Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Respublika Günü və Cümhuriyyətin 100 illiyi münasibətilə Azərbaycanı təbrik ediblər

Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri AZƏRTAC-ın müxbiri ilə söhbətdə Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Azərbaycanı təbrik ediblər.

RF Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov:

– Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini sanballı nailiyyətlərlə qarşılayır. Bu əlamətdar tarix münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik etmək, onlara sülh və firavanlıq diləmək istəyirəm.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:

– Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilk növbədə Azərbaycan xalqının və Azərbaycan dövlətinin bayramıdır. Lakin sizi inandırıram, bu həm də Azərbaycanın Rusiyadakı bütün dostlarının bayramıdır. Rusiya üçün Azərbaycan yaxın, dost, qardaş ölkədir. Heydər Əliyevin  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olması faktı və İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirməsi faktı bizim ortaq tariximizin çox mühüm məqamlarıdır. Biz Heydər Əliyevin xatirəsinə böyük ehtiram bəsləyirik. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirəm, onlara əmin-amanlıq və firavanlıq diləyirəm.

Jurnalist, “Pəncərədən düşən işıq” filminin rejissoru Oleq Şommer:

– Azərbaycanın ilk dəfə müstəqillik əldə etməsindən 100 il keçir. Bu, böyük tarixdir. Azərbaycanın keçdiyi yol gələcəyə, sabaha yönəlmiş yoldur. Sabahkı günümüzü biz artıq bu gün görürük. Görürük ki, bu ölkə yaşayacaq və firavanlaşacaq. Ötən 100 il buna sübutdur. Birinci Azərbaycan Xalq Cümhuriyyəti bu gün Azərbaycanın fəxr edə biləcəyi dəyərlərin təməlini qoyub. Mən hər dəfə Bakıya gələndə özüm üçün nə isə bir yenilik kəşf edirəm. Mənim ilk səfərlərimdə bu yeniliklər Bakının arxitekturası, baxdıqca doymaq olmayan gözəlliyi idi. Mən insanlarla tanış olduqca başa  düşdüm ki, azərbaycanlılar olduqca səmimi, xeyirxah, qonaqpərvər insanlardır. Onlarla yaxından tanış olduqca bu xalqın ruhunu daha artıq dərəcədə hiss edirəm. Bu, mənim üçün hər şeydən vacibdir. Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbrik edirəm, Azərbaycanı və bu böyük xalqı bütün varlığımla sevirəm.

Rusiyanın Əməkdar artisti Aleksandr Oleşko:

– Qonaqpərvər və səmimi Azərbaycan xalqını səmimi qəlbdən Respublika Günü münasibətilə təbrik edirəm. Mən Azərbaycanda dəfələrlə olmuşam, orada inanılmaz dəyişikliklər baş verdiyini görmüşəm. Aeroportdan şəhərə gedərkən yolda dostlarıma zəng vurmuşam və demişəm ki, bu, nağıla bənzəyir, mən heç bir yerdə aeroportdan şəhərə gedən belə yol görməmişəm. Şəhərin özünə tamaşa edəndə isə onun necə dəyişdiyini gördüm. Sizin hamınıza dostluq, uzun ömür, ən müxtəlif istiqamətlərdə inkişaf arzu etmək istərdim. Bir artist kimi mənə göstərilən diqqətə görə Azərbaycana təşəkkür edirəm. Mənim evimdə iki ədəd 100 yaşlı Azərbaycan xalçası var. Onları Bakıda almışam və indi Azərbaycanın bir hissəsi mənim mənzilimdədir.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında