Son günlər “Qafqaz üçlüyü” filmi ilə xalqımızın dərin nifrətinə tuş gələn ssenarist Rüstəm İbrahimbəyovla bağlı mətbuatda, radio və televiziyada geniş müzakirələr gedir. Bu bağışlanmaz addımı lənətləyənlər də var, anormal şəkildə əqidədaşları tərəfindən onu haqlı sayanlar da. Həmsöhbətim Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevadır. O dedi:
– Biz onu əsərlərindən – filmlərindən, yaradıcılığı layiqincə dəyərləndirilən bir yazıçı kimi tanımış, ssenarisi əsasında çəkilən filmlərə sevə-sevə baxmışıq. Özü də sadə əyalət yazıçısı kimi yox, cəmiyyətin yuxarı dairələrini təmsil edən, yüksək təfəkkürə malik, ziyalı və elitar bir yazıçı kimi dəyərləndirirdik. Dövlətin ali mükafatlarına–Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeninə layiq görülən ziyalı kimi tanımışıq.
Bu gün isə yaradıcılığı onu nifrət hədəfi edib. Səbəb onun indiyədək məharətlə gizlədə bildiyi dönüklüyünün və xəyanətinin üzə çıxmasıdır. Bu dünyada bütün pisliklər unudulur, bağışlanır. Amma öz xalqına, Vətəninə dönüklüyün isə bir zavallı adı var: XƏYANƏT. Suyunu içib, torpağında gəzdiyi, “Vətənimsən” – deyib fəxr etdiyi Azərbaycanı hansı ambisiyalara görəsə qurban verməkdən böyük rəzalət olarmı? Rüstəm İbrahimbəyov məhz bu yaramazlığın qurbanı oldu... Bir vaxt onu göylərə qaldırdığı yaradıcılığı indi nifrət hədəfinə tuş etdi. Vaxtilə onun əsərlərində nəyisə başa düşməyəndə özümün onu dərk-etmə bacarığımın az olmasına şübhə ilə yanaşırdımsa, indi görürəm ki, bu insan heç vaxt azərbaycanlı olmayıb, ona görə də onu bəzən anlamamışam, sətiraltı fikirlərini duymamışam. O, həmişə--postsovet məkanında da, bütün dünyada da peşəkar ssenarist, dramaturq və yazıçı kimi tanınıb. Ölkənin “rusdilli qaymaqlarından” olub. Yaradıcılığının da leytmotivini bu “beynəlmiləlçilik” təşkil edib.
Amma indi məlum olur ki, başı bəlalardan heç açılmayan Vətənimin qoynunda neçə şahmar ilanlar necə qıvrılıb yatıbmış. Məqam gözləyirlər ki, öz mənfur niyyətlərini həyata keçirsinlər. Bir vaxt Əkrəm Əylisli də “Daş yuxular”ı ilə quyruğu üstə qalxmış ilan xislətini ortaya qoymuşdu. Qazancı elin qınağı və xəyanətkar adı oldu. İndi də, bu! Anlamaq çətindirmi ki, bu Vətən ululardan əmanətdir, bu torpaq uğrunda qanlar tökülüb, canlar gedib... Biz Vətənimizi, torpağımızı, dövlətimizi qoruyaraq, onu gələcək nəsillərə əmanət kimi çatdırmalıyıq. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil.
Bəllidir ki, R.İbrahimbəyov cavanlığını vaxtilə “beynəlmiləl şəhər” adlandırılan Bakıda keçirib və həmin vaxt uşaqlıq, gənclik dostlarının əksəriyyəti də məhz ermənilər olub. O vaxtdan onun qanına hakim kəsilən erməni ruhu zaman-zaman özünü göstərib.
“Qafqaz üçlüyü” filminə diqqətlə baxdım... Utandım. Bu, bizikmi? 20 Yanvar gecəsi düşmən üstünə əliyalın gedən, müharibədə əsir düşməmək üçün qumbaranı sinəsinə sıxan, ölümün gözünə dik baxan oğulların haradadır, Vətən?! Sənin filmin qəhrəmanı olan Fərhad kimi oğlun olsa, bağrın çatlamazmı?
R. İbrahimbəyov hərəkətini yaxşı anlasa da, özünü sığortalamaq üçün sosial şəbəkədə paylaşım edir ki, “...təqdim olunan film düşmən ölkələrin nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir. Və mən inanıram ki, bu gün müxtəlif səbəblərdən bu açıq-aşkar həqiqəti qəbul etməyənlər gec - tez onu dərk edəcəklər”.
Eynilə, Əkrəm Əylisli variantı. O da iki düşmən xalqın barışmasını və birgəyaşayışın təmin olunmasını təbliğ edirdi... Amma hər ikisi unudur ki, üstünə tabut gələn analar var, gözünü yeganə oğul övladının hərbi xidməti başa vurub qayıtmasını gözləyən, əvəzində şəhid anası, şəhid atası titulunu alan valideynlər var, barmağındakı üzüyü közə dönüb ürəyini yandıran nişanlı qızlar var... Yanan ocağı sönən, külü ilə oynayana bu saat erməni lazımdırmı? Əsirlikdə illərdir, inləyən qız-gəlinlərimiz var. İbrahimbəyovun bunlardan sanki xəbəri yoxdur. Ev-eşiklərindən didərgin düşənlərin ah-naləsi ona çatmır: həm uzaqda, erməni dostları ilə təşkil etdiyi ziyafət məclislərinə başı qarışıb, həm də Azərbaycandan gedən ağrı-acını eşitməmək üçün qulaqcıq taxıb.
Müəllif anlamaq istəmir ki, Azərbaycan xalqının bu filmdə təhqir olunduğınu hamı dərk edir. Ola bilər ki, Rüstəm İbrahimbəyov bu addımı siyasi və biznes ambisiyalarına görə atıb. Amma onu düşünmür ki, bizim torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox qaçqın və köçkünümüz var, Xocalı soyqırımı kimi böyük bir faciə yaşamışıq. Bütün bunların üzərində xoşbəxtlik piramidası qurmağa çalışan Rüstəm İbrahimbəyov bu mənfur niyyətini həyata keçirmək istəyir. Onun ürəyindən Oskar, Nobel mükafatları qazanmaq keçir.
Bu xalqın faciəsinin, dərdinin üzərindən şöhrət qazanmaq olmaz. Bu, ona heç vaxt uğur gətirməz. Bədbəxtlik üzərində xoşbəxtlik sarayı qurulmaz. Biz belə insanları lənətləməliyik.
Heç şübhəsiz ki, bu film biz azərbaycanlılara qarşı bütün dünyada və ilk növbədə, Rusiyanın kütləvi tamaşaçı auditoriyasında nifrət yaratmağa hesablanıb. Məqsəd də bizi qeyri-mədəni, qeyri-sivil, vəhşi və davakar millət kimi tanıtmaqdır. Rüstəm İbrahimbəyov ifadə azadlığı, yaradıcılıq azadlığı kimi ümumbəşəri substansiyaları əldə bayraq edərək “Qafqaz üçlüyü” filmində həqiqətə uyğun olmayan, uydurulmuş səhnələri əks etdirir və bununla da dünya tamaşaçısının diqqətini gerçək həqiqətdən yayındırır.
Zatən təfəkkürü azərbaycançılığa köklənməyən, ruspərəstlik və ermənipərəstlik xəlitəsinin qarışığından yoğrulmuş bir kinossenaristdən bundan artığını gözləmək də mümkün deyil. Fikirləşirəm ki, bu insan hansı düşüncə ilə Azərbaycan Prezidenti olmağa çalışırdı. Məqsədi nə idi: Azərbaycanı məhv etmək? Bəs ona dayaq duranlar, namizədliyini dəstəkləyənlər? Görəsən, onlar bu filmə baxıblarmı və nə düşünürlər?
Bir vaxtlar ümumxalq məhəbbəti qazanmış yazıçı indi xalqın qınağına tuş gəlib. Neyləmək olar? Ataların yaxşı bir məsəli var: İnsanın özü-özünə elədiyini el yığılsa, edə bilməz.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.