Xalqımızın və dövlətimizin bayramı (Anar, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı)

İlin ayrı-ayrı günləri kimin üçünsə əziz, yaddaqalan, sevinclidir. Doğum günü, böyük arzuların çin olduğu günlər ömür təqviminin belə seçilən məqamlarıdır. Xalqların, cəmiyyətlərin tarixində, cari həyatında da belə günlər var və adətən, onlar millət və dövlət bayramları kimi hamılıqla, təntənə ilə keçirilir. Təqvimin barmaqla sayılacaq qədər olan bu günləri ümumxalq, ümumdövlət bayramı statusu qazanaraq hər il dərin sayğı və sevgilərlə qeyd olunur, ali duyğularla, xoş yaşantılarla həyatımızı mənalandırır.
Çağdaş tariximizin ən dərin məna, geniş anlam daşıyan günü dövlət müstəqilliyimizin əldə edilməsi və onun bərpa edilməsi günləri - 28 May və 18 Oktyabr tarixləridir. Bu iki gün tariximizin son 93 və 20 ilini əhatə edir. Lakin milli təqvimimizdə bu iki gündən az əhəmiyyətli olmayan bir gün də var ki, onun tarixi xalqımızın özü qədər qədimdir. Bu, Novruz bayramıdır. Novruz Zamanın "arşın ağacı" kimi min illərdir xalqımızı ilin günlərindən, həftələrindən, aylarından, fəsillərindən keçirib yeni baharlara gətirir. Novruzla ilk qədəmini atan yeni ilimiz hər Novruzla təzələnir.
Xalqımız əsrlər boyu ən böyük arzularını, ən ülvi diləklərini, ən xoş əməllərini bu bayramla bağlayıb. Bu bayramda istəklər, amallar ortaqlaşıb. Bu günü ən yüksək insani duyğularla, xeyir əməllərlə yaşayan babalarımız, sanki, ilin bütün günlərini bu səviyyəyə qaldırmağa, həyatlarını başdan-başa gözəlləşdirməyə çalışıblar. Lakin məlum səbəblərdən, xüsusən, həyatın Xeyir-Şər qütbləri üzərində bərqərar olması kimi qaçılmazlıqdan bu arzu xoş bir xəyal kimi qalmışdır. Lakin bu xəyalın özü həyatın arzuolunmaz tərəflərinə də bir işıq, təsəlli gətirmişdir.
Novruz ilin bəlalarının ovudulduğu, hər şeyə şirinlik, sevgi qatıldığı bir gün olmuşdur. Novruz zaman-zaman milli kimliyimizin ən işıqlı, mənalı tərəflərini özündə cəmləşdirərək millət gününə, ümumxalq təntənəsinə çevrilib. Təsadüfi deyil ki, xalqımıza öz kimliyini unutdurmaq istəyən yağılar ilk növbədə milli varlığımızı ali məqamlarda yaşadan Novruza qənim kəsiliblər.
Milli-mədəni dəyərlərini yaşadan, qoruyan xalqımız ən böyük milli bayramı olan Novruzu da qəlbində, yaddaşında bugünə çatdırmışdır. Taleyimizin xoş bir hədiyyəsidir ki, dövlət müstəqilliyi qazanmağımızla, Novruz həm də rəsmi status aldı - xalqımızla yanaşı, dövlətimizin də əziz bayramı kimi tanındı. Bu çox böyük tarixi reallıqdır. Elə buna görə də mən xalqımızı ikiqat bayram olan Novruzun gəlişi münasibətilə təbrik edirəm. Qoy xalqımız bu bayramdan nələr gözləyirsə hamısı qısa zamanda çin olsun. Novruz Təbiəti paklaşdırdığı kimi, qoy ürəkləri də saflaşdırsın. Həyatı göyərdən, irəli aparan da elə bu saflıq, dirilik iksiridir. Qoy qarşıdakı fəsillərdə Təbiət də xalqımızın üzünə gülsün, Cəmiyyətimizdə də əmin-amanlıq, bolluq artsın, insanlara rahatlıq gətirsin!
Tarix çoxdan şahiddir ki, insanlar təbiəti aşağıladıqca, ona nankor, qarətçi nəzərlərlə baxdıqca daha böyük bəlalara düçar olublar, gözəgörünməz qüvvələrin intiqamına tuş gəliblər. Təbiətə qutsal, sevgili münasibət isə, sanki, onun insanlara rəğbətini artırır, xeyir-bərəkəti göyərdir. Xalqımız Novruz təntənələri ilə Təbiətin ululuğunu, ona sonsuz sevgi-sayğılarını ucadan səsləndirir. Qoy xalqımızın Novruz nəğmələri daha əzəmətli səslənsin, həyatımızı Xeyirə calasın!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında