə tikinti avadanlıqlarının istehsalını gerçəkləşdirəcək”.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında