Xalqına nifrət edən o xalqın fəxri adını daşıya bilməz

Azərbaycan müxalifətini öz ətrafında birləşdirmək üçün yaradılmış Milli Şuranın keçmiş sədri, müxalifətin prezidentliyə vahid namizədi olmuş Rüstəm İbrahimbəyovun növbəti dönüklüyü ölkə ictimaiyyəti tərəfindən ciddi şəkildə qınanılmaqdadır. Tanınmış qələm sahibləri bu məsələdə daha kəsərli söz deyirlər. Ölkə mətbuatının üzdə olan simalarından biri, Əməkdar jurnalist Telli Pənahqızı “Qafqaz üçlüyü” filmi barədə mülahizələrini özünün feysbuk səhifələrində paylaşıb.

Statusuna “Can Vətən!” – müraciəti ilə başlayan xanım həmkarımız yazır: “Can, Vətən! Gör kimlərə oğlum demisən, əzizləmisən, bağrına basıb qoruyub qollamısan! Heç düşünməmisən ki, havanı udub çörəyini yeyən, şöhrət zirvəsinə sənin adınla qalxan, sənin bütün yüksək, dəyərli ödüllərini, mükafatlarını mənimsəyən, sənin sərvətini-dövlətini geninə-boluna mənimsəyən bu ... satqınlar günlərin bir günü əsl simalarını göstərəcək, səni ...  yadlara, düşmənlərə satacaq! Və sən bu "bəy" gədələrin, bu alçaqların sənə tuşlanan qəfil gülləsinə sinə gərməli olacaqsan! Mən bir dəfə yazmışdım:

Bəlkə "günah" sənindir,
               suyun, mayan harammış,

Söylə, axı bu qədər satqın,
                              nadan hardanmış?

Qoy öpüm, sığal çəkim,
               görüm yara haranmış,

Bizi bağışlama, Vətən, ay Vətən!

Amma sən bağışlayansan, Vətən!

Axı sən ANAsan! Analar şikəst, yazıq, bədbəxt övladını da çölə atmaz, ən kritik anında yenə onun yanında olar!

Bilirsənmi, Ana Vətən!!!

Rüstəm İbrahimbəyov kimi bir alçağın, nadanın səndən üz çevirməsi, kiminsə qucağında oturub sənə şər, böhtan atması, səni kiminsə ayağına verməsi faciə deyil, faciə belələrindən Sənin imtina etmən, Sənin üzçevirmən olsun gərək! Yel qayadan heç nə aparmaz! Bu lənətlənmiş məlun da ömrü boyu sənin mənafeyin naminə bir iş görməyib ki! Özü üçün, şəxsi çıxarları, şöhrəti, məşhurluğu üçün Sənin səxavətindən bol-bol faydalanıb.

Öz ana dilində güc- bəla ilə danışan, bir yetimin başına sığal çəkməyən, bir şəhid ailəsinin ziyarətinə getməyən, ayağı qan qoxulu Vətən torpağının sərhəd kəndlərinə dəyməyən bu adam nə bilsin ki, Vətən, Sən onun yox, qanı-canı, həyatı bahasına səni qoruyanların Vətənisən! Gözünü qırpmadan düşmən üstə yüyürən onlarca Aprel Şəhidimizin Vətənisən! Rüstəm kimilər əllərində badə Moskvanın elitar ziyafət salonlarında ermənilərin şərəfinə tost deyəndə bizim cavan jurnalistimiz təkbaşına bir sürü erməni siyasətçinin cavabını vermək cəsarətindəydi.

Sən və sənin kimilərsə susurdular o vaxtlar!

Sən və sənin kimilər bir dəfə də məftunu olduğunuz Rusiyanın televiziya kanallarında bizim əleyhimizə təşkil olunan debatlarda iştirak etməyi lazım bilmədiniz! Niyə? Çünki bu vətənin dəyəri yox idi sizin gözünüzdə. Aldığınızı almış, istədiklərinizi qazanmışdınız!

Amma günah bizdədir! Günah sənin böyüklüyündə, adilliyində, səbrindədir Vətən! Gərək biz də ermənilər kimi bu "rusdilliləri" məcbur edəydik ki, ortalığa çıxıb mövqelərini nümayiş etdirsinlər, səs-səsə verib bayquş kimi o cavan və təklənmiş jurnalistin üstünə yüyürənlərin qarşısını kəssinlər!

Rüstəmkimilər az deyil, Azərbaycanda və xarici dövlətlərdə ən gözəl evlərdə yaşayan, bu torpağın sərvətindən bəhrələnib onun mənafeyini nələrəsə dəyişən o qədər adı bizdən, əqidəsi yaddan olanlar var ki! Bu gün Rüstəmlər gürcü şovinistləri ilə birləşib ermənilərə yaltaqlana, kimlərinsə qabağında quyruq bulaya bilərlər! Bu onların-- səni --Vətənini, ana-bacısını satırmış kimi satanların şakəridir! Əkrəm Əylisli də satdı, hələ yenə kimlərsə satacaq, xaricdə oturub sənə daş atacaq! Çünki onlar səndən deyillər! Çünki onların İmanı yoxdur! Vətəni sevmək imandandır, – deyirlər axı!

Bu Vətən yeganə oğul övladını torpağa qurban verən o əli qabarlı Atanındır! Bu Vətən şəhid oğlunun qanlı çəkməsini sinəsinə sıxan Ananındır! Bu torpaq 20 Yanvar qırğınından, Xocalı soyqırımından keçənlərin, Qarabağın qan yaddaşında adı qalan Şəhid oğulların, qazilərin Vətənidir!

Sənin ancaq siqara, badə və bahalı qələm tutan əllərin heç vaxt 18-20 yaşında şəhid olan bir cavanın gözünü sığamayıb. Çünki, sən Qarabağa ermənilərin gözü ilə, erməni kimi baxırsan!

Amma, heç darıxma! Günlərin bir günü MÜBARİZ İBRAHİMOV kimi bir oğul səni sürüyüb bu Vətənin ayağına –haqqın, ədalətin divanına gətirəcək! Bax, onda, bir vaxtlar səni alqışlayan əllər başına gül səpməyəcək, on minlərlə insanın nifrəti, hirsi qarşısında sən çox aciz, cılız və miskin görünəcəksən! Bax, onda, o oğullar sındırılmış qələminlə sənin o qaralmış alnına bircə kəlmə yazacaq: SATQIN!

Satqının, nankorun, ermənilərlə və onların havadarları ilə işbirliyinə girən xaininsə Vətəni, milləti, siması olmur!

Təqdim etdi:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında