Publisist-politoloq Elçin Mirzəbəyli vaxtilə qazandığı ədəbi-bədii nüfuzu son on ildəki siyasi oyunbazlıqları ilə xalqımızın gözündə heçə endirmiş Rüstəm İbrahimbəyovun ölkəmizdə və ondan kənarda növbəti qalmaqala bais olan üzdəniraq yaradıcılığı barədə redaksiyamıza ünvanladığı qeydlərinə belə bir başlıq qoyub. Yazı müəllifinin bədnam soydaşımızın Avropa Şurasının “EURIMAGES” fondunun ayırdığı qrant sayəsində ərsəyə gətirdiyi “Qafqaz üçlüyü”filmi ilə bağlı mülahizələrini oxucularımıza təqdim edirik:
– “Qum üzərində ev” Rüstəm İbrahimbəyovun ötən əsrin 90-cı illərində indiki postsovet məkanında, xüsusilə də Rusiyada təbliğ olunan əsərlərindən birinin adıdır. Onun 2008-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərindən cəmi 15 gün sonra “Pravda” qəzetinə verdiyi müsahibə ilə tanış olandan sonra ağlımdan keçən ilk fikir “Qum üzərində ev”lə bağlı olmuşdu. İlk dəfə idi ki, yaradıcı adamın xarakterinin öz əsərinin adına bu qədər bənzədiyinin şahidi olurdum.
Məhz bundan sonra onun əsərlərini yenidən oxumağa, ssenariləri əsasında çəkilən filmləri təkrar izləməyə başladım. Və əmin oldum ki, o, mənsub olduğu xalqa, onun mədəniyyətinə, tarixinə, dünyagörüşünə aşağılayıcı və əzici bir kinayə ilə yanaşır. Bu baxımdan, Rüstəm İbrahimbəyov “Rosbalt” agentliyinə müsahibəsində ermənilərin ünvanına təriflər yağdıranda da, eqosuna Azərbaycan böyüklükdə daş düşmüş Əkrəm Əylislinin “Daş yuxuları”nı mədh edəndə də, allı-güllü-milli şura filmində rejissor assisenti funksiyasını icra edəndə də təəccüblənməmişdim. Elə indi də təəccüblənmədim. Olduqca soyuqqanlı bir şəkildə “Qafqaz üçlüyü” haqqında kinoşünas Ayaz Salayevin yazısını oxudum, daha sonra filmi izlədim. Filmin çəkildiyi ərazilərlə bağlı məlumatlarla tanış oldum.
Politoloq araşdırmalarının nəticələrini belə şərh edir:
– “Qafqaz üçlüyü” Gürcüstan, Rusiya və Fransada çəkilib. Sonuncu ölkənin adı xüsusilə maraq doğurur. Bu barədə bir qədər sonra. Hələlik “film” adlandırmağa belə çətinlik çəkdiyim, Rüstəm İbrahimbəyovun öz xalqına, vətəninə olan nifrətinin kino lentinə köçürülmüş surətinə peşəkarların münasibəti haqqında yazmaq istəyirəm.
“Qafqaz üçlüyü” nəinki bəyənilməyib və hətta “kütbeyinlik” kimi dəyərləndirilib. Süjet saxtadı və həqiqətin heç astanasında belə dayana bilmir. Məsələn, bütün dini konfessiyaların dinc birgəyaşayışının təmin edildiyi, az qala, hər addımda əcnəbi dildə danışan insanlarla qarşılaşmağın mümkün olduğu bir şəhərdə rusca danışmağın “balta ilə qarşılandığını” iddia etmək saxtakarlığın, yalançılığın son həddidir. Rus dilində danışdığına görə qocanın döyülməsi ilə bağlı səhnə...
Doğrudur, bu səhnə personajın milli mənsubiyyəti istisna olunmaqla Əkrəm Əylislinin “Daş yuxular”ından götürülüb. Plagiatdır yəni... Bəlkə də əksinə, “Daş yuxular”ın ideya müəllifi də Rüstəm İbrahimbəyovdur. Yaxud hər iki xəyanət dağarcığını eyni mərkəzdə və eyni adamlar doldurublar. Məsələ orasındadır ki, hətta rus tənqidçiləri belə bu səhnənin reallığı əks etdirə biləcəyinə inanmayıblar. Amma Rüstəm İbrahimbəyovun öz xalqına nifrəti o qədər böyükdür ki, hətta Azərbaycana bir o qədər də pozitiv münasibət bəsləməyən insanların inana bilmədiklərinə də özünü inandırmağı bacarıb.
Elçin Mirzəbəyli daha sonra bildirir:
– Məqsədim “Qafqaz üçlüyü”nün ssenarisi, rejissor işi və aktyor oyunu haqqında yazmaq deyil. Bu barədə Ayaz Salayevin kifayət qədər peşəkar yanaşması var. Amma bu nifrət körükləyən “ekran əsəri”nin ərsəyə gəlməsi ilə bağlı bəzi məqamlara toxunmağı vacib hesab edirəm. “Qafqaz üçlüyü” "Cinetech film production” (Gürcüstan), “Kinoskopik film production” (İspaniya) və “İbrus”un (Rusiya) birgə istehsalıdır. “Kinoskopik film production”un rəsmi saytında birgə istehsalçı kimi “İbrus”un adı çəkilsə də, “Qafqaz üçlüyü”nün titrlərində bu barədə məlumat verilməyib. Ola bilsin ki, bunun da öz səbəbləri var.
Məsələ burasındadır ki, filmi Avropa Şurasının bədii və sənədli ekran əsərlərinin dəstəklənməsi məqsədilə yaratdığı “EURIMAGES” fondu maliyyələşdirib. Fondun nizamnaməsinə görə, yalnız iki və daha çox istehsalat birliyinin birgə istehsalı olan filmlərə 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılır. Çox güman ki, "Cinetech film production” (Gürcüstan), “Kinoskopik film production” (İspaniya) və “İbrus”un (Rusiya) birgə əməkdaşlığının təməlində də Avropa Şurasından daha çox maliyyə vəsaiti qoparmaq məqsədi dayanıb.
“Onu da qeyd edim ki, “Qafqaz üçlüyü” Gürcüstan, İspaniya və Rusiya üçlüyünün yeganə ortaq layihəsi deyil. Bundan öncə də həmin istehsalat birlikləri “EURIMAGES” fondundan bir neçə dəfə qrant qoparmağa nail olub və yəqin ki, dadı damaqlarında qalıb” qənaətinə gələn yazar niyyətini belə açıqlayır:
– Bütün bunları araşdırmaqda və yazmaqda niyyətim ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü”nü ərsəyə gətirməkdə məqsədinin təkcə Azərbaycana olan nifrətini və ermənilərə sevgisini daha qabarıq şəkildə ifadə etmək olmadığını və öz xalqını, Vətənini həm də Avropa Şurasının “EURIMAGES” fondunun ayırdığı qranta satdığını sübuta yetirim. Rüstəm İbrahimbəyov hətta sevgisində də, nifrətində də səmimi deyil. Onun sevgisi də, nifrəti də maddi maraqlarının təmin edilməsi üçün bir vasitədir.
“EURIMAGES” fondunun “Qafqaz üçlüyü”nü maliyyələşdirməsi ilə bağlı fakt həm də Rüstəm İbrahimbəyovun daha öncəki davranışlarına aydınlıq gətirilməsi üçün ipucu verir. Bəlli olur ki, 2008-ci ildən başlayaraq onun Rusiyanın, ABŞ-ın, Avropanın kütləvi informasiya vasitələrində ermənilərin ünvanına səsləndirdiyi sevgi dolu mesajlar məsədyönlü xarakter daşıyıb. Onun siyasətə qoşulması da bir neçə məqsədə xidmət edib. Həm qarmağına düşdüyü xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib, həm də beynəlxalq təşkilatların ayırdığı qrantlara sahiblənmək üçün “dissident” obrazı formalaşdırmağa çalışıb.
Yazının davamında müəllif “Maraqlıdır ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı olduğu halda bunu orada deyil, Azərbaycanda, həm də ölkəmizə qarşı edib” məntiqi ilə “Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdırsa hansı hüquqi əsasla və ağılla Azərbaycanda prezident olmaq niyyətinə düşmüşdü? Məgər o bu qədər bəsit bir hüquqi proseduru anlamayacaq qədər axmaq idi?” – suallarına cavab axtaran Elçin Mirzəbəyli deyir:
– Şübhəsiz ki, yox. Zənnimcə, Rüstəm İbrahimbəyovun siyasətə gəlişi ilə bağlı “ssenari”nin davamını yazmağa ehtiyac yoxdur. “Film” hər kəsin gözü qarşısında oynanılıb. Yazımı “Görəsən, İbrahimbəyovu özünə lider seçənlər “Qafqaz üçlüyü”nü izlədikdən sonra nə düşünürlər” sualı ilə davam etdirmək istəyirdim. Amma düşünürəm ki, bu doğru sual deyil. Çünki İbrahimbəyovun film haqqında fikirlərini Cəmil Həsənli, Əli Kərimli və digərləri ilə bölüşmədiyinə şübhə edirəm. Onların film barədə məlumatları olub. Ola bilsin ki, hətta ssenari ilə də daha öncədən tanış olublar. Bəlkə, Rüstəm İbrahimbəyovun aldığı qrantdan da pay umublar.
Film 2017-ci ilin fevral ayında “Youtube” kanalına yerləşdirilib. Cəmi 11 minə yaxın baxış olub. Yəqin ki, bu da “Qafqaz üçlüyü” ilə bağlı Azərbaycanda aparılan müzakirədən sonrakı göstəricidir.
Bir məqama da toxunmaq istəyirəm: “Qafqaz üçlüyü” nümayişdə olduğu dövr ərzində cəmi 648 ABŞ dolları gəlir əldə edib. Bu isə filmin nə qədər uğursuz olduğunu təsdiqləyir.
Başqa bir məqam isə daha öncə də qeyd etdiyim kimi, filmin çəkilişlərinin aparıldığı ərazilərlə bağlıdır. Bu müstəvidə çəkilişlərin bir hissəsinin nə üçün Gürcüstan və Rusiyada aparıldığını başa düşmək olar. Çünki filmi istehsal edən müəssisələrdən biri Rusiyada, digəri isə Gürcüstanda yerləşir. Amma filmin üçüncü ortaq istehsalçısı İspaniya şirkətidir. O zaman nə üçün Fransa?
Hər kəsə bəllidir ki, filmin ssenarisində çəkiliş məkanları öncədən nəzərdə tutulur. Yəni Fransa Rüstəm İbrahimbəyovun öz seçimidir. Fransada isə güclü və imkanlı erməni diasporu var. Bəlkə də, Avropa Şurasının “EURIMAGES” fondunun “Qafqaz üçlüyü”nün çəkilişlərinə qrant ayırmasında da onların rolu olub. Sirr deyil ki, bu qədər böyük məbləğdə vəsaiti adama “qara qaşına və gözünə” görə vermirlər.
Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” ilə bağlı özünü təmizə çıxarmaq cəhdləri isə onun nə qədər yalançı və riyakar olduğunu bir daha nümayiş etdirir. Adam deyir ki, guya, filmdə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan heç bir ifadə və fikir yoxdur. Amma filmin başlanğıcında qeyd olunur ki, “1988-ci ildə ərazi baxımından Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayəti öz müstəqilliyini elan etdi. Nəticədə Azərbaycanla Ermənistan arasında hər iki tərəfdən minlərlə insanın həyatının itirilməsinə səbəb olan hərbi qarşıdurma baş verdi. Yüzlərlə insan öz evini tərk etdi, ailələr dağıldı. Hər iki tərəfin xalqı getdikcə bir-birlərinə daha çox düşməncəsinə yanaşırlar. Amma istisnalar da var”.
İbrahimbəyovun saxtakarlığı bu sətirlərdən açıq-aşkar görünür. Çünki hərbi qarşıdurma Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində baş verib. Dağlıq Qarabağdakı separatçı hərəkatı da Ermənistan stimullaşdırıb və daha sonra himayədarlarının dəstəyi ilə Azərbaycan ərazilərini işğal edib. Filmdən gətirdiyim nümunədə “yüzlərlə insanın öz evini tərk etdiyi” bildirilir və bu, hər iki tərəfə şamil olunur. Həmin illərdə isə təkcə indiki Ermənistan ərazisindən, öz tarixi vətənlərindən, evlərindən 200 min azərbaycanlı qovulub. Azərbaycan torpaqlarının işğalı nəticəsində isə 1 milyona yaxın azərbaycanlı öz evindən didərgin düşüb.
Rüstəm İbrahimbəyovun qum üzərində düzüb-qoşduqlarına münasibətini ümumiləşdirən Elçin Mirzəbəyli sonda qənaətini belə ifadə edir:
– Adam bu qədər şəxsiyyətsiz və riyakar ola bilməz. Mən filmdən daha çox, İbrahimbəyovun həyasızlığına heyrətlənirəm. Qum üzərindəki bünövrəsiz, bəndsiz , xaraktersiz yaradıcılıq sürüşməkdə davam edir. Yəqin ki, “İbrus” sahibinin “qum üzərindəki evi”nin taleyi də elə qum üzərində yapılmış və həqiqətin ilk dalğası ilə qumluğa qarışan uşaq evcikləri kimi olacaq.
Məgər o bunu bilmirdimi? Bilirdisə, niyə saxtakarlıq qumundan yalan evciyi tikməyə razı olub? Qoy o, yatmış vicdanını oyadıb xəyanət etdiyi xalqının bu kəskin sualına doğru-düzgün cavab versin. Hərçənd, bu cavab da onu bais olduğu lənət damğasından xilas edə bilməz.
Çapa hazırladı:
T.AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.