Novruz saflaşma, yeniləşmə bayramıdır (Zəlimxan Yaqub, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi)

Ömrümüzün daha bir baharına qovuşuruq. Novruz yenidən türk ellərini dolaşır, qanları coşdurur, ruhları pərvazlandırır. Min illərdir xalqımız Novruz sevgisi ilə həyatın təzə bir səhifəsini açır, Novruz həsrəti ilə təbiətin yeni oyanışını gözləyir. Novruz təkcə təbiətə deyil, insanların vücuduna, ruhuna da bol işıq saçır, aləmi paklaşdırır. Novruzda bitkilərlə yanaşı, sanki, insanların qəlbi də tumurcuqlayır; bağ-bağça, çöl-çəmənlə yanaşı, adamların arzu-ümidləri də gül-çiçək açır. Novruz yeni bir ilin bərəkətinə, bolluğuna qapı açır.
Ulu Yaradanın qüdrətinə, əzəmətinə insanların inamını, şükranlığını ifadə edir Novruz şənlikləri. Novruzun gəlişi ilə ilahi bir nəfəs, az qala, daşı-qayanı da canlandırır. Torpaq da bu ilahi nurla mayalanıb nəhəng ruzi qazanını qaynatmağa başlayır. Novruz şənlikləri gözlərin işığını, qolların gücünü, dizlərin taqətini birə-beş artırır.
İnsanlar Novruzla ülfətə girib şadlananda yerin-göyün də bir-birinə mehr-məhəbbəti artır, bolluq, əmin-amanlıq ellərimizi bir boy da yüksəldir. Xalqımız builki Novruza da bax bu inamla, diləklə qucaq açıb. İldən-ilə ağrıları azalan, sevinci çoxalan xalqımız bütün acılıqları, əyər-əskikləri Novruz tonqallarında yandırmaq, arzu çıraqlarını bu odla alışdırmaq inamından güc alır. Xalqımızı əsrlər boyu bir çox bəlalardan, basqılardan məhz bu inanc xilas edib.
Novruzdan-novruza öz varlığına tapınan, Xeyirə inamından güc alan babalarımız yağılarla dartışmalardan qalib çıxıblar. Bax bu təzələnmə, bu güc, bu özünətapınma ilə Azərbaycan xalqı XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən qazandı, torpağını Vətən, ölkəsini Dövlət elədi. Artıq builki Novruzla xalqımız Azadlığının, öz haqlarına sahib olmağın 20-ci baharına qədəm qoyur.
Bütün bu duyğularımı sözə çevirib xalqımıza ünvanlamaqla, 50 milyonluq xalqımızı ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə qəlbimin bütün hərarəti ilə təbrik edirəm. Ey mənim başı çox bəlalar çəkmiş Xalqım, Sən zaman-zaman Novruz sevgiləri ilə cavanlaşmısan, qol-budaq atmısan. Müdrik babaların dediyi kimi, az ikən çox olmusan, ac ikən tox olmusan, əsarətlərə düşsən də azadlıqlarına da qovuşmusan. Arzum budur ki, builki Novruzun xoş qədəmləri torpaqlarımıza bütövlük, xalqımıza birlik, ellərimizə, ailələrimizə firavanlıq, sevgi, səadət gətirsin.
Novruz milli bir bayram olmaqla yanaşı, bəşəri dəyər də daşıyır. Bu, əslində, İnsanın Təbiətlə qol-boyun olduğu, müqəddəs bir ahənglə eyniləşdiyi gündür. Ona görə də son illərdə Novruz şənlikləri ölkəmizin hüdudlarını aşıb soydaşlarımızın, dostlarımızın yaşadıqları ölkələrə də yayılır. Xalqımız bu qədim bayramı öz köksündə od qoruyan kimi saxlayıb, yaşadıb bizim günlərdə dünyaya ərmağan edib. By bayramın müqəddəsliyi artıq başqa xalqları da əfsunlayır.
YUNESKO kimi beynəlxalq qurum da Novruzun bu bəşəri dəyərini təsdiqləyərək onu dünya mədəniyyəti xəzinəsinə daxil edib. Mən buna görə də xalqımıza gözaydınlığı verirəm. Doğrudan da, Novruz sevgisi ilə xalqımızın başı insanlığın uca zirvəsinə dəyir. Qoy xalqımızın Novruzla təzələnən ili Azərbaycanın ən yeni tarixinə böyük arzularla, xoş əməllərlə yazılsın!{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında