Cəmil Quliyev: Rüstəm İbrahimbəyov erməni məddahıdır

“Mənim yaxın qohumlarım arasında ermənilərin Azərbaycana qarşı törətdiyi hadisələrin qurbanları var. Mən onun bu hərəkətinə heç cür sakit yanaşa bilmərəm...”

 Bu sözləri kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, milli kökləri olmayan, ermənilərin isə sülhsevər, mədəni insan kimi təqdim edildiyi “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.

O bildirib ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş bu film heç bir bədii keyfiyyətə malik deyil: “Müxtəlif ölkələrdən erməni diasporundan aldığı qrantlar hesabına, bir neçə ermənipərəst aktyoru ətrafına toplayaraq ərsəyə gətirdiyi bir “film”dir. Burada Azərbaycan xalqını alçaldaraq, erməniləri alicənab, sülhsevər insanlar kimi təsvir edir. Filmdə bir epizod var ki, azərbaycanlı uşaq qaya üzərində dayanıb suya atılmağa qorxur. Xalqımızı bu qədər qorxaq, aciz təqdim ediblər. Daha bir mənfi epizod isə azərbaycanlıların vəhşi obrazında tərənnüm olunmasıdır. Başa düşmək olmur ki, öz doğma xalqına qarşı bu qədər yalan, iftira yazmaqla o, nəyə nail olmaq istəyir? Azərbaycan xalqı ona nə pislik edib?! Bu insan hələ də Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəridir. Bu qədər hadisəyə baxmayaraq, bəzi kino xadimləri susur və həmin ittifaqda fəaliyyətlərini davam etdirirlər. Bunun özü də mənim üçün çox ağırdır. Gürcü rejissoru Eldar Şengelaya getsin Cənubi Osetiyanın, Abxaziyanın probemləri ilə məşğul olsun. O kimdir ki, Dağlıq Qarabağ problemini həll edir?!”

 Cəmil Quliyev onu da əlavə edib ki, R.İbrahimbəyov 2009-cu ildən Azərbaycan xalqına olan nifrətini büruzə verməyə başlamışdı:

 “Mən dəfələrlə yazılarımda bunu dilə gətirmişəm. Əzəldən bilirdim ki, o, xalqımıza bu istiqamətdə ağır zərbə vuracaq. Xalq əleyhinə çıxışlar edən zaman akademik Nizami Cəfərov onun fikirlərinə sərt reaksiya verərək, tənqid etdi. 2010-cu ildə isə onunla çalışmaq istəmədiyimiz üçün mən, Ayaz Salayev, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov birlikdə onun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxdıq. 2013-cü ildən mən Rüstəm İbrahimbəyova qarşı mübarizəmi davam etdirirəm. O, erməni məddahıdır. O, Azərbaycanı hər yerdə, yazılarında, olduğu məkanlarda dayanmadan aşağılayır. Azərbaycanın Xalq yazıçısı adını daşıya-daşıya bu cür mövqe sərgilədiyi üçün ona ayıb olsun! Bundan artıq nə demək olar? O, bu gün də yeni film üzərində çalışır. Erməni rejissoru Roman Balayanla birlikdə çox təhlükəli təxribatlar hazırlayır. Bir neçə gənc rejissorları da öz ətrafına yığaraq, ermənilərin xeyrinə layihələr hazırlayan bir şəbəkə yaradıb.

 Bir Azərbaycan vətəndaşı və bir kinorejissor olaraq mən bu insanın davranışlarına qarşı ictimai qınağın artırılmasını istəyirəm. Ölkəmizi belə insanların vuracağı zərbələrdən qorumaq lazımdır. Ayaz Salayev ilə birlikdə Rüstəm İbrahimbəyovun bu hərəkətinə münasibət bildirmələri üçün ölkədə fəaliyyət göstərən bütün kinorejissorlara, yazıçılara müraciət edərək biganə qalmamalarını deyirik. Bu Vətən hər birimizindir. Onu hər kəsdən—istər xarici, istərsə də daxili düşmənlərdən müdafiə etmək vətəndaşlıq borcumuzdur”.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında