Elman Rüstəmov: Əldə etdiyimiz nailiyyətlər zəngin mədəniyyətimizin əsasında mümkün olmuşdur

Bu həftə ABŞ paytaxtında Dünya Bankının baş qərargahında Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankının Azərbaycan təmsilçiliyinin təşkilatçılığı ilə Azərbaycan günləri keçirilmişdir. "20 illik uğurlu tərəfdaşlığın təntənəsi" devizi altında keçirilən Azərbaycan günləri çərçivəsində Azərbaycan mədəniyyətini təqdim etmək məqsədilə ölkəmizin iqtisadi inkişafını, Dünya Bankı qrupuna daxil olan beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını əks etdirən xüsusi stendlər və fotoqalereya qurulmuş, Azərbaycanın qədim xalçaçılıq və ipəkçilik sənayesindən bəhs edən sərgidə xalça istehsalı prosesi və milli geyimlər nümayiş etdirilmişdir. Dünya Bankı qrupuna daxil olan 187 dövlətin üzvlərinə Azərbaycanın zəngin mədəni irsini tanıtmaq məqsədilə milli mətbəximizin, xalq və klassik musiqi nümunələrindən ibarət konsert proqramı təqdim edilmişdir.
Azərbaycan günlərində iştirak etmək üçün Mərkəzi Bankın sədri və Dünya Bankının Azərbaycan üzrə idarə heyətinin başçısı Elman Rüstəmovun rəhbərliyi ilə nümayəndə heyəti Vaşinqtona işgüzar səfər etmiş, Dünya Bankında bir sıra müzakirələr aparmış, seminarlar keçirmiş, Amerika ictimaiyyəti qarşısında çıxış etmişdir. E.Rüstəmov səfər haqqında təəssüratları barədə AzərTAc-a müsahibə vermişdir:
-Elman müəllim, Dünya Bankının Azərbaycanla əməkdaşlıq tarixinə nəzər salarkən bu illər ərzində birgə fəaliyyətin dəyişən dinamikasını necə qiymətləndirərdiniz?
-Birgə əməkdaşlığımızın tarixi, doğrudan da, çox uğurludur. Yaxşı yadımdadır, 1995-ci ildən başlayaraq,- xatırlayırsınızsa, bu dövr ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin təmin olunmasina təsadüf edir,- Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun yaxından iştirakı ilə biz, radikal iqtisadi islahatların həyata keçirilməsinə başladıq. İlk birgə islahat proqramları tərtib edildi, ölkəmizə sabitləşmə kreditləri ayrıldı. O zaman Dünya Bankı iqtisadi islahatlara təkan vermək üçün iqtisadi vəziyyətin sabitləşməsinə yönələn, ilkin zəruri infrastruktur dəyişikliklərini həyata keçirmək istiqamətində Azərbaycanda böyük işlər gördü. Sonrakı illərdə isə, Dünya Bankının köməyi başlıca olaraq müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı idi. Bu illər ərzində Dünya Bankı ilə ümumi dəyəri 3 milyard ABŞ dolları olan 43-ə qədər layihə həyata keçirilmişdir. Hazırda, onların 18-i icra mərhələsindədir. Ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilən bu layihələr təhsil, suvarma sistemlərinin təkmilləşdirilməsi, kapital bazarlarının inkişafı kimi mühüm sahələri əhatə edir. Dünya Bankının bu gün Azərbaycanda kifayət qədər balanslaşdırılmış portfoliosu vardır. Onlar bir sıra mühüm layihələrə vəsait qoymuşdular. Məsələn, "PoçtBank" layihəsi kiçik həcmli olsa da, təsiri baxımdan əhəmiyyətlidir. Təbii ki, son dövrdə Azərbaycanın özünün artan imkanları Dünya Bankının bizə verə biləcəyi hər hansı maliyyə köməyini qat-qat üstələyir. Lakin biz bu əməkdaşlığa bir imkan kimi baxırıq. Biz, Dünya Bankı ilə münasibətlərimizin üstünlüklərini beynəlxalq maliyyə mütəxəssislərinin bütün dünyadan topladığı təcrübədə görürük. Düzdür, Azərbaycan arıtq Beynəlxalq İnkişaf Assosiasiyasının maliyyə proqramlarından yardım almır. Əgər biz, bu yanaşmanı beş-altı il əvvəl etirazla qarşılayırdıqsa, bu gün özümüzə inam, gücümüzə əminlik o qədər yüksəkdir ki, beynəlxalq maliyyə resurslarının ehtiyacı olan digər dövlətlər tərəfindən istifadə olunmasını istəyirik. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan bu gün istənilən layihəni həyata keçirmək iqtidarındadır. Bu gün biz artıq özümüz başqalarına kömək edirik. Əgər vaxtilə bizə kreditlər ayrılırdısa, indi biz öz maliyyə resurslarımızla onların layihələrində iştirak edirik. Məsələn, Beynəlxalq Maliyyə Korporasiyasının Latın Amerikası dövlətlərinin inkişafı ilə bağlı layihəsinə 100 milyon ABŞ dolları məbləğində sərmayə qoyuruq. Gördüyünüz kimi, əməkdaşlığımızın prioritet istiqaməti Dünya Bankının zəngin təcrübəsindən, maliyyə ekspertizasından istifadə etməkdir. Onların mütəxəssisləri dünyanın bütün ölkələrində çalışıblar. Biz də, iqtisadi inkişafa nail olmuş ölkələrin dərslərini öyrənmək, onların uğuruna və ya səhvlərinə gətirib çıxaran amilləri bilmək istəyirik. Mövcud hallar diqqətlə araşdırılmalıdır. Belə olan halda, zənnimcə, Azərbaycanın inkişaf strategiyasını və islahatları daha əminliklə və müvəffəqiyyətlə apara bilərik.
-Bu günlər ərzində Dünya Bankında apardığınız müzakirələrdən razı qaldınızmı?
-Danışıqlar çox müvəffəqiyyətlə keçdi. Biz, burada bir sıra mühüm layihələrimiz üzrə təqdimatlar və seminarlar apardıq. Onlardan biri Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov tərəfindən təqdim edildi. Neft Fondu bizim ən böyük uğurlarımızdan biridir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu qurum, məncə, bütövlükdə Azərbaycanın bugünkü nailiyyətlərinin bir növ rəmzinə çevrilib. Dövlət Neft Fonduna enerji ehtiyatlarımızın ixracından əldə edilən gəlirin toplanması, onların idarəedilməsinin şəffaflığı göz qabağındadır. Daha bir seminar "PoçtBank" layihəsinin heyəti tərəfindən keçirilmişdir. Bu layihə bir sıra ölkələrdə həyata keçirilsə də, çox az yerdə müvəffəqiyyət qazanmışdır. Ona görə, Dünya Bankının əməkdaşları təqdimatımızı olduqca böyük maraqla qarşıladılar. Həmçinin Dünya Bankı ilə birgə tədqiqatlar və araşdırmaların aparılmasını nəzərdən keçirdik. Bu istiqamətdə işlər özümüzün də tədqiqat potensialımızı artırardı. Müzakirə etdiyimiz məsələlər arasında mühüm yer tutan bu ilin payızında 2-ci beynəlxalq foruma ciddi hazırlıq işləri idi. Biz, Dünya Bankının bu forumda ən yüksək səviyyədə iştirak edəcəyini gözləyirik.
Dünya Bankı ilə gələcək əməkdaşlıq istiqamətlərində sərmayə elementi təbii ki, özünü saxlayacaqdır. Bizim burada 2 milyard ABŞ dolları həcmində sabit portfelimiz vardır. Lakin bu gün bizi daha çox maraqlandıran, dediyim kimi, beynəlxalq maliyyə mütəxəssislərinin təcrübəsindən bəhrələnmək, tərəflər arasında bərabərhüquqlu dialoq quraraq yeni layihələr üzərində işləməkdir.
Məni burada olduğum müddətdə ən çox sevindirən hallardan biri də Dünya Bankı qrupuna daxil olan qurumlarda işləyən azərbaycanlıların sayının artmasıdır. Yadımdadır, əvvəllər adlar arasında Azərbaycan familiyası görəndə bu, bizə sevinc və fəxr hissi bağışlayırdı. Türkiyə və Rusiyadan əməkdaşlar çox olsa da, Azərbaycandan bir o qədər əməkdaş yox idi. Lakin bu gün Vaşinqtonda bu sahədə çalışan həmvətənlərimizin sayı o qədər artıb ki, onlar təşkilatlanaraq özlərinin Assosiasiyalarını yaradıblar. Bu, olduqca istedadlı və fəal gənclərin təşkilatıdır. Həmin mütəxəssislər Azərbaycanın gələcəyinə, istər burada, istərsə də Vətənə döndükdən sonra fayda verə biləcəklər. Biz, Dünya Bankında bu məsələni də qaldırdıq. Beynəlxalq Valyuta Fondu və Dünya Bankında işləyən azərbaycanlıların sayı məqsədyönlü şəkildə artırılmalıdır. Bu səyləri xüsusi proqram şəklinə salıb, biz Vaşinqtona daha çox gənclərimizi göndərmək niyyətindəyik. Onların topladığı təcrübə bizə gərəkli olacaqdır.
Azərbaycanda gedən genişmiqyaslı quruculuq prosesləri Dünya Bankının diqqət mərkəzindədir. Onların maraqlandığı əsas məsələlərdən biri ölkələrdə yoxsulluq səviyyəsidir. Azərbaycanda yoxsulluq səviyyəsinin qısa bir zamanda beş dəfə azalması vacib göstəricidir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlar Dünya Bankının başçıları tərəfindən rəğbətlə qarşılanır. Cənab Prezidentin ölkədə iqtisadi mühitin yaxşılaşdırılması üzrə siyasəti yüksək qiymətləndirilir. Nazirlər Kabinetinin ilin əvvəlində geniş toplantısında İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarlığa yaradılan süni maneələr, süni qiymət şişirdilməsi aradan qaldırılmalı, başqa mənfi, sahibkarlığın inkişafını ləngidən halların qarşısı alınmalıdır. Bu göstərişlərin hamısı Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda böyük diqqət cəlb etmişdir.
Dünya Bankının prezidenti Robert Zöllek görüşümüzdə bir daha bildirdi ki, Azərbaycan haqqında təəssüratları olduqca müsbətdir. O, ölkəmizdə aparılan proseslərə ciddi maraq göstərir. Bizim görüşümüz yarım saatlıq planlaşdırılsa da, bir saatdan artıq davam etdi və Azərbaycanla Dünya Bankı arasında mövcud geniş əməkdaşlıq potensialının necə reallaşdırılması, hazırda həyata keçirilən layihələrin səmərəliliyinin artırılması kimi məsələləri əhatə etdi. Görüşdən sonra cənab Zöllek etiraf etdi ki, söhbətimiz nəticəsində Azərbaycan haqqında bilikləri daha da artdı. Ümumiyyətlə hesab edirəm ki, bu səfər çərçivəsində apardığımız danışıqlar Dünya Bankı ilə əməkdaşlığımızın daha da intensivləşdirilməsi üçün zəmin yaratdı.
- Cənab sədr, özünüzlə Dünya Bankına Azərbaycan mədəniyyətindən də bir pay gətirmişdiniz. Səfərinizin mədəni hissəsi hansı reaksiyanı doğurdu?
- Bizə hamı dedi ki, əvvəllər də Dünya Bankında müxtəlif üzv ölkələrin günləri keçirilsə də, onlar belə yüksək səviyyədə təqdim olunan günlərin ilk dəfə şahidi olurdular. Hətta milli geyimlərimizdən ibarət sərgini izləyən Dünya Bankının prezidenti Robert Zöllek yarızarafat-yarıgerçək bildirdi ki, libaslar o qədər gözəldir ki, Dünya Bankı Azərbaycanda gərək böyük moda potensialına yatırımlar etsin. Təbii ki, Azərbaycanın mədəniyyəti olduqca qədim və zəngindir. Onun gözəlliyi, müxtəlifliyi valeh etməyə bilməz. Bilirsiniz, biz bu mədəniyyətin içərisində yaşadığımız üçün, hərdən onun imkanlarını hiss etmirik. Lakin bu gün iqtisadi nəzəriyyələrdə belə mədəniyyətin inkişafda rolu barədə ciddi müzakirələr gedir. Sözsüz ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər məhz belə zəngin və çoxşaxəli mədəniyyətin əsasında mümkün olmuşdur. Biz, incəsənətimizi, musiqimizi, mətbəximizi, seçdiyimiz yolu dünyaya çəkinmədən, tərəddüd etmədən təqdim etməliyik. Çünki hər dəfə Azərbaycan mədəniyyəti beynəlxalq səhnədə təqdim ediləndə olduqca güclü təəssürat yaradır. Bu sahədə potensial çox genişdir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında